“Atın qabağına ət, itin qabağına ot” siyasəti xalqı yaman günə qoyub - Səfirin elçilikdən özbaşına imtina etməsi ölkəyə ləkədir

Oxunma sayı: 250
10-03-2022, 00:52

“Atın qabağına ət, itin qabağına ot” siyasəti xalqı yaman günə qoyub - Səfirin elçilikdən özbaşına imtina etməsi ölkəyə ləkədir
Azərbaycan Respublikasının Ukraynadakı səfiri Elmira Axundovanın görəvini qoyub qaçması və bunu zərif cinsin nümayəndəsi olması ilə izah etməsi son çağların ən çox danışılan və dartışılan qonularındandır. İlgincdir, hələ də bu özbaşına “demarşa” dövlət səviyyəsində ilgi bildirilməyib. Xarici siyasət, diplomatik iş yüksək peşəkarlıq tələb etdiyindən, bizi diletantlıqda da suçlamaq olar, bəlkə elə doğrudan da, səfir qadın olması nədəni ilə elçilikdən imtina etməyə haqlıdır ? Bəlkə xarici işlər naziri Ceyhun Bayramov ona anında elçilik missiyasını və postunu tərk etməyi tapşırıb?

Xarici işlər nazirindən söz düşmüşkən, axı nazirin özü də diplomatiya işindən uzaq olması bir yana, heç bu sahədə təcrübəsi də olmayan maliyyə işçisidir! Maliyyəçi hara, diplomatlıq hara ? Diplomatı maliyyənin başına qoyublar, maliyyəçini də diplomatiyanın. Siyasətə baxın, maliyyə naziri Samir Şərifov 1983-cü ildə Kiyev Dövlət Universitetinin beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsini bitirib, yəni peşəkar diplomatdır. Görəsən, niyə peşəkar diplomat maliyyəçi, maliyyəçi isə diplomat edilib, “Əlinin papağı Vəlinin başına, Vəlinin papağı Əlinin başına qoyulub”? Elə bu “başayaq” siyasətinin uzun sürən nəticəsidir ki, hər işdən çıxarılan nazirin “könlünü səfir göndərməklə alıblar ”. Yəqin ki, eks – səfir – nazirlərin (yaxud, əksinə, nazir-səfirlərin) adlarını açıqlamağa ehtiyac olmaz, bilməyən yoxdur. Bu qeyri -peşəkar səfirlərin, konsulların böyük çoxluğunun işinin alver – bazar işi olması da kimə gizlin olsa da, işi düşən vətəndaşlara gizlin deyil.

2017-ci ildə Energetika Nazirliyinin başına gətirilən Pərviz Şahbazov (Prezidentiin işlər müdiri Oqtay Şahbazovun oğlu) ixtisasca neftçidir, 2005-2016-cı illərdə - 11 il Almaniyada səfir işləyib, buna kimi isə yalnız diplomatik işdə çalışıb. Bəlkə bizdə diplomat azlığı var? Nə yaxşı (“nə yazıq” təəssüfünü işlədə bilmərik -M.B. ) , yetərincə diplomatımız da var, məktəbimiz də bir ucdan hazırlayır. Sadəcə, işi bacarana tapşırmaq qalır. Dədələrimizin dediyi kimi, çörəyi ver çörəkçiyə, birini də üstəlik.

Yarıtmaz kadr siyasətinin ağrı-acısını isə xalq çəkir. Təsəvvür edin, peşəsi həkimlik olan şəxs maliyyəçi, iqtisadçı kimi yüksək post tutur. Yenə Ceyhun Bayramovun, Pərviz Şahbazovun maliyyəçi, neftçi kimi xarici iqtisadi əlaqələrdə diplomat kimi elçilik edə bilmələrini anlamaq olar, Tahir Budaqovun həkim diplomu ilə Dövlət Statistika Komitəsinə necə “baş həkim” təyin edilməsini isə nə anlamaq olur, nə də qanmaq. Elə “statistik həkimliyin” sonucudur ki, inflyasiya “yuxarı”dan göstərişlə 3,4 faizi keçmir. Rəqəm hesabında isə bu faiz ortalıq 8-10 manat pensiya artımı deməkdir. 8-10 manat isə gündə bir çörək sayı ilə heç bir aylıq çörəkpulu da etmir . İcra başçılarının təyinatı da görüm-baxımla gerçəkləşir. Kərəm Həsənovun özünün keçmiş müavini Rafiq Cəlilovu Cəlilabada icra başçısı təyin etdirməsi bunun açıq sübutudur. Rafiq Cəlilov əmlak alverçisi kimi ad qazanıb, onun qazilərə divan tutması da buradan qaynaqlanır.

Əlbəttə, “atın qabağına ət, itin qabağına ot qoymaqla” vətəndaşın layiqli həyat səviyyəsini təmin etmək mümkünsüzdür . Dövlətin ali məqsədi isə, Konstitusiyanın 12-ci maddəsinə görə, insan və vətəndaş hüquq və azadlıqlarını, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etməkdir.

Paylaş
Xəbər lentİ