Nazirliyin Aqrar Tədqiqatlar Mərkəzi soğanın manat yarıma qalxmasını necə izah etdi...

Oxunma sayı: 568
27-03-2019, 22:51

Nazirliyin Aqrar Tədqiqatlar Mərkəzi soğanın manat yarıma qalxmasını necə izah etdi...
Firdovsi Fikrətzadə: “Yaxın günlərdə soğanın qiymətinin ucuzlaşacağı gözlənir”
Nicat Nəsirli: “Soğanın qiymətinə təsir edən ciddi faktor…”



Arasdırma.info Bakıxebere istinaden bildirir ki,Son günlər soğanın satış qiyməti bahalaşıb. 1 həftə əvvəl kilosu 60-70 qəpik arasında olan soğan hazırda 1 manat 50 qəpiyə satılır. Satıcılar soğanın satış qiymətinin yüksəlməsinin məhsulun az, tələbatın isə çox olması ilə bağlı olduğunu bildirirlər.

Soğanın satış qiymətinin nə səbəbdən yüksəldiyini öyrənmək üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdik. Nazirliyin Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə bildirdi ki, ötən ilin analoji dövründə soğanın qiyməti 60-70 qəpik təşkil edib: “Hazırda isə soğanın pərakəndə satış qiyməti 1 manat 20 qəpik - 1 manat 30 qəpik arasında dəyişir. Bunun da əsas səbəbi bu ilin yaz mövsümündə Türkiyəyə soğan ixracının gözlənilməz şəkildə artmasıdır. Adətən Azərbaycanda yanvar-mart ayları ərzində 2-3 min ton soğan ixrac olunurdusa, bu ilin 2 ayı ərzində 7300 ton soğan ixrac edilib. Ötən ilin eyni dövründə cəmi 1200 ton soğan ixrac olunub. Bu ilin 2 ayı ərzində ixrac edilən 7300 ton soğanın 5900 tonu Türkiyəyə göndərilib. Bu isə bazar şərtlərinə təsir edib. Bir neçə ay sonra faraş soğan istehsal olunacaq. Biz ixracı bunun hesabına daha da artıracağıq”.

Həmsöhbətimizin sözlərinə görə, yaxın günlərdə soğanın qiymətinin ucuzlaşacağı gözlənir: “Soğanın qiymətindəki bahalaşma qısamüddətli bazar ajiotajıdır. Məlumat üçün bildirim ki, 2016-cı ildə Rusiya bazarlarına sanksiyalarla əlaqədar ixrac artmışdı. Amma həmin vaxt da bahalaşmada ixracın həcminin artımından çox ajiotaj daha böyük rol oynadı. İndi hamı düşünür ki, soğan Türkiyəyə satılır deyə, qıtlıq olacaq. Amma hazırkı qiymət bahalaşması sırf Türkiyəyə soğan ixracının artımı ilə əlaqədar yaranmış ajiotajdan doğur. Ajiotaj səngiyən kimi, soğanın qiyməti əvvəlki həddində qərarlaşacaq. Yaxın günlərdə soğanın qiymətinin mövsümün qiymət səviyyəsinə uyğun olacağını düşünürəm.

Sahibkarlar bazarın reaksiyasına uyğun olaraq, istehsal həcmini artırıblar. Soğanda ixrac ənənəsinin yaranması müsbət haldır. 2017-cı ildə 56 min ton, 2018-ci ildə 40 min ton soğan ixrac etmişik. Hansı ki, tarixən həmişə ildə 3-5 min ton faraş soğan ixrac olunub. Növbəti dəfə daxili bazarda qiymətlərin stabilliyi təmin olunmaq şərtilə bazar imkanlarından istifadə edərək, soğan ixracımızı daha da artırmağa nail olacağıq”.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli bizimlə söhbətində qeyd etdi ki, soğanla bağlı məsələ hər il bu vaxt, Novruz bayramı başa çatandan sonra problem olaraq qarşıya çıxır. Ənənəvi problemdir: “Son günlər apardığım müşahidələr deməyə əsas verir ki, bir çox bazarlarda, yerindən asılı olaraq, 1-1.50 manat və hətta 1.70 - 2 manat həddinə qədər soğanın qiyməti qalxa-qalxa gedir. Qiymət artımının müxtəlif səbəbləri var. Səbəblərin arxa planına baxmaq lazımdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, hər il ölkədə 200 min tondan artıq soğan istehsal olunur. Bu həcm ölkə tələbatını tam təmin etməyə imkan verir. Lakin bəzi problemlər soğanda ciddi itkilərə gətirib çıxarır. Biz bu qədər həcmi düzgün idarə edə bilmirik. Birinci növbədə həcmin böyük hissəsi yazlıq sortlardır. Əgər böyük hissə payızlıq sortlar olsaydı, təbii ki, onlar uzunmüddətli, davamlı olardı. İlin sonuna qədər saxlana bilərdi və nəticədə tələbat təmin olunardı. Məsələnin ikinci tərəfi odur ki, payızlıq sortlar az əkilir və bu sortlar saxlanmaya davamlıdır. Lakin ən ciddi problem odur ki, Azərbaycanda ixtisaslaşmış soğan saxlanc yerləri, xüsusiləşmiş anbarlarımız azdır. Məhsulu həmin anbarlara yığıb düzgün idarə edə bilmirik. Satış yerlərində də soğanı hər gün seçirlər. İtki normaları deyilən anlayış var. Soğan elə tərəvəz məhsullarından biridir ki, hər gün çəki itirir. Burada iqlim amili, insanın təsirləri var”.

Ekspert bildirdi ki, soğanın qiymətinə təsir edən ciddi faktor bitki mühafizə tədbirləri ilə bağlıdır: “Soğanın qiymətinə təsir edən ciddi faktorlardan biri də ənənəvi soğan əkilən rayonlarımızda bitki mühafizə tədbirlərinin kifayət qədər vaxtında uğurlu həyata keçirilməməsidir. Biz görürük ki, soğan sahələrində məhsul yığılır günlərlə, hətta aylarla piramida kimi sahəyə yığırlar, müxtəlif ot, ələflə onu örtürlər. Bu zaman müxtəlif zərərvericilər formalaşır, torpaqda bakterial xəstəliklər var. Onlar məhsula keçir, sonra soğanın qabığının arxasında formalaşır və məhsulun böyük hissəsi sahədə satılmamış əldən gedir. Bütün bu faktorlar həm əkin strukturunun düzgün qurulmaması, eyni zamanda, yüksək texnologiya ilə təmin olunmuş saxlanc yerlərinin olmaması ilə bağlıdır.

Həmsöhbətimiz onu da vurğuladı ki, soğanın Türkiyəyə ixracı cüzi olub və bunun qiymət artımına böyük təsiri yoxdur. “Aprelin sonunda yazlıq soğan çıxacaq və bununla da qiymətlər xeyli sabitləşəcək.

Paylaş
Xəbər lentİ