“Avam insanlardır ki, o cür “seyidlərə” nəzir verir”

Oxunma sayı: 625
10-06-2019, 22:38

“Avam insanlardır ki, o cür “seyidlərə” nəzir verir”
İki il əvvəl vətəndaşa “Seyid Ağa” vəsiqəsi verməsi ilə gündəmə gələn Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazisi Hacı Mirqiyas Təhməzov Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülərə münasibət bildirib.
Arasdırma.info xəbər verir ki, Hacı Mirqiyas Təhməzov Unikal.org-a açıqlamasında diqqətə çatdırıb ki, Allahdan başqa nəyəsə sitayiş etmək xurafatdır:

“Qaloş rezindən, papaq parçadan, çəllik taxtadan, təsbeh şüşədəndirsə, bundan nə şərafət çıxacaq? İstər onun papağı, istər çəliyi olsun! Bunların heç birində insanın həyatına dönüş yaradan qüvvə yoxdur.

Elə seyidlər var ki, onlar Allahın seçilmiş peyğəmbərin bəndələridir. Hazırda da belə seyidlər Azərbaycanda yoxdur. Peyğəmbərin oğlu, İmamın oğlunda belə şəfahət olmayıb. Onlarda kəramət olub, möcüzə yox. Möcüzə bir olan Allahdadır.

Nəzir-niyaz yığmaqdan ötrü bəzi insanlar özlərini seyid adlandırırlar. Avam insanlardır ki, o cür “seyidlərə” nəzir verir. Həzərəti Əlinin bir kəlamı var. "Bir fiziki qüvvəsi olub, halal yolla çörək qazanmayan insana lənət olsun"".

Hacı Mirqiyas Təhməzov seyidin mənasını da açıqlayıb: “Bircə Azərbaycanda bəzi insanlar özlərini seyid adlandırır. İranda da, Türkiyədə, Suriyada və digər müsəlman ölkələrində də “mirilər” var. Amma, onların heç birinə seyid deyilmir. Məhəmməd Peyğəmbərin hər yerində seçilmişləri (seyidləri) var".

Qeyd edək ki, sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların şəfa tapmaq üçün gəldiyi Seyid Miribiş ağanın evində onların başlarına Seyidə məxsus papağın sürtdürülməsidir. Papağı isə seyidin nəvələri Xəlil və İsmayıl Məmmədov qardaşları insanların başına sürtür.(Yenisabah.az)

Paylaş
Xəbər lentİ