Azərbaycana qarşı xain plan

Oxunma sayı: 326
21-05-2021, 07:14

Azərbaycana qarşı xain plan
Dost hesab etdiyimiz Gürcüstan bu planın harasında yer alır?

Gürcüstanın Dmanisi rayonunda Azərbaycanın və azərbaycanlıların əleyhinə baş verən hadisələr hələ də ölkə mətbuatının müzakirə mövzusudur. Hər kəsi bu təxribatda əli olanlardan çox, onların hansı qüvvələr tərəfindən himayə edildiyi və məqsədin nə olduğu düşündürür. Odur ki, bu yazımızda həmin suallara cavab tapmağa çalışacağıq.

Öncə onu diqqətə çatdıraq ki, bu qarşıdurmanın mayın 5-də Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin, mayın 10-da isə Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Bakı səfərləri sonrası baş verməsi təsadüf hesab olunmur. Düzdür, ölkədaxili müzakirələrdə, politoloqların şərhində bu kəsişən səfərlərdən birincisinin gündəminin tamamilə fərqli olacağı ortaya qoyuldu. Belə ki, Gürcüstanın baş nazirinin Azərbaycandan maliyyə yardımı istəyə biləcəyi, daha sonra səfər çərçivəsində Qafqaz bölgəsində olan mövcud vəziyyət, Rusiyanın proseslərə münasibəti, İkinci Qarabağ Savaşından sonra “rus sülhmərmalıları”nın burada yerləşməsi və regionun təhlükəsizliyi mövzularının müzakirə olunacağı ehtimalı səsləndirildi. Eyni zamanda, ola bilsin ki, Gürcüstan və Azərbaycan arasında ictimaiyyətin xəbərdar olmadığı yeni layihələrin müzakirəsi də gündəmdə yer aldı. Həmçinin, gürcü tərəfinin Keşikçidağ monastır kompleksinə iddialarının və onların həllinin sürətləndirilməsinin də müzakirəsindən söhbət getdi. Gürcü baş nazir isə, görüş sonrası belə açıqlama verdi: “Bizim uzunmüddətli səmərəli əməkdaşlığımız mövcuddur. Birlikdə daha çox layihə həyata keçirmək planlarımız var. Təhlükəsizlik məsələləri daxil olmaqla, bölgədəki vəziyyəti gözdən keçirdik. David Qareci (Keşikçidağ) mövzusu da daxil olmaqla, ölkələr arasında dayanan demək olar ki, bütün məsələlərə toxunduq. Dialoqun qardaş və dostluq münasibətlərimizə uyğun olduğu üçün çox tezliklə davam edəcəyini, sürətlənəcəyini və məsələnin həll ediləcəyini qəbul etdik. Komissiyalar tezliklə işlərini davam etdirəcəklər, təfərrüatlar daha sonra məlum olacaq”.

Mövzuya girməmişdən əvvəl onu deyək ki, Keşikçidağdakı monastr kompleksinin “gürcü abidəsi” kimi təsbit olunması əvvəldən düzgün yanaşma deyildi. Çünki bu yanaşma bizim islama keçiddən əvvəlki xristianlıq keçmişimizin inkarı demək olar. İndiki Ermənistan ərazisində qalan qədim abidələrimizin erməniləşdirildiyini, xalqımızın xristian olduğu dönəmdə yaratdığı abidələrin ermənilərin adına çıxarılması yenilik deyil. Bu yolla bizə aid olan tarixi adlarına çıxdılar. Halbuki, bizim islamdan əvvəlki xristian keçmişimiz var. Hazırda bu məsələ, yəni qədim xristian kimliyimiz Qəbələ udinlərinin mədəniyyətində qalıb, halbuki yalnız udinlər yox, bütövlükdə aid olduğumuz ərazidəki əcdadlarımızın dini inancı xristianlığa aid olub və bunun unudulmasına, görməzdən gəlinməsinə yol vermək olmaz. Bu laqeydlik, unutqanlıq bu torpağa olan bağlılığımızın köklərini qopardar.

Azərbaycana qarşı xain plan
Elə gürcüstandakı xristian türk-alban kimliyimizin sübutu olan abidələrimiz də bu qəbildəndir və onların nə gürcülərin, nə də digərlərinin adına çıxarılmasına yol vermək olmaz. Bu, o demək olar ki, bizim Gürcüstan torpaqlarına aidiyyatımız yoxdur. Yəni biz tarixi keçmişimizdən imtina edə bilmərik. Tarixçilər bu məsələdə öz sözünü mütləq deməli və mövqeyini ortaya qoymalıdır. Keşikçidağ məsələsinə mövqeyimiz məhz belə olmalıdır!

Gələk o biri məsələlərə. Qonşularımıza da bəllidir ki, Azərbaycan dövləti müstəqil siyasət yürütməklə yanaşı, qonşuların maraqlarını da hər zaman nəzər alan ölkədir. Amma bu siyasət də bir yerə qədərdir, qarşı tərəf bu səmimiyyəti görməzdən gəlib, ölkəmizə qarşı məkrli, xain planlarda yer alacaqsa, təbii ki, o zaman münasibətlər fərqli məcraya yönələ bilər. Bu gün Gürcüstanda soydaşlarımıza qarşı təxribatların törədilməsi də dövlət siyasətində ciddi korrektələr olunması zərurətini orataya çıxarır.

Əlbəttə, o da bəllidir ki, Gürcüstanda baş verən hadisələrin arxasında yenə də erməni barmağı var. İrəvan istər Qarabağda uduzduğu müharibənin, istər də Zəngəzurda geriləməsinin acısını Gürcüstanda soydaşlarımızla svanları üz-üzə gətirməklə çıxarmağa çalışır. Burada Gürcüstanın Abxaziya bölgəsini tam ələ keçirmiş, həm də Axalkalakidə öz sözünü deyən erməni gücü faktorunun rol oynadığı şübhəsizdir. Özlərinin “adları üstündə olduğundan”, bu dəfə də soydaşlarımıza qarşı illərdir onların maşaları olan svanları meydana sürüblər.

Bu gün Zəngəzur koridorunun açılmasının gündəmdə olduğu dönəmi yaşayırıq. Belə bir ərəfədə ABŞ və Fransanın Azərbaycana qarşı təhdid dilində ritorika sərgiləməsinin şahidi olduq. Əslində, bu koridorun açılması ilə Gürcüstanın tranzit ölkə kimi aktuallığının azalacağı barədə narahatçılığı çoxdan mövcuddur və gürcü cəmiyyətində də, sosial şəbəkələrdə də bu müzakirələr gedir. Yəni Gürcüstan ciddi gəlir mənbəyi itirməkdən qorxur. Hətta o da təsadüf deyil ki, keçmiş müdafiə naziri Tina Xidaşeli Naxçıvana gedən dəhlizi “qüsurlu tranzit” adlandırdı. Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili də “Gürcüstan Cənubi Qafqazın amputasiya olunmuş hissəsinə çevriləcək” deyərək, odun üstünə yağ tökdü.

Ermənistanın Avropa ilə əlaqəsi Batumi limanından, Rusiya ilə isə Tiflislə Vladikavkaz arasında yerləşən “Verxniy Lars” keçid məntəqəsindən həyata keçirilir. İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin yanvar ayında Moskvadakı danışıqlarda Bakıdan başlayaraq, Zəngəzurdan keçməklə, Naxçıvana gedən yol mövzusunu hələ yanvarda müzakirə etmişdilər…

Rusiya ilə Ermənistan arasında birbaşa nəqliyyat əlaqəsi yoxdur. Bu səbəbdən, ticarətdə və malların Gümrüdəki Rusiya bazasına köçürülməsində çətinliklər yaranır. Ermənistan üçün də öz növbəsində tranzit blokadasına son qoyulacaq, ölkənin Rusiya bazarlarına sərbəst çıxışı olacaq və malların daşınması xərcləri azaldılacaq ki, bu da yerli istehsalçılar üçün faydalıdır. Üstəlik, bu yol həm də Moskvanın Yaxın Şərqə yolunu açacaq. Rusiya bu bölgə ölkələri ilə dəniz və hava nəqliyyatından istifadə edərək, ticarət edir. Naxçıvan yolu dənizin tranzitinin azaldılması və ticarət həcminin artmasına səbəb olar.

Qarabağ münaqişəsi həll olunmayana və Türkiyə ilə Zəngəzurdan keçərək, quru yoluyla birbaşa bağlanmaq məsələsi gündəmə gəlməyənə qədər Gürcüstan Azərbaycanın Avropaya açılan pəncərəsi idi. Zəngəzur koridoru ilə Azərbaycan Türkiyədən keçməklə, birbaşa Avropaya çıxa bilər. Hətta nəinki Avropaya, Afrikya da çıxış gerçəkləşdirilə bilər.

Göründüyü kimi, Zəngəzur koridoru bizim üçün həyati əhəmiyyətə malikdir. Amma bu, Gürcüstanla əməkdaşlığın bitəcəyi demək deyil. Çünki Naxçıvan yolunun başa gətirilməsi uzun zaman və maliyyə tələb edir. Amma bölgədəki geoiqtisadi layihələrə erməni baxışı fərqlidir və təəssüf ki, erməni-fransız-iran barmağı ilə ara qarışdırılır.

Azərbaycana qarşı xain plan

Məlumatlara görə, Gürcüstan baş nazirinin İrəvana səfəri əvvəlcə və məhz Bakı səfərindən sonraya planlaşdırılıb. Bir həftə sonra Qaribaşvili İrəvanda eyni dərəcədə isti qarşılandı. Gürcü baş nazir Nikol Paşinyanla görüşdü. Deyilənə görə, Paşinyan qonağı Tiflislə İrəvan arasındakı tərəfdaşlığın bölgədəki sabitliyin ən vacib qarantlarından biri olduğuna inandırdı. Görüşün təəssüratı “Bugünkü iclasda bütün əsas əməkdaşlıq sahələrini müzakirə etdik, sıx bir siyasi dialoq arzusunu vurğuladıq. Ticarət-iqtisadi əlaqələrin inkişaf perspektivlərinə, yeni layihələrə toxunduq. Tərəfimizdən regional nəqliyyat kommunikasiyaları və tranzit potensialından daha səmərəli istifadənin vacibliyi qeyd edildi”, – sözləri ilə ifadə olundu. Lragir saytında “Qaribaşvili Əliyevdən imtina etdi və indi İrəvana gedir” məqaləsinə nəzər yetirmək bu baxımdan maraqlı olar. Amma erməni təxribatçılarının nəyi “Qaribaşvilinin Əliyevdən imtina etməsi” kimi gördükləri maraqlıdır: “2020-ci ilin dekabrında Bakıda Ərdoğan Əliyevin altı ölkənin – Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İrandan ibarət platforma yaratmaq təşəbbüsünü dəstəklədiyini bildirdi. Düzdür, bu fikir bu günə qədər işlənməyib. Və maraqlıdır ki, Ermənistana görə deyil. Bu günə qədər rəsmi Tbilisi bu platformada Moskva ilə ortaq iştirak etməyə razı olmaq istəmir. Əslində, Gürcüstan Rusiya-Türk platformasını “yıxdı”, eyni zamanda Tiflis, Fars Körfəzi-Qara dəniz dəhlizinin müzakirə olunduğu İrəvandakı beştərəfli görüşdə iştirak etdi. İclasda Gürcüstan, İran, Ermənistan, Yunanıstan və Bolqarıstan nümayəndələri iştirak etdilər”.

Gürcüstanın ərazilərini işğal edən ölkə – Abxaziya və Tsxinvali bölgəsi ilə işləmək istəmədiyi məlum idi. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıyır, sözsüz ki, Gürcüstanın da ərazi probleminin həll olunmasını istəyir. Doğrudur, bu işğal Rusiyanın birbaşa iştirakı ilə baş verib. Hətta erməni lobbisinin bu məsələni qızışdırması və Abxaziyanı məskunlaşdıraraq, işğaldan bəhrələnməsi də ortadadır.

“Fars körfəzi – Qara dəniz” dəhlizinə gəldikdə, İrəvanın Bolqarıstanın bu “antitürk” dəhlizində iştirakçı olacağı haqda gözləntiləri xüsusilə maraqlıdır. Halbuki, Bolqarıstanın Türkiyə ilə iqtisadi yaxınlaşması ona daha xeyirdir. Çünki Bolqarıstanın Avropa Birliyinə tam üzvlüyünə baxmayaraq, AB-dən iqtisadi asılı vəziyyətdədir. Hazırda gənclərin kütləvi miqrasiyası nəticəsində iqtisadiyyatı tam tənəzzülə gəlib. Bu durum Gürcüstana da aiddir. Gürcüstan gələcəkdə tamhüquqlu AB üzvü olsa belə, iqtisadi cəhətdən ən inkişaf etmiş AB ölkələrindən uzaqdadır və bu üzvlüyə görə iqtisadiyyatı irəli getməyəcək. Yalnız Türkiyə və bölgə ölkələri ilə əməkdaşlıqla vacib faktora çevrilə bilər.

“Lragir” saytındakı məqalə bu ifadələrlə davam edir: “Eyni günlərdə Hindistan bu dəhlizi əhatə edən nəqliyyat planlarını açıqladı. Bloger Aleksandr Lapşin yazır ki, Qandinin abidəsinin bu günlərdə Yerevanda yandırılması təsadüfi deyildi və bu xəbər dərhal Hindistan mediasında yayıldı. Lapşin bunun ermənilərin işi olmadığından şübhələnir”. Lapşinin münasibəti ilə məsələyə yaxınlaşsaq, elə təəssürat yaranar ki, sanki erməni faşizimi əlamətlərinə ilk dəfə rast gəlirik. Çünki İrəvanda Qandi abidəsinin yandırılması ilə bağlı Lapşinin “sui-qəsd” versiyaları sadəcə gülüncdür.

Yazı müəllifinin sözlərindən o da bəlldir ki, “Türk dəhlizi” adlandırılan Zəngəzur dəhlizinə ermənilər hansı həddə düşmən münasibət bəsləyirlər: “44 günlük müharibədən sonra, Üçlü Bəyanatın iki bəndindən başqa, bütün məqamları yerinə yetirildi – məhkumların geri qaytarılması və kommunikasiyaların açılması. Bakı və Moskva bu iki məsələni bir-birinə bağlamağa və Ermənistanı “Türk dəhlizi” açmağa məcbur etməyə çalışırlar. Ancaq bu planlar 200 illik Rus-Türk əsarətindən çıxmağa çalışan bölgədə geniş müqavimətlə qarşılaşır.

Rusiya Xarici İşlər Naziri Lavrov qeyd etdi ki, bu regional çərçivədən kənara çıxan çox əhəmiyyət kəsb edəcək nəqliyyat mərkəzidir. Rusiya Ermənistanın səlahiyyətində olan “nəqliyyat mərkəzi”ni necə təsəvvür edir? Ermənistanda nəqliyyat kommunikasiyalarının açılmasının “könüllü” şəkildə baş verməsinə işarə edən Lavrov eyham vurdu ki, Ermənistanın “Türk dəhlizi”ndə “keşik çəkmək” üçün İranla sərhədi özü Rusiyaya təhvil verməlidir. Əliyev özü dəmir yolları məsələsinin Rusiya ilə müzakirə olunduğunu deyir. “Ermənistan dəmir yolları Rusiyaya məxsusdur. Buna görə də Rusiya tərəfi ilə bu məsələni müzakirə edirik”- dedi.

Qaribaşvilinin İrəvanda Fars körfəzi – Qara dəniz dəhlizini müzakirə etməsinə gəlincə, bu, Namaxvani SES-in inşası ilə bağlı etirazların davam etdiyi Gürcüstanda antitürk ab-havasının artması fonunda aktualdır. Türkiyənin Gürcüstandakı səfiri Ərdoğanın Tbilisiyə səfərini açıqladı”.

Burada “Lragir” Namaxvani SES-in inşasına və Gürcüstanda Türkiyə əleyhinə olan əhvalın erməni lobbisinin “bəhrəsi” olduğuna açıq eyham vurur. Həmçinin, ANTİTURAN adlı erməni telegram kanalının “erməni-İran dəhlizi” nin xəritəsini nümayiş etdirərək, əslində Dmanisidə svan-azərbaycanlı qarşıdurması yaratmaqda maraqlı olan iki əsas qüvvəni birbaşa ifşa edir.

Şübhəsiz ki, Qaribaşviliyə də bu xəritəni göstərəcəklər. Əlbəttə, “nəzakət” səbəbi ilə həm o, həm də digər Gürcüstan siyasətçiləri “böyük transerməni dəhlizləri” layihələri haqda eşitmiş ola bilərlər. Lakin Gürcüstanın iqtisadiyyatı və perspektivləri üçün bu layihələrin əhəmiyyəti sıfırdır. Üstəlik, Gürcüstan üçün Azərbaycan və Türkiyə ilə işbirliyini və Bakı-Tiflis-Qars dəmir yolu xətti, Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi onsuz da mövcud tranzit layihələrinin böyük əhəmiyyəti ilə müqayisə etmək olmaz.

İranın isə anti-Türkiyə qərəzi həm Fələstin məsələsində Türkiyədən önə keçmək istəməsində, həm Azərbaycana qarşı Ermənistana şühbəli yüklər ötürməkdə, həm reallaşdırılmasında gerçəklik payının nə qədər olub-olmamasından asılı olmayaraq İran-Ermənistan dəhlizi fikrinin ortaya qoyulmasında Dmanisidəki qarşıdurmada altdakı əlin erməni-fransız-iran əli olduğu ehtimallarını aktual edir. İranın Yaxın Şərqdə əslində Avropa bazarlarına çıxarılmaq üçün dizayn etməyə çalışdığı şiə hilalı yolunun ticarət-traznit xətti kimi həyata keçirməyə nail olmayan İranın fars körfəzindən başlayan, Ermənistandan keçərək Gürcüstana, oradan da Avropaya yol açmaq uğrunda ciddi-cəhdləri də Tehranı ara qarışdırmağa itələyə bilər. Məqsəd isə Azərbaycanın diqqətini hazırda ən önəmli məsələ olan Zəngəzur dəhlizi çalışmalarından yayındırmaqdır. Eləcə də İran təbliğatı həm içimizdə, həm Borçalı və Rusiyada yaşayan azərbaycanlıların içində dayanmadan çalışır və pandemiyadan əvvəlki zamanda Gürcüstanda yaşayan soydaşlarımızı “aşura mitinqi”nə çıxarması, Gürcüstan hakimiyyət orqanlarının bundan razılıq mövqeyi nümayiş etdirməsi İranın oyununa nail olduğunu göstərir.

Dmanisi hadisəsi Azərbaycana qarşı yeni münaqişə ocağı yaratmaq üçün Gürcüstana xaricdən uzanan əldir. Bu, aydındır. Bəs Gürcüstanın xüsusi xidməti nə işlə məşğuldur və dövlət siyasəti hansı səbəbdən buna şərait yaradır? Sual verilə bilər ki, buna şərait necə yaradılır? Əslində, indi baş verən münaqişə ocağı yaratmaq cəhdinin əsası 1990-cı illərin əvvəllərindən qoyulub. O illərdə azərbaycanlıları bezdirib-köçürmək məqsədi ilə dağ rayonlarında yaşayan svanları iqtisadi problemlər adı altında soydaşlarımızın yaşadıqları bölgələrə yerləşdirdilər. Bura yerləşdirilən svanlar ilk günlərdən yerli əhaliyə qarşı zorakılıq, quldurluq etməkdən çəkinmədilər. Çünki cinayətlərini yerli hakimiyyətin ört-basdır edəcəyinə arxayın idilər. Sonralar Saakaşvili dönəmində vəziyyət nisbətən stabilləşsə də, B.İvanişvilinin himayədarı olduğu partiya hakimiyyətə gələndən sonra azərbaycanlılara qarşı xoşagəlməz meyllər də dirçəlməyə başladı və bu durumun vüsət almasından anlaşılır ki, Gürcüstan hakimiyyəti həmyerlilərimizə qarşı aqressiv münasibəti görməzdən gəlir. Ona görə, Gürcüstan hakimiyyəti Azərbaycanın Qarabağ qələbəsinə, Zəngəzur koridorunun açılması uğrunda aparılan işlərə qısqanclıqla yanaşmaqdansa, siyasətinə korrektə etsə, daha doğru olardı. Ən azından ona görə ki, Gürcüstanın ərazi bütövlüyünə görə Azərbaycan yox, Rusiya məsuliyyət daşıyır və Bakının siyasi uğurları sırasında Rusiya ilə münasibətləri düzəltmək cəhdi də dövlətin maraqlarına yönəlib. Gürcüstan da dövlət maraqları üçün ona göstərişlər verən güclərin təzyiqi ilə onun ərazi bütövlüyünə təhdid olan, Abxaziyaya demək olar ki, yiyələnmiş, Axalkalakiyə iddialarını səsləndirən erməniçliyin xətrinə dəyməsə belə, Azərbaycana və azərbaycanlılara qarşı korrekt siyasət yürütməlidir. Bunun əksi “oturduğu budağı kəsmək” olar.

Paylaş
Xəbər lentİ