Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar müavinət formasında alacaq. Bu, Milli Məclisin dekabrın 8-də keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
Arasdırma.info xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli qanunda edilmiş dəyişikliyin nə olduğunu izah edib:
“Əvvəllər iki tip işçilərə işsizliklə bağlı sığorta verilirdi: biri ixtisara düşən və ya iş yeri bağlanan, ikincisi isə müddətli əmək müqaviləsi bitən.
İş yeri bağlanan işçilərə müraciətdən sonra 6 ay işsizlik sığortası verilirdi, bunun da şərtləri var idi. 6 ay ərzində onun orta aylıq əməkhaqqının 50 faizi işsizlik sığortası kimi ona verilirdi. 6 aydan sonra işsiz olarsa, yenə müraciət edirdi və bu zaman həmin şəxsə 3 ay müddətində minimum aylıq əməkhaqqı, yəni 345 manat sığorta ödənirdi.
Sığorta ala biləcək maksimal müddət 6 ay + 3 aydır. Sığorta alan şəxslər sığorta kimi maaşlarının yarısını alırdısa, uşaq sayına görə də əlavə faiz alırdılar, bir uşağa görə 5 faiz, 4 uşaq varsa, 20 faiz. Yəni əgər şəxsin işsizlik sığortası 500 manat idisə, onun 4 uşağı vardısa, əlavə 500 manat da ödənilirdi”.
Ekspert qeyd edib ki, dəyişikliyə əsasən, artıq əmək müqaviləsinin müddəti bitən şəxslər də qeydiyyata alındıqdan sonra uşaqlarının sayına görə əlavə faiz alacaqlar:
“İndi isə uşağa görə ödənən faizlər təkcə iş yeri ixtisara düşən və bağlananlara deyil, həm də əmək müqaviləsinin müddəti bitən şəxslərə də şamil olunacaq. Yəni müqavilə müddətin bitibsə, işsiz kimi qeydə alınmısansa, cəmi 3 ay ərzində minimum əməkhaqqına bərabər (345 manat) işsizlik sığortası ala biləcəksən.
Dəyişən odur ki, indi 345 manatdan əlavə, uşaqların sayına görə əlavə pul alanların siyahısına müqavilə müddəti bitən işçilər də daxil edilib. Bir uşağın varsa, 345 manatdan əlavə 5 faiz, 4 və daha çox uşağın varsa, 20 faiz pul hesablanacaq.
Dəyişən təkcə budur, digər müddəalar əvvəlki qaydada qalıb”.
Qeyd edək ki, bu müavinəti almaq üçün sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzlərində qeydiyyata alınmalıdır. 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı müraciət edən vətəndaşa münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, sığorta ödənişi təyinatı üzrə qərar qəbul edir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir.//konkret.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70