Arasdirma.info

Kiprlə oyunun qəhrəmanı Rəhim Sadıxov kimdi? - VİDEO

10-09-2020, 07:13

Kiprlə oyunun qəhrəmanı Rəhim Sadıxov kimdi? - VİDEO
Millətlər Liqasında Azərbaycan yığması səfərdə Kipr millisinə 0:1 hesabı ilə qalib gəldi.

Komandamız ümumilikdə yaxşı oyun nümayiş etdirsə də, meydanda diqqət çəkən bir futbolçu var idi: Rəhim Sadıxov.

Sosial şəbəkələrdə ancaq bu futbolçunun adı hallanır, oyun tərzi, peşəkarlığı haqda xoş sözlər yazılırdı. Təbii ki, Azərbaycan Premyer Liqasını izləyənlər yarımmüdafiəçini yaxşı tanıyırlar.

Rəhim Sadıxov 1996-ci ilin iyulun 18-də Mosvkada dünyaya göz açıb. Rusiyanın paytaxtı Moskvada yaşayan Azərbaycan ailəsində doğulan Rəhim uşaq yaşlarından "Spartak"ın akademiyasında futbolla məşğul olmağa başlayır. Burada özünü yaxşı tərəfdən göstərən yarımmüdafiəçi tezliklə Moskva təmsilçisinin əvəzedici komandasında oynamaq şansı qazanır.

"Spartak 2"də oyunu alınmayan pleymeyker cəmi 1 oyunda meydana çıxmaq şansı əldə edir.

O, 2014-cü ildə komandadan ayrılır və 1 il futbolsuz qalır. 2015-ci ildə isə Mosvkanın "Solyaris" klubununa azad agent olaraq transfer olunur. Paytaxt təmsilçisində qol vura bilməsə də, 16 matçda meydana çıxaraq oyun quruculuğu ilə diqqət çəkir.

Məhz bu səbəbdən 2016-ci ildə Moskvanın başqa komandası olan "Torpedo"ya transfer olunur. 80 matçda 24 qol vurub, 11 assist edən hücumameyilli yarımmüdafiəçi 3 mövsüm burada çıxış edir.

2019-cu ilin sentyabrından isə onun Azərbaycan karyerası başlayır. Sadıxov azad agent olaraq "Sumqayıt"a keçir. Ötən mövsüm "kimyaçılar"ın heyətində 18 matçda meydana çıxan pleymeyker 5 qol vurub, 1 asisst etməyi bacarır. Bu da millimizin məşqçilər korpusunun diqqətindən yayınmır və Millətlər Liqasında Lüksemburq və Kipr yığmaları ilə oyunlar üçün yığmaya dəvət olunur.

Hazırkı dəyəri 350 min avro olan futbolçu Azərbaycanın U-17 komandasında 6 dəfə, U-19-da isə 1 dəfə forma geyinib. Dünən Kiprlə matçda isə əsas milli komandanın heyətində debüt etdi.

Bir sözlə, Azərbaycan futbolu adına töhfə verə biləcək yeni futbolçu yetişir. Ulduz xəstəliyinə tutulmamasını, zədələrin uzaq qaçmasını ümid edərək, Rəhimə karyerasında uğurlar arzu edirik...

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN