"Şəhrizad" baletinin tamaşası olacaq

Oxunma sayı: 546
3-10-2019, 01:21

"Şəhrizad" baletinin tamaşası olacaq
Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Nikolay Rimski-Korsakovun musiqisi əsasında səhnələşdirilmiş "Şəhrizad" baletinin tamaşası olacaqdır.

Arasdırma.info xəbər verir ki, balet bəstəkarın 1888-ci ildə yazdığı eyniadlı simfonik süitası əsasında tamaşaya qoyulmuşdur.

Balet tamaşasının klassik xoreoqrafiyasının müəllifi məşhur xoreoqraf Mixail Fokindir. M.Fokinin 1910-cu ildə həyata keçirdiyi quruluş Rusiya Akademik Böyük Teatrı, Sankt-Peterburq Mariinski adına Teatrı, Ukrayna Milli Operasının səhnəsində bu gün də nümayiş olunur. Elə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşası da M.Fokinin quruluşu əsasında hazırlanmışdır.

Tamaşada əsas partiyanı - Zübeydə rolunu ilk dəfə balet truppasının aparıcı solisti, Əməkdar artist, Prezident mükafatçısı və "Humay" milli mükafatının laureatı Cəmilə Kərimova ifa edəcəkdir. Tamaşada həmçinin Əməkdar artist Makar Ferştandt, solistlər Timur Oduşev, Dilarə Mehdiyeva, Dinara Şirinova və b. çıxış edəcəklər.

Balet tamaşasını Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcəkdir

Paylaş
Xəbər lentİ