Vətən müharibəsindən əvvəl məcburi köçkünlərə verilməsi üçün tikilən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydaları təsdiqlənib.
Arasdırma.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həmin mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satılacaq.
Əldə olunan vəsait bu kateqoriyadan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması tədbirlərinə yönləndiriləcək.
Qaydalara əsasən, satışına yol verilən mənzillərin sayını Nazirlik müəyyən edəcək və bu barədə özünün rəsmi internet saytında məlumat verəcək. Satışa çıxarılan mənzillər üzərində dövlətin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınacaq. Mənzillərin bazar dəyərini Nazirliyin cəlb etdiyi müstəqil qiymətləndirici müəyyən edəcək. 1 il müddətində satılmayan mənzillər yenidən qiymətləndiriləcək.
Mənzillərin satışı Nazirliyin rəsmi internet saytı vasitəsilə onlayn qaydada, yaxud hərrac vasitəsilə həyata keçiriləcək. Onlayn satış zamanı Nazirliyin rəsmi internet saytında mənzilləri əldə etmək niyyətində olan şəxlərə mənzil seçiminin həyata keçirilməsinə şərait yaradılacaq.
Qaydalara görə, mənzillərin satışa çıxarılacağı ilə bağlı elan satışın başlanması tarixinə azı 15 gün qalmış verilməlidir. Satış elanında satışın başlanması tarixi, saatı və satışın həyata keçirildiyi müddət haqqında məlumat veriləcək.
Mənzillərin satışı onlayn qaydada həyata keçirildikdə, satış başlandığı andan mənzili ilk seçmiş şəxs seçdiyi mənzili almaq hüququ qazanır və həmin mənzili digər şəxslərin seçmək imkanı məhdudlaşdırılır. Mənzili seçən şəxs 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamalıdır. Mənzil seçimində iştirak edən hər bir şəxsin bir neçə mənzil seçmək hüququ var.
Mənzili seçən şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə notariat qaydasında alqı-satqı müqaviləsi bağlanılmalıdır.
Əgər mənzili seçən şəxs 10 gün ərzində müqavilə bağlamağa gəlmədikdə və ya mənzilin dəyərini tam ödəmədikdə, yaxud mənzili almaqdan imtina etdikdə, həmin şəxsin həyata keçirdiyi mənzil seçimi ləğv edilir. Həmin mənzil növbəti satış elanına daxil edilməklə yenidən satışa çıxarılır.
Mənzillərin satışından əldə olunan vəsait isə şəhid ailələri və müharibə əlilləri üçün mənzillərin alınması, fərdi evlərin tikintisi, o cümlədən layihə-smeta sənədlərinin hazırlanması və ekspertizasının aparılması, xarici kommunikasiyalara qoşulması, satışa çıxarılan mənzillərin qiymətləndirilməsi, satışın rəsmiləşdirilməsi ilə bağlı xərclərin ödənilməsində istifadə ediləcək.//publika
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70