İynə atsan, virusa yoluxar – UNİVERSİTETLƏRDƏ SIXLIĞIN SƏBƏBİ NƏDİR? - VİDEO

Oxunma sayı: 317
30-09-2021, 08:50

İynə atsan, virusa yoluxar – UNİVERSİTETLƏRDƏ SIXLIĞIN SƏBƏBİ NƏDİR? - VİDEO
“Məncə nəzarət gücləndirilməlidir. Çünki yoluxma sayı artsa, artıq distant təhsilə başlayacağıq. Bu, tələbələrin xoşuna gəlmir, istəmirlər belə olmasını. İçəridə qaydalara əməl edən yoxdur. Ciddi nəzarət tədbirləri görülməlidir”.

“Bir-iki dənə məntəqə olduğuna görə, növbələr yaranır, sıxlıq olur. Bu da problem yaradır. Məntəqələrin artırılması əlbəttə yaxşı olardı. Çünki gecikənlər olacaq, sıxlıq olacaq, müəyyən problemlər olacaq”.

“Bu tıxacın böyük problem olacağını düşünürəm. Şəxsən bu tıxacın biz tələbələr üçün heç bir müsbət tərəfi yoxdur. Biz səhər-səhər gəldik, gördük, orada nə qədər böyük tıxac var. Maskadan da düzgün şəkildə istifadə olunmurdu. Bu da bizim təhsilimizin yarımçıq qalmasına gətirib çıxaracaq. Distant təhsili heç birimiz istəmirik”.

“Burada yoxlama iki məntəqədədir. Gördüyünüz kimi, orada nə cür bir sıxlıq var. Ondansa, məsələn, QR kodu qoysunlar on dənə yerdə. Hər kəs də oradan rahat keçə bilər də. Daha burda adam qoymalarına ehtiyac qalmaz”.

Yarım-yamalaq taxılan maskalar, gözlənilməyən sosial məsafə, sıxlıq içində itib-batan yoxlama məntəqələri məntiqli olaraq bəzi kritik və ritorik suallara səbəb olur; Məgər on minlərlə tələbənin yaratdığı canlı kütlə yoluxma statistikasına təsir göstərməyəcəkmi? Bəs universitetlər nə üçün cari problemlə bağlı xüsusi avadanlıqların quraşdırılmasına ehtiyac duymayıb?

Təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, nəzərə alsaq ki, bu il kollec və universitetlərə qəbul olunan şəxslərin ümumi sayı 250 mindən çoxdur və həmin şəxslərin də maksimum 50 min nəfəri 18 yaşdan aşağıdır, deməli, yoxlama məntəqələrində yalnız ciddi nəzarətin olması qənaətbəxş görünmür. Ekspert bu mövzuda 3 vacib üsulun tətbiq edilməsinin zəruri olduğunu deyir:

“Yaxşı olardı ki, ali və orta ixtisas təhsil müəssisələrinə giriş bir neçə qapıdan tənzimlənsin. Bir qapıdan həyata keçirilməsin. Bununla bağlı öncədən ali və orta ixtisas təhsil müəssisələrinin sosial şəbəkə hesablarında tələbələrə məlumat verilsin ki, müvafiq olaraq fakultə və ixtisaslar üzrə hər kəs fərqli girişlərdən daxil olacaqlar, bu birinci məsələ”.

Ekspertin ikinci həll yolu tələbələrin dərs saatlarının eynivaxtlı olmaq yerinə, növbəli qrafikə salınmasıdır. Onun fikrincə, kurslar üzrə dərslərin keçirilməsi bir-iki saat fərqlə müəyyənləşdirilsə, sıxlığın qarşısını almaq olar. Üçüncü təklifə gəlincə isə...

3-cü və ən vacibi odur ki, uzaqdan üztanıma sistemi tətbiq edilməlidir. TƏBİB tərəfindən kimin COVID-19 pasportunun olub olmamasına dair məlumat bazası yaradılıb. Həmin məlumat bazasına əsasən, Ali Təhsil müəssisələrinin qarşısına sadəcə kamera yerləşdirməklə tələbələrin yoxlanışını həyata keçirmək olar”.

Bütün bu təkliflər fonunda infeksionistlərin də yanaşması tənqidləri dəstəkləyir. Açıqlama aldığımız müxtəlif infeksionistlərin fikrincə, yoxlama məntəqələrindəki şəxslərin sayını artırmaq lazımdır. Çünki havaların soyuq keçməsi immun sisteminin zəifləməsinə səbəb olur ki, bu da yoluxma sayının artmasına öz təsirini mütləq göstərəcək.

Sözügedən problemlə bağlı digər universitetləri də müşahidə etdik. Azərbaycan Dövlət Texniki Universiteti və digər ali təhsil müəssisələrində rastlaşdığımız vəziyyətə nəzərən isə demək olar ki, sıxlığın ən yüksək həddi Bakı Dövlət Universitetinin önünə təsadüf edir. Süjeti hazırladığımız əsnada məlumat yayıldı ki, təhsil ocağı elektron formata keçməyi düşünür. Universitet rəsmilərinin verdiyi məlumata görə, keçidlə bağlı işlər artıq başlayıb və tezliklə tətbiq ediləcək.

Hər halda bu sevindirici xəbəri eşitdiyimizə məmnun olduq. Lakin ümid edirik, bu tətbiq həyata keçənə qədər yoluxma statistikası təhsilin yenidən distant şəklə geri qayıtması ilə nəticələnməyəcək.

Paylaş
Xəbər lentİ