110 min tələbə ilə bağlı TƏHLÜKƏ – “Faizlə verilsə, problemli kreditorlar yaranacaq”

Oxunma sayı: 295
20-06-2021, 09:47

110 min tələbə ilə bağlı TƏHLÜKƏ – “Faizlə verilsə, problemli kreditorlar yaranacaq”
Xəbər verildiyi kimi Prezidentin Fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılacaq. Kredit Fondunun yaradılmasının tələbələrin təhsilə əlçatanlığının və təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrin ehtiyaclarının təmin ediləcəyi bildirilir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Kamran Əsədov 2013-cü ildə "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda Təhsilin İnkişaf Fondunun yaradılmasının nəzərdə tutulduğunu xatırladıb.



O, son 7 il ərzində 5 mindən artıq tələbənin təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edildiyini deyib:

“Qanunla isə insanların təhsil alması üçün şərait yaradılmalıdır. Tələbə kreditləri üçün 80 milyon manat ayrılıb və vəsait 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək. Hesab edirəm ki, kreditlər faizsiz verilməlidir, çünki sonra tələbələr problemli kredit alana çevrilməsinlər. Həm də kredit verilən uşaqlar sonra işlə təmin edilməlidir ki, təhsili başa vurandan sonra onu ödəyə bilsinlər”.

Hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbənin təhsil aldığını vurğulayan ekspert onların 60 faizinin öz vəsaiti hesabına, 40 faizinin isə dövlət büdcəsi hesabına təhsil aldığını söyləyib:

“Bu, o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 110 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər.


Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər isə çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar.”

Ekspertin sözlərinə görə əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün kreditlərin qaytarılmasında çətinlik yaranmır:


“Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır.


Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa, təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə olur – 1-2 faiz... Ümumiyyətlə isə tələbə kreditləri konstitutsiyanın tələblərinə ziddir. Konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ olduğu üçün bunu dövlət təmin edir”.

Kamran Əsədov sözügedən məsələdə qardaş Türkiyəni də nümunə gətirib. O, qeyd edib ki, Türkiyədəki kredit sistemində tələbələrə çox ciddi güzəştlər edilir:


“Bu gün Azərbaycanda ali təhsil müəssisələrini bitirənlərin 42 faizi işlə təmin olunur. Məncə, bunun üzərində işləmək lazımdır.


Çünki kredit götürüb təhsil haqqı ödəyən şəxlər potensial problemli kreditora çevrilir. Yəni, Azərbaycanda hal hazırda tələbələrə güzəştli kreditlərin veriləsi mövcud deyil. Olan “Maarifçi” Tələbə Kredit Fondudur ki, o da özəldir və büdcəsi yoxdur. Bu baxımdan Azərbaycanda bu sistemin üzərində işləmək lazımdır və tələbələrin təhsilə əlçatanlığının təminedilməsi üçün kredit faizi tutulmamalıdır. Yaxud da çox ciddi güzəştlərlə tətbiq edilməlidir”.

Paylaş
Xəbər lentİ