HEYDƏR ƏLİYEV HÜQUQ VƏ İDARƏETMƏ SİSTEMİNİN MÖHKƏMLƏNMƏSİNDƏ ROLU

Oxunma sayı: 138
9-05-2022, 09:42

HEYDƏR ƏLİYEV HÜQUQ VƏ İDARƏETMƏ SİSTEMİNİN MÖHKƏMLƏNMƏSİNDƏ ROLU
Demokratik cəmiyyət və ya hüquqi dövlət dedikdə ilk öncə yada insan hüquq və azadlıqlarının müdafiəsi düşür. İnsan hüquqları müasir dünyamızın hər bir demokratik dövləti tərəfindən ən prioritet hesab edilən mövzulardan sayılır. Müstəqil Azərbaycanda da insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətin ən ali məqsədi elan edilib.
H.Əliyevin bu sahədə ən böyük əməyi məhz müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbuludur. 1995-ci il noyabrın 12-də xalq ümummilli liderin bu təşəbbüsünü dəstəklədi. Müstəqil dövlətimizin ilk konstitusiyasının preampulasında göstərilir ki, "Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, Azərbaycan dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü qoruyaraq xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu bəyan edir. Başqa sözlə, öz tarixi müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu inkişaf yolu seçib. Konstitusiyanın 7-ci maddəsinin III hissəsinə əsasən dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi təsbit edilib.
Beləliklə, keçmiş sovet konstitusiyalarından fərqli olaraq ilk dəfə konstitusiyamızda dövlət hakimiyyətinin bölgüsü prinsipi həyata keçirilib. Ümumiyyətlə, konstitusiyanın III fəsli (24-71-ci maddələr) bütövlükdə, yəni 158 maddədən 48-i insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilib. Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Həmin maddədə daha sonra göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra, konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Beləliklə, konstitusiyanın qeyd edilən normalarının təhlili göstərir ki, bu normalar hüquqi dövlət quruculuğu prinsipinin mahiyyətindən irəli gəlməklə cəmiyyətdə qanunun aliliyinə xidmət edir. Ölkəmizdə həmin vaxtdan başlayaraq, ciddi sosial-iqtisadi islahatlarla yanaşı, hüquq islahatı, həmçinin onun tərkib hissəsi olan məhkəmə-hüquq islahatı həyata keçirilməyə başlayıb. İlk dəfə olaraq üçpilləli məhkəmə sistemi yaradılıb.
İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında konvensiyaya dair 3 may 2002-ci ildə Vilnüs şəhərində qəbul edilmiş 13 saylı protokolun 1-ci maddəsində göstərilir ki, ölüm cəzası ləğv olunur, heç kəs belə cəzaya məhkum edilə və ya edam oluna bilməz. Lakin hələ bundan 4 il əvvəl-1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilib. Bu, ümummilli lider Heydər Əliyevin humanist ideyalara sadiqliyini bir daha təsdiq edir. Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işində ümummilli lider Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı və 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair" dövlət proqramı mühüm rol oynayıb.
İnsan hüquq və azadlıqları, demokratik cəmiyyətdən söz düşəndə diqqət yetirilən ən vacib məqamlardan biri də söz və mətbuat azadlığı, onun necə təmin edilməsidir. H.Əliyev vətəndaşların azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyyə, demokratiyaya xidmət etdiyini bildiyi üçün məhz bu məsələnin ölkənin ən ali qanununda əksini tapması məsələsinə xüsusi diqqət yetirib. Konstitusiyanın 47-ci maddəsi isə ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Azərbaycanda azad mətbuatın formalaşması, hər kəsin öz fikrini sərbəst şəkildə ifadə edə bilmək imkanı qazanması, təbii ki, ümummilli liderin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə bu azadlıqları məhdudlaşdıran maneələr aradan qaldırıldı. Senzura ləğv edildi. 1998-ci il avqustun 6-da Heydər Əliyev "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzaladı. Bu fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi.

Hüquqi sahədə islahatların mütəşəkkil aparılmasına xüsusi əhəmiyyət verən ümummili liderimiz demokratik təsisatların və qanunun aliliyi prinsiplərinin möhkəmləndirilməsi, hüquqi islahatların ardıcıl və keyfiyyətlə aparılması üçün yaradılmış Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü, qısa müddət ərzində hüquq sisteminin təməlini təşkil edən mühüm qanun və məcəllələr qəbul edildi, məhkəmə və hüquq mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxıldı. Komissiya tərəfindən qısa müddət ərzində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli qanunların layihələri hazırlanmışdır. Beynəlxalq standartlara uyğun “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər mütərəqqi qanunlar, habelə əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi, Azərbaycanda mahiyyətcə yeni hüquq və 3 pilləli, müstəqil məhkəmə sistemi formalaşdırıldı.
Ulu öndərin yüksək humanizminin nəticəsidir ki, 1993-cü ildən icrasına moratorium qoyulan ölüm cəzasının 1998-ci ildə ləğv edilməsi ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda hər bir insanın ən ümdə haqqı olan yaşamaq hüququna əsaslı təminatlar verilmiş, insanın həyatdan məhrum edilməsi yolverilməz hesab edilmişdir. Eyni zamanda, ölkəmizdə əfvetmə institutunun bərpa edilməsi vətəndaşların dövlətə, onun rəhbərinə ümid və etimadını artırmışdır.
Ölkəmizdə ədliyyə fəaliyyətinin təşəkkülü və inkişafının təmin edilməsi, ümumiyyətlə, Ədliyyə Nazirliyinin dövlət strukturu kimi təşəkkül tapması da ümummilli liderimizin adı ilə bağlıdır. Azərbaycana rəhbərliyinin bütün dövrlərində Heydər Əliyev ədliyyə sisteminin inkişafına qayğılı münasibət göstərmiş, həyata keçirilmiş hüquqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, onun üzərinə əlavə mühüm vəzifələr qoyulmuş, funksiya və səlahiyyətləri genişləndirilmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı təbirlər həyata keçirilmişdir. Dövlət başçısının ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının əyani təzahürü olaraq ədliyyə fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və ədliyyə orqanlarının inkişafı ilə bağlı tarixi əhəmiyyətli sənədlər qəbul edilmiş, Ədliyyə Nazirliyi dövlətin hüquq siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına çevrilmişdir.
Ümummilli liderimizin müəyyənləşdirdiyi inkişaf konsepsiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, Heydər Əliyev siyasəti, onun ideyaları, təməlini qoyduğu müstəqil hüquqi dövlət yaşayır və güclənir. Bu gün həm ölkədə gedən proseslər, həm bizim bölgədəki mövqelərimiz, qazandığımız zəfərlər, dünya proseslərinə təsir imkanlarımızın genişlənməsi bir məqsədi güdür ki, hüquqi dövlət, demokratik prinsiplər, qanunun aliliyi, hüquq bərabərliyi daha da möhkəmlənsin, Azərbaycan xalqına layiqli həyat səviyyəsi daha da yaxşı təmin olunsun, ölkəmizdə bütün insanlar təhlükəsizlik, ictimai-siyasi sabitlik, tolerantlıq mühitində yaşasın, insan hüquqlarının etibarlı təminatına yaradılan şərait güclənsin.
[b]DİA - Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi,h.ü f d,Ulduz Musayeva

HEYDƏR ƏLİYEV HÜQUQ VƏ İDARƏETMƏ SİSTEMİNİN MÖHKƏMLƏNMƏSİNDƏ ROLU

Paylaş
Xəbər lentİ