Bağça və ümumtəhsil məktəblərinə inzibati və pedaqoji heyətin – direktorların və müəllimlərin qəbulu və yerdəyişməsi, o cümlədən müəllimlərin sertifikasiyasını Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi həyata keçirəcək.
Arasdırma.info xəbər verir ki, bu barədə "Azərtac"a müsahibəsində agentliyin direktoru Eşqi Bağırov məlumat verib.
O bildirib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müvafiq sahələrdə Elm və Təhsil Nazirliyinin əsas icra strukturu kimi fəaliyyət göstərəcək:
“Nazirliyin bir sıra icra funksiyaları əks-mərkəzləşdirmə prinsipinə uyğun olaraq, bəlli qaydada, agentliyə ötürüləcək. Məsələn, məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələri, uşaq gənclər inkişaf mərkəzləri, internat tipli müəssisələrin əlaqələndirilməsi, idarə olunması və təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarəti agentlik olaraq biz həyata keçirəcəyik. Vətəndaş müraciətlərinin araşdırılması və baxılması da agentliyin işidir. Həmçinin uşaqların və şagirdlərin təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarəti bizim vəzifəmizdir. Bağça və ümumtəhsil məktəblərinə inzibati və pedaqoji heyətin – direktorların və müəllimlərin qəbulu və yerdəyişməsi, o cümlədən müəllimlərin sertifikasiyası da bundan sonra agentliyin fəaliyyət dairəsinə daxildir”.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 iyul 2022-ci ildə imzaladığı Fərmanla yaradılıb.//manşet
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70