Qrantyeyənlər ordusu

Oxunma sayı: 531
26-06-2019, 01:24

Qrantyeyənlər ordusu
Arzuladığın kimi yaşamağın maddi olaraq sıxıntılı olduğu bir vaxtda sıravi Azərbaycan gəncinin beynində soruşmaq istədiyi bir sual var: "Bu qədər müxalifətçi işləmədən necə yaşayır?"..

Ziya Mehti yazır...
Qrantyeyənlər ordusu

Çölə çıxanda adamın başı gicəllənir. Cibindəki qədər hərəkət edə biləcəyini sən istəsən də, istəməsən də sənə "öyrədirlər". Uşaqlıqdan kosmonavt, həkim, polis və s. olmaq istəyənlər də cibinə baxıb arzularını idarə etməyi öyrənir. Həmçinin, elə gəncliyinin qan-damar vaxtında müxalif olmaq arzusuna düşənlər də. Bəli, problem təkcə "repressiyalar" deyil, ən çox da maddi tıxacdır.

Nəinki müxalif olmaq, hətta düşünməyin, yəni özünü öz düşüncələrinə həsr etməyin, arzuladığın kimi yaşamağın maddi olaraq sıxıntılı olduğu bir vaxtda sıravi Azərbaycan gəncinin beynində soruşmaq istədiyi bir sual var: "Bu qədər müxalifətçi işləmədən necə yaşayır?".

Adi bir məhbusla xalq yolunda mübarizə apardığı deyən birinin həbsxanadan azadlığa çıxandan sonra həyatına nəzər salanda nə görürük? Avropada sərgərdan həyat, işsiz olan sıravi bir vətəndaşda olmayan rahatlıq...

Təbii ki, bu sözləri ucdan-tutma hər bir müxalifin ünvanına deməyə mənim vicdanım əl verməz. Ancaq deputat olmaq arzusunda olanların koridor gəzintiləri kimi Avropa karyerasının qapısını həbsxanada görənlər arasında heç bir fərq görmürəm. Onların özləri də xalqın onlar haqqında dediklərinə cavab vermə gücünü buna görə tapa bilmirlər. Yoxsa biri də çıxıb deyərdi ki, qrant yeyirəm, ya dost-tanış hesabına yaşayıram, ya hansısa məmurdan, işadamından maliyyələşirəm.

Sizə əl çalanları, üzərindən prim etdiyiniz, əlinizdə "kozır" tutduğunuz etimadçılarınızı "qara camaat", "qorxaq, əzik bir xalq" saymağınız da yəqin elə bundandır. Nəşriyyatlarınız da, sizi tirajlayan medianız da, ofisləriniz və təşkilatlarınız da hamısı sizin inhisarınızın bir parçasıdır.

Hamı bilir ki, siz hər şeylə barışmısınız, sadəcə həbsləriniz də, aktivliyiniz də statistika naminədir. Özünüzdən biri kimi gördüyünüz kimlərinsə, radikal müxalif olduğunu, sizin o "dəyərli bəylərinizi" tənqid etdiyini görəndə də cırnayırsınız. Çünki siz heç vaxt əzilənlərin, zəiflərin tərəfindən olmamısınız. Sizin qərarlarınız tarlalar, küçələr, evlər üzərində yox, kabinetlər və mənfəətlər üzərində qurulub. Tək dərdiniz hakim klanların yerinə öz klanlarınızı gətirməkdir.

Bəli, buna baxmayaraq bu gün göz önündəsiniz, tirajlanırsız, ağzınızdan axan söyüş köpüyünü də müxalif fikir adı ilə xalqa sırıyırsınız, amma bunun həmişə belə olacağını düşünməyin. Sizin o şoumenliyiniz ancaq qəhrəmanı olduğunuz 4-5 minlik "ictimai sektorunuzun" yaddaşında qalacaq.

İqtidarın inhisarda olduğunu deyirsiniz, amma müxalifətin də inhisarda olduğunu xalqın görmədiyini mi düşünürsünüz?

Xalqın təmsilçisi olmaq çörək yeri deyil, şan-şöhrətdə deyil.

Xalqın təmsilçisi olmaq üçün xalqa problem yaratmaq da lazım deyil. (SSRİ dağılandan sonra MDB-də artan etnik milliyətçilik o dönəmədən sosializm ideyaları ilə xalqın təmsilçisi rolunu oynayanların öz statuslarını itirməmək üçün xalqa yaratdıqları problem idi).

Etdiyiniz bayağılıq və danışdığınız nağıllar artıq keçmir, gedin özünüzə təzə fikirlər, ideologiyalar tapın. Ən önəmlisi vətəndaş olmağa çalışın. Bəlkə, onda vətəndaşın mövqeyinin nə olduğunu anlaya bildiniz.

Ziya MEHTİ
pia.az

Paylaş
Xəbər lentİ