Karantin rejimi ilə bərabər dayandırılmış iş sahələri müğənnilərin də maddi durumuna təsir edib.
Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan sənətçilər tez-tez bundan gileylənir, karantinin tezliklə bitməsini arzulayırlar.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Brilliant Dadaşova sıxıntıları olsa da maddi durumundan şikayətlənməyi sevmədiyini deyib:
“Mən şikayət etməyi sevmirəm, amma sözsüz ki, nəsil böyükdür, bizim də müəyyən çətinliklərimiz olur. Onsuz da hazırda hamı işsizdir, bizim də bəxtimiz elə gətirib ki, bacılarım da musiqiçidir və onlar da işsizdirlər. Hər insanın öz daşıya biləcəyi, həll etməli olduğu problemləri var. İnsanlar gərək başqaları ilə ancaq sevincini bölüşsün. Problemləri bölüşüb gileylənməyi düzgün hesab etmirəm. Əlbəttə ki, hazırda hamıya çətindir, biz istisna ola bilmərik. Bir ildir işləmirik. Amma bu mövzuları çox qabartmaq istəmirən, çünki bunlar el arasında danışılacaq şeylər deyil. Mən şikayət edib, gileylənməyə qalxsam, deyəcəklər ki, hamının problemi var. Allah özü kömək olur, yaşayırıq və yaxşı günləri gözləyirik. Nə qədər çətin olsa da biz ümidliyik”.
Xanım sənətçi maddi çətinliyi olsa da vətənpərvər mahnılar yazdırmağa davam etdiyini bildirib:
“Bütün dövlərdə musiqiçilər, şairlər hər zaman öz vətənini, sərkərdəsini, əsgərini vəsf edib. Şükürlər olsun ki, biz artıq qalib xalqıq. Kimlərsə bunu qəbul edir ya yox, amma fakt olduğu kimi qalır. Kim etiraf etmək istəmirsə bu onun öz problemidir. Əsas odur ki, bayrağımız Şuşada, Kəlbəcərdə, Qubadlıda dalğalanır. Kim bunu kiçik qələbə hesab edirsə yanılır, bu böyük qələbədir. Biz neçə illər bunun arzusunda olmuşuq. Bizlər də sənətçi olaraq istəyirik ki, əsgərlərimizə nəğmələr həsr edək. İndiki dövrdə maddi baxımdan bu çətin olsa da, çalışırıq nələrsə edək. Mən hal-hazırda studiyaya gedirəm. Mahnıları aranjeman etmək, bunun üçün də maddi vəsait lazımdır, çətindir. Lakin dövr elə dövrdür ki, biz qalibik və bunu musiqi ilə də qeyd etmək vacibdir. Çünki musiqilər hər zaman qalır, 20-30 il sonra bu musiqilər səslənəcək, dinləyənlər deyəcək ki, 2020-2021-ci illərdə bu mahnılar yazılmışdı, biz qələbə çalmışdıq. Bu baxımdan pulsuzluq, maddi çətinliklər bir qədər məni əldən salıb, çətindir, amma buna baxmayaraq biz mahnılarımızı yazdırmağa davam edirik. Çünki onlar bilməlidir ki, biz onları heç vaxt unutmuruq, musiqilərimizdə yaşadırıq. Bu mahnılar vətənimizə yadigar qalmalıdır. Maddi çətinliklərimiz olsa da, bəstəkarlarımız sağ olsun, hər zaman bizə dəstək olurlar. Məsələn, Faiq Sücədddinov Ali Baş Komandanımıza musiqi həsr etdi, Xanım İsmayılqızı sözlərini yazdı, sonuna dörd bənd də özüm əlavə etdim, sözləri mənə aiddir. F.Sücəddinov musiqini mənə təmənnasız verdi, təkcə aranjemanın xərcini çəkdim”.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70