Vahid Əhmədovdan sənədsiz ev sahiblərinə YENİ XƏBƏR: Bu evlərə sənəd verilməyəcək, söküləcək

Oxunma sayı: 235
21-09-2022, 02:42

Vahid Əhmədovdan sənədsiz ev sahiblərinə YENİ XƏBƏR: Bu evlərə sənəd verilməyəcək, söküləcək
Bakıda vətəndaşların neçə illərdir əziyyət çəkdiyi məsələlərdən biri qanunsuz tikilən evlərin sənədləşməsi ilə bağlıdır. Prezident İlham Əliyev dəfələrlə bu barədə göstərişlər versə, fərman imzalasa da, bu məsələ hələ də həll edilməmiş olaraq qalır. Bəzi vətəndaşlar deyir ki, sənədlərini toplayıb müraciət etsələr də, hər dəfə bir bəhanə ilə qüsur aşkarlanır və məsələ həllini tapmır.

İllərdir davam edən bu problem nə zaman öz həllini tapacaq?

MArasdırma.info xəbər verir ki,mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyir ki, bəzi evlər var ki, onlara sənəd verilməyəcək:

“Sənədsiz evlərlə əlaqədar məsələ dəfələrlə qaldırılıb, Milli Məclisdə biz toxunmuşuq, mətbuatda mütəmadi işlənilir. Bununla əlaqədar dövlət başçısının sərəncamı, göstərişi olub. Amma mən maraqlanmışam, bu sahədə kifayət qədər işlər görülüb. Belə məlumatlar var ki, o insanların ki, evləri hansısa elektrik naqillərinin altındadır, qaz və ya neft boru kəmərinin üzərində, yaxınlığındadır, onlara yəqin ki, sənəd verilməyəcək, onlar söküləcək. Amma qalanlarının sənədləri veriləcək. Hal-hazırda bu barədə bizdə müəyyən məlumatlar var. Mənə elə gəlir ki, bu ilin axırına bu məsələ öz həllini tapacaq. Çünki bu məsələyə məsul olan dövlət orqanları bu iş üzərində dövlət başçısının göstərişinə uyğun olaraq işləyirlər. Yəni faktiki olaraq məsələlər öz həllini tapacaq. Amma müəyyən qədər vaxt lazımdır. Çünki sənədləşmə prosesində araşdırırlar ki, hansılara veriləcək, hansılara verilməyəcək”.

Millət vəkilinin sözlərinə görə, hazırda sənədsiz evlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətində xüsusi komissiya işləyir.

“İndi Dövlət Əmlak Məsələləri Xidmətində də bu işlə məşğuldurlar. Yəni sənədlər nədi, nə deyil, onlar hamısını qanuna uyğun olaraq tələb edirlər. Amma sənədləşdirmədən imtina da ola bilər. Bunlar o evlərdir ki, boruların, qaz kəmərlərinin üstündə, elektrik naqillərinin altında, dəmir yolunun yaxınlığında ola bilər və s. Belə evlər də kifayət qədərdir”, - deyə Vahid Əhmədov bildirdi.

Mövzu ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən də məlumat almaq istəsək də, qurumun mətbuat katibi zənglərimizə cavab vermədi.

Paylaş
Xəbər lentİ