İqlim fəlakəti və parçalanmış Bəşəriyyət..

Oxunma sayı: 372
2-01-2022, 19:41

İqlim fəlakəti və parçalanmış Bəşəriyyət..
Qlobal İqlim dəyişmələri bu gün yenə aktuallaşmağa başlayıb. Alimlər Yerdə insan cəmiyyətinin mövcudluğu üçün ən böyük təhlükəni Qlobal İstiləşmədə görürlər. Deyilənə görə, son 2000 ilin ən böyük iqlim fəlakətini yaşayırıq: istixana effekti yaradan qazlarin atmosferdə miqdarı artmaqda, planetimiz isə istiləşməkdə davam edir. Ciddi tədbirlər görməsək vəziyyət daha da pisləşəcək.

Vəziyyət isə ürək açan deyil. Antarktida və Qrenlandiyadakı buzlar sürətlə əriyir. Bu ərazilərin bəzi yerlərində buz örtüyünün qalınlığı bir kilometrdən çoxdur və şirin suyun 70%-i burada donmuş halda toplanıb. “Fəlakət variantında”, buzlaqların tamamilə əriməsi okeanların səviyyəsini 70 metr qaldıracaq. Bu, əsl qlobal fəlakət olacaq. Dünya əhalisinin təxminən yarısı dənizdən 60 kilometr məsafədə yaşayır və okeana bitişik bütün alçaq ərazilər su altında qalacaq. Dünyanın ən böyük şəhərlərinin dörddə üçü - Nyu York, Sidney, Los Anceles, Honq Konq, Şanxay, London, Kəlküttə, Banqkok, Tokio, Mayami və s. bu fəlakət zonasında yerləşib.

“Biz artıq gecikmişik” – bu sözləri İlon Mask bir neçə il əvvəl dilə gətirdi. Belə ki, dünya dövlətləri Paris sazişinə əməl edib, temperatur artımını 2 dərəcədə dayandırsalar belə, okeanlarda və havada artıq toplanmış istiliyin törədəcəyi fəsadların qarşısını almaq mümkün olmayacaq. Nəticədə 2100-cü ilə qədər dünya okeanının səviyyəsi 60 sm qalxacaq. Müşahidələr göstərir ki, Paris razılaşmasına uyğun olaraq görüləcək tədbirlər ləng həyata keçirilir. Bu o deməkdir ki, 2100-cü ilə qədər okean səviyyəsinin 1,8 m qalxması ehtimalı daha böyükdür.

İqlim dəyişikliyi bəşəriyyətin ilk həqiqi qlobal problemlərindən biridir. Bəşəriyyət dəfələrlə pandemiyalar və dünya müharibələri ilə üzləşib, lakin onlar həm qısa müddətli olub, həm də bütün ölkələri eyni dərəcədə yaxalamayıb. Qlobal istiləşmə elə bir qlobal bəladır ki, ondan yayınmaq mümkün deyil. Və belə görünür ki, neçə nəsil uzun illər onun təsirini hiss etməli olacaq.
İqlim fəlakəti və parçalanmış Bəşəriyyət..
Fəlakət, dövlətlərdən dərhal birləşib, kollektiv hərəkətə keçməyi tələb edir. Lakin “suverenlik bütünə” inanc və “bizimki bizdə, sizinki sizdə” düşüncəsi buna mane olur. Beynəlxalq Bəhai İcmasının 2017-ci ildə verdiyi bəyanatda deyilir:

Bəşəriyyətin hər hansı bir hissəsinin rifahı ümuminin rifahı ilə ayrılmaz şəkildə bağlıdır. Bir qrup öz rifahı haqqında düşünəndə və ya təbii mühitə təsiri nəzərə almayıb, iqtisadi qazanc əldə etməyə çalışanda bəşəriyyətin kollektiv həyatı əziyyət çəkir.

Təsəvvür edin ki, ölkədə dəhşətli xəstəlik baş verib və hökumət həll yolu təklif edir: hər bir rayon xəstəliklə özü bildiyi şəkildə mübarizə aparsın. Süveren dövlətlərin iqlim dəyişikliyi ilə mübarizəsi də buna bənzəyir. Onlar qlobal problemi milli imkanlar daxilində həll etməyə çalışırlar. Bəzi ölkələrdə ciddi ekoloji qanunlar tətbiq olunur. Lakin bu, dünya ölkələrinin heç 20%-i də deyil. Bəzi beynəlxalq müqavilələr əksər ölkələr tərəfindən

imzalansa da, bəziləri iqtisadi çətinlikləri bəhanə gətirərək geri çəkilib və əksəriyyəti razılaşdırılmış məqsədlərə çatmayıb, heç ciddi cəhd də göstərməyib.

İqlim dəyişikliyi probleminin əsas dünya iştirakçıları və eyni zamanda atmosferi daha çox çirkləndirən ölkələr - Çin, ABŞ, Hindistan, Rusiya Federasiyası, Yaponiya və Avropa Birliyi bu problemə tamamilə fərqli yanaşmalar tətbiq edirlər. İndiyə qədər iqlim dəyişikliyinin əsas qurbanları olan ada dövlətləri və dünyanın ən yoxsul və zəif ölkələri həll yollarını təklif etməkdə və ya həyata keçirməkdə acizdirlər.

Dinindən, irqindən, etnik mənsubiyyətindən və siyasi yönümündən asılı olmayaraq planetimizin hər bir sakini bilməlidir ki, qlobal problem, qlobal həll yolu tələb edir. Yer üzündə hər kəs eyni hava ilə nəfəs alır və Yerin atmosferi heç bir milli sərhəd tanımır. Heç bir yerli, regional və ya milli layihələr qlobal iqlim dəyişikliyini köklü həll edə bilməz. Onu qlobal səviyyədə həll etməliyik.

Aşkar görünür ki, ayrı-ayrı dövlətlərin idarəetmə strukturları nəhəng qlobal problemlər qarşısında acizdirlər. Mövcud şərait dövlətlərdən və millətlərdən “suverenlik bütünü” qırıb, Qlobal İdarəetmə Strukturunun yaradılması haqqında düşünməyi təhrik edir. Bu gün bizə Qlobal İdarəetməni əlində cəmləşdirən və planetimizin bütün insanları adından danışan, bütün millətlərin mənafeyini qoruyan qlobal idarəetmə sistemi- Dövlətlər Federasiyası və onun Ali Qanunverici orqanı Dünya Parlamenti lazımdır. Başqa sözlə, bəşəriyyətin bütün planetə cavabdeh olan nümayəndəli orqana çox ehtiyacı var. Bu gün heç bir dövlətin və ya dövlətlər qrupunun belə bir səriştəsi yoxdur ki, bütövlükdə Bəşəriyyətin əmin-amanlığını və rifahını təmin edə bilsin və ya qlobal istiləşmənin qarşısını alıb, planetimizi əvvəlki vəziyyətə qaytarsın.

Bəhai dini təlimi qlobal problemlərin həlli yolunu Dünya Hökumətinin yaradılmasında, Dünya Vətəndaşlığının təsis edilməsində, Beynəlxalq müqavilələr, protokol və bəyanatlar sistemini ləğv edib Beynəlxalq Qanunvericilik Aktının –Dünya Konstitutsiyasının və Dünya Qanunlar Məcəlləsinin qəbul edilməsində görür. Qlobal problemlərimizi yalnız Qlobal birliyin strukturları həll edə bilər. Bundan ötrü isə planet sakinləri Bəşəriyyətin Birliyi prinsipini qəbul etməlidirlər. Bəşəriyyətin Birliyi prinsipinin mahiyyəti və onun bizim Sivilizasiyaya gətirəcəyi müsbət dəyişikliklər Şövqi Əfəndinin 11 mart 1936-cı il tarixli məktubundakı aşağıdakı parçada işıqlandırılmışdır:

“...Bəşəriyyətin birliyi prinsipi bütün xalqların, bütün muxtar dövlətlərin mənafelərinin bütünlüklə qorunduğu Dünya Dövlətinin bərqərar olması kimi başa düşülür. Bu cür dünya idarəetməsinin Qanunvericilik Orqanı olmalıdır. ..bu orqanın üzvləri onun tərkibinə daxil olan hər bir millətin sərvətləri üzərində ciddi nəzarət qoymalı və bütün dünya xalqlarının tələbatlarını ödəyən, onların həyat tərzini yaxşılaşdıran və onların düzgün qarşılıqlı əlaqələrini təmin edən qanunlar verməlidir. Bütün beynəlxalq qüvvələr tərəfindən dəstəklənən Dünya İcraçı orqanı dünya qanunvericilik orqanı tərəfindən qəbul olunan ganunları yerinə yetirməli və bütün dünya idarəsinin üzvlərinin birliyini qorumalıdır.

...beynəlxalq dil ya yenidən tərtib edilməli, ya da mövcud dillərin içərisindən seçilməlidir. Və bu dil bütün federativ millətlərin məktəblərində onların ana dilləri ilə yanaşı tədris

olunmalıdır. Beynəlxalq yazı, vahid beynəlxalq pul sistemi, vahid çəki və ölçü sistemi –dünyanın bütün xalqlarının və irqlərinin qarşılıqlı münasibətlərini və qarşılıqlı ünsiyyətini asanlaşdırmalı və sadələşdirməlidir.
İqlim fəlakəti və parçalanmış Bəşəriyyət..
Dünyanın iqtisadi ehtiyatları düzgün hesablanmalı, xammal mənbələrindən tam istifadə olunmalı, onun bazarları düşüncəli surətdə əlaqələndirilməlidir, dünyanın sərvətləri isə ədalətlə bölüşdürülməlidir. Beynəlxalq rəqabətə və hər cür fitnə-fəsadlara son qoyulacaq. İrqi xurafatları və nifrəti xalqlar arasındakı dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq əvəzləyəcək. Dini çəkişmələri törədən səbəblər birdəfəlik aradan qaldırılacaq, iqtisadi sədlər və məhdudiyyətlərin, xüsusi sinfi fərqlərin kökü birdəfəlik kəsiləcəkdir. Bir tərəfdən olduqca ağır ehtiyac içində yaşamaq və digər tərəfdən həddindən artıq sərvətlərin yığılması və təmərküzləşməsi aradan qaldırılacaqdır. İndi müxtəlif iqtisadi və siyasi müharibələrə sərf olunan nəhəng enerjilər insanların etdikləri kəşflərin və onların texniki nailiyyətlərinin tez bir zamanda tətbiq edilməsinə yönəldiləcəkdir.

Bütün dünyaya rəhbərlik edən, sarsılmaz nüfuza malik olan, ixtiyarında zəngin sərvətlər və geniş imkanlar olan Dünya Federasiya Sistemi; yeraltı sərvətlərdən və mədənlərdən maksimum istifadə olunmasına çalışan sistem; zorakılığı cilovlayan və onu ədalətə tabe edən sistem;

Bəşəriyyətin indi yaxınlaşdığı ideal – bütün xalqların birliyidir. Ailənin, tayfaların, ölkələrin və millətlərin formalaşması mərhələləri insan sivilizasiyası tarixində sınaqdan çıxmış və uğurla başa çatmış mərhələdir. Bütün dünyanın birliyini həyata keçirmək bütün bəşəriyyətin arzuladığı məqsəd və onun yekun mərhələsidir. Millətlərin formalaşması dövrü qurtarmışdır. Dövlət suverenliyinin xüsusiyyəti olan anarxiya özünün ən yüksək nöqtəsinə can atır. Dünya öz kamilliyinə nail olan kimi xurafatlardan imtina etməli, bütün bəşəriyyətin birliyini və onun qarşılıqlı əlaqələrinin bütövlüyünü dərk etməli və birdəfəlik olaraq elə təşkilati idarəetmə aparatı yaratmalıdır ki, bu həyati və müqəddəs problemi öz mövcudluğu tarixində ən yaxşı tərzdə həyata keçirə bilsin”.//moderator.az
İqlim fəlakəti və parçalanmış Bəşəriyyət..

Paylaş
Xəbər lentİ