Sərbəst güləşçilərimizdən 1 gümüş, 2 bürünc medal - YENİLƏNİB - FOTO

Oxunma sayı: 463
16-02-2020, 03:13

Sərbəst güləşçilərimizdən 1 gümüş, 2 bürünc medal - YENİLƏNİB - FOTO
Azərbaycan sərbəst güləşçisi Nurməhəmməd Hacıyev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında 3-cü yer uğrunda görüşə çıxıb.

"Report"un məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan 24 yaşlı pəhləvanın rəqibi gürcüstanlı Elizbar Odikadze olub. İlk hissədə 0:1 hesabı ilə geri düşən Hacıyev ikinci yarıda da dönüş yarada bilməyib. O, yekunda 2:3 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənməli olub.

Beləliklə, Azərbaycan sərbəst güləşçiləri günü 3 medalla başa vurublar. Daha əvvəl Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (61 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc medala yiyələnib.

***23:05

Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 79 kq çəki dərəcəsində yer alan 30 yaşlı pəhləvan 3-cü yer uğrunda görüşdə türkiyəli Batuhan Demircinə qalib gəlib - 5:4.

Qeyd edək ki, bu, Azərbaycanın sərbəst güləş növündə üçüncü medalı olub. Daha əvvəl Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (61 kq) bürünc medala yiyələnib.

Bu, Həsənovun son 3 ildə 3-cü bürünc medalı olub.

***22:39

Azərbaycan sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində rəqib Polşa təmsilçisi Məhəmmədmurad Hacıyev olub. İlk hissədə 0:1 hesabı ilə geri düşən Mustafayev fasilədən sonra da məğlubiyyətdən qurtula bilməyib. Nəticədə 31 yaşlı pəhləvan 0:2 hesabı ilə uduzaraq, ardıcıl ikinci il gümüş medalla kifayətlənib.


Qeyd edək ki, bu, Azərbaycanın sərbəst güləş növündə yeganə finalı və ikinci medalı olub. Daha əvvəl Əli Rəhimzadə (61 kq) bürünc medala yiyələnib.

***21:58

Azərbaycan sərbəst güləşçisi Əli Rəhimzadə İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 61 kq çəki dərəcəsində yer alan gənc pəhləvan 3-cü yer uğrunda görüşdə Macarıstan təmsilçisi İsmail Musukayevlə üz-üzə gəlib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşsa da, Rəhimzadə sonuncu xalı aldığı üçün mükafatçılar sırasına düşüb.


Qeyd edək ki, bu, Azərbaycanın sərbəst güləş növündə ilk medalıdır.

Paylaş
Xəbər lentİ