Diaspor fəaliyyəti tələb və sifariş əsasında aparılmamalıdır – JURNALİSTDƏN EKSKLÜZİV AÇIQLAMA

Oxunma sayı: 43
17-09-2024, 00:19

Diaspor fəaliyyəti tələb və sifariş əsasında aparılmamalıdır – JURNALİSTDƏN EKSKLÜZİV AÇIQLAMA
Müstəqilliyin ilk illərində Azərbaycanda siyasi vəziyyət o qədər gərgin idi ki, ölkəni bürüyən hərc-mərclik kənardan dövlətin nə qədər zəif, rəqibləri qarşısında duruş gətirməyi bacarmayan, hətta siyasi arenalarda belə sözünün heç bir hökmü olmadığı görüntüsü yaranmışdı. 90-cı illərdə Azərbaycanda lobbiçilik və diaspor fəaliyyəti o qədər zəif idi ki, SSRİ dağıldıqdan sonra Azərbaycanın müstəqilliyini hələ BMT belə 1992-ci ildə tanımalı olmuşdu. Bu dövrdə vətəndaşların bir qismi işsizlikdən, sosial problemlərdən yana qonşu ölkələrə, bir az daha çox savadı olanlar isə Avropa və ABŞ-yə baş götürüb gedirdi. Lakin ölkədən çıxanların yalnız çox az qismi ölkə, dövlət naminə xaricdəki fəaliyyətindən zaman ayırırdı. Elə bu səbəbdən müstəqilliyimizin ilk illərində bir çox ölkələrin xalqları Azərbaycanı Rusiyanın müstəmləkəsi, Rusiya Federasiyası tərkibindəki muxtar respublikalardan biri kimi tanıyırdılar. O vaxtkı dövlət rəhbərliyinin ümumiyyətlə nəzarət etmədiyi diaspor fəaliyyəti və lobbiçiliyin sıfır səviyyəsində olması qonşu dövlətlərin belə müstəqil Azərbaycana qarşı qeyri-ciddi münasibət formalaşdırmışdı. Həmin dövrkü ölkə rəhbərliyinin yalnız müsəlman qardaşlığı, türk birliyi ideyası ilə ölkəni dünyəviləşməkdən uzaqlaşdırması, sonrakı illərdə də Azərbaycanın tanınmasına maneələr yaratdı.

Mövzu ilə əlaqədar, Avtosfer.az-a açıqlama verən, əvvəllər Rusiyada fəaliyyət göstərən və fəaliyyəti səbəbilə Rusiyada saxlanılaraq Azərbaycana deport edilən jurnalist Fuad Abbasov deyir ki, Azərbaycanın diaspor fəaliyyəti hələ də zəifdir.



“Rusiyada Azərbaycanın diaspor fəaliyyəti həmişə axsayıb. İstər müharibədən əvvəl, istərsə müharibədən sonra. Əlbəttə ki, müharibə dövründə həmvətənlərimizdə ruh yüksəkliyi yarandı, onlar nələrinsə müsbət yöndə dəyişəcəyinə inandılar. Hətta müharibə vaxtı müəyyən birlik sərgiləndi, dəyikliklər oldu. Lakin müharibə bitdi, hər şey əvvəlki vəziyyətinə qayıtdı. Bütün bunların bir səbəbi var: Azərbaycanlılar ümumiyyətlə ermənilər və yəhudilərdən fərqli olaraq, lobbiçilik, diaspora fəaliyyəti aparmağa, birliyə münasibət fərqlidir. Yəni Azərbaycanlıların xaricdə yaşaması üçün başlıca məqsədi pul qazanmaq, ailə dolandırmaq, xaricdən evə pul göndərmək və başqa sosial məsələlərdir. Amma ermənilərin, hətta digər millətlərin, özbəklərin, taciklərin bu mövzuda fikirləri fərqlidir. O xalqların nümayəndələrinin orada yaşamaq niyyətləri fərqlidir. Onlar Rusiyada daimi yaşamaq istəyir və burada elə bir fəaliyyət ortaya qoyurlar ki, sonrasında olduqca müsbət nəticələr əldə edirlər və biz onlara baxıb ancaq qibtə edirik. Bütün bunlar onu göstərir ki, azərbaycanlıların Rusiyada və digər xarici ölkələrədə fəaliyyət göstərməsi üçün mərkəzləşdirilmiş idarə sistemi yaradılmalıdır. Bu sistem isə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən idarə olunmalıdır. Lakin çox təəssüflər olsun ki, Diasporla İş üzrə Dövlət Komitəsi yalnız dövlətin tələbi və sifarişi üzrə faəliyyətlə çərçivələnib və komitə bu çərçivədən kənara çıxmaq istəmir. Bunun nəticəsində də xaricdə yaşayan azərbaycanlıların problemləri də öz həllini tapmır. Ona görə də, bu, xaricdə diaspor fəaliyyəti ilə məşğul olmaq istəyən həmyerlilərimizin məyusluğu və gördükləri işlə bağlı yetərsizlik psixologiyası ilə nəticələnir. Onlara bu fəaliyyət üzrə heç bir istiqamət verilmədiyi üçün sonrakı addımnlarını hisslərə əsasən atırlar”.

Fuad Abbasov sonda onu da qeyd edib ki, həmyerlilərimizlə bu cür davranış, sonralar öz fəaliyyətlərini dayandıraraq digər istiqamətlərdə fəaliyyətlərini davam etdirmələrinə gətirib çıxarır.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Cavid İsmayıl deyir ki, komitənin son illərdə gördüyü işlər öz müsbət nəticələrini verməkdədir.



“Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunan Diaspor Gənclərinin I Yay Düşərgəsi ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya və Böyük Britaniya da daxil olmaqla 37 ölkədən 140 diaspor gənci iştirak edib. Diaspor Gənclərinin I Yay Düşərgəsində hökümət rəsmiləri, millət vəkilləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Daha sonra təşkil edilən yay düşərgələrinə 50-dən çox ölkədən gənclər ölkəmizə dəvət edilmişdir.

İndiyədək 51 ölkədə 561 diaspor təşkilatı yaradılıb. Dünyanın 15 ölkəsində 29 “Azərbaycan evi” fəaliyyət göstərir. Sentyabrın 9-11-i aralığında ilin ən böyük tədbiri “Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu” təşkil edilib və tədbirdə 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edib. Sentyabrın 14-də Almaniyanın Bonn şəhərində Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu baş tutub. Tədbirə Almaniyanın 81 şəhərindən 200 həkim, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən ekspertlər qatılıb”.

Azərbaycanda lobbiçilik işinin təşkili ilə bağlı isə diaspor fəaliyyəti ilə əlaqədar deyiləcək çox nümunə yoxdur. Görülən işlərin sayı az olsa da, effekti çox böyük olduğu dəqiqdir. Əvvəllər Azərbaycanı Qafqazın kiçik bir ölkəsi, Rusiyanın muxtar respublikası olaraq tanıyırdılarsa, Prezident İlham Əliyevin yeritdiyi uğurlu siyasət nəticəsində bu gün ölkəmizi beynəlxalq yarışların və konfransların keçirildiyi, uzun illər sonra ilk dəfə öz torpaqlarının ərazi bütövlüyünü bərpa edən dövlət kimi tanınır.

2011-ci ildə azəryacanlı musiqiçilər Eldar Qasımov və Nigar Camalın Almaniyada keçirilən Avroviziya mahnı müsabiqəsində ölkəmizi qalib etməsi ilə media istiqamətində başlayan ilk lobbi fəaliyyətimiz uğurlu oldu. 2012-ci ildə həmin yarışa ölkəmizin ev sahibliyi etməsi nəticəsində artıq dünyada öz adımızdan danışdıra bilmişdik.

2012-ci ildə Azərbaycanın mobil operatoru olan “Bakcell” ilə İngiltərənin “Manchester United” klubu arasındakı əməkdaşlıq ölkədə uşaq futboluna ingilis diqqəti yaratdı, lakin bir müddət sonra o diqqət də yarım qaldı.



2014-2015-ci illərdə Azərbaycanın adı dünyaca tanınan ispan klubu Atletiko Madridin formasının üzərinə “Land Of Fire Azerbaijan” olaraq yazıldı. Bununla da həmin dövrdə futbol ictimaiyyətinin diqqətini çəkən ulduzların: Fernando Torres, David Villa, Tibo Kurtua, Antoni Qrizman və hətta Arda Turan kimi futbolçuların sinəsində iri hərflərlə Azərbaycanın adı həkk olundu. Məhz bu addım ilk dəfə Azərbaycanın adının başqa ölkələrdə geniş axtarılması ilə nəticələnmişdi.



2016 və 2020-ci ildə keçirilən futbol üzrə millilərin Avropa Çempionatında SOCAR-ın fəxri sponsor olaraq iştirak etməsi, eləcə də, Türkiyənin Qalatasaray klubuna sponsor olması Azərbaycanın bayrağının daha geniş kütlələr arasında görünməsinə gətirib çıxardı.





Uzun illərdir, lobbiçilik istiqamətində atılan addımların əsasında Azərbaycanda keçirilən musiqi və idman tədbirləri dayanır. İstər ilk Avropa Oyunları, istər UEFA Avropa Liqasının final oyunu, istərsə də Formula-1 yarışları ilə bağlı ölkəmizə gələn turistlərdə Bakı, eləcə də Azərbaycanla bağlı fikir yaratmaq prinsip etibarı ilə çox uğurlu alınıb.

Müəllif: Səfər Əlizadə

Paylaş
Xəbər lentİ