Azərbaycandayanacağın qiyməti qalxdı.

Oxunma sayı: 356
4-01-2021, 22:43

Azərbaycandayanacağın qiyməti qalxdı.
Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib



Yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Arasdırma.info xəbər verir ki, iclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.



Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib.


Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.



SOCAR-ın müraciətində Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb. Qeyd edilməlidir ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.



İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.



Məlumat üçün bildirək ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada orta hesabla 1,0 manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir. Dizel yanacağının qiyməti isə 1 litr üçün Türkiyədə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat, Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat/litr, Gürcüstanda 1,15 manat səviyyəsindədir.

Paylaş
Xəbər lentİ