DEPUTAT NAMİZƏDLİYİNİ GERİ GÖTÜRDÜ – "İki dəfə deputat oldum, bəsdir..."

Oxunma sayı: 451
23-01-2020, 17:02

DEPUTAT NAMİZƏDLİYİNİ GERİ GÖTÜRDÜ – "İki dəfə deputat oldum, bəsdir..."
44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd, millət vəkili Hacı Salayev namizədliyini geri götürüb.

Hacı Salayev 9 fevral VI çağırış növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı qeydə alındığı seçki dairəsinə ərizə verib.


H.Salayev özü də “azxeber.com” saytına namizədliyini geri götürdüyünü təsdiq edib: "Xəbər yayılıb və bu düz xəbərdir. Mən namizədliyimi geri götürmüşəm".

Hacı Salayev hansı səbəbdən bu addımı atdığı haqda isə danışmaq istəməyib.

Deputat "modern.az" saytına açıqlamasında isə namizədliyini geri götürməsini belə əsaslandırıb: “Namizədliyimi geri götürməyimdə heç bir ciddi səbəb yoxdur. İki dəfə deputat olmuşam, bəsdir. Haqqımda o qədər nahaqdan yazdınız ki, deputat olduğuma peşman oldum. Haqqımda son yazılanlara baxdım və qərar verdim ki, deputat olmayım. İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın. Ona görə geri çəkildim ki, məni yaddan çıxartsınlar”.

Hacı Salayev son olaraq xahişini də dilə gətirib: “Haqqımda nahaq yazan jurnalistlərdə bir xahişim var. Həmin yazıları pozsunlar”.

Xatırladaq ki, Hacı Salayev 2010-cu il IV-cü və 2015-ci il V-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Paylaş
Xəbər lentİ