RAMİZ MEHDİYEV ÖZÜNƏ VƏ SABİQ MƏMURLARA HÜCUMA ETİRAZ ETDİ:"Belə hərəkətlər olduqca təhlükəlidir"

Oxunma sayı: 486
2-08-2020, 04:00

RAMİZ MEHDİYEV ÖZÜNƏ VƏ SABİQ MƏMURLARA HÜCUMA ETİRAZ ETDİ:"Belə hərəkətlər olduqca təhlükəlidir"
“Son dövrdə mühacirətdə fəaliyyət göstərən bir sıra müxalifyönlü jurnalistin internet kanalları vasitəsilə yayımladıqları veriliş və müzakirələrdə ölkə rəhbərliyinin ünvanına etik hədləri aşan üslubda səsləndirdikləri ittiham və böhtanlar Azərbaycan cəmiyyətinin əksər üzvləri kimi, məni də dərindən narahat edir”.

Arasd;rma.info xəbər verir ki, bu fikirlər AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərtac”a açıqlamasında yer alıb.

R.Mehdiyev qeyd edir ki, xüsusilə də həmin şəxslərin istefaya göndərilmiş, yaxud başqa vəzifəyə təyin olunmuş şəxslərlə bağlı həyata keçirməyə çalışdıqları manipulyasiya cəhdləri təəssüf doğurur:

“Bu cəhdlərin ölkə rəhbərliyi ilə sabiq məmurları üz-üzə qoymaq, anlaşılmazlıq yaratmaq, ixtilaf salmaq, cəmiyyətdə, guya, iqtidar daxilində dərin ziddiyyətlərin olması haqqında rəy formalaşdırmaq taktikasına söykəndiyi açıq-aşkar görünməkdədir.

Azərbaycanın olduqca həssas siyasi mərhələyə qədəm qoyduğu, Ermənistanın təcavüzü və dünya erməniliyinin aqressiv hücumları ilə üzləşdiyi, pandemiyanın fəsadları ilə mübarizə apardığı bir vaxtda ictimai rəyi belə bir formada çaşdırmaq və parçalamaq dövlətçilik maraqları nöqteyi-nəzərindən qətiyyən yolverilməzdir. Belə hərəkətlər ölkəmizin taleyi baxımından da olduqca təhlükəlidir.

Mən bu cür mübarizə yolunu seçənləri bir daha öz fəaliyyətlərini nəzərdən keçirməyə, cəmiyyətimizin və dövlətimizin həyati mənafelərini nəzərə almağa çağırıram. Onlar nəzərə almalıdırlar ki, xaricdən səsləndirdikləri radikal ifadələr Azərbaycanda müvafiq kəskin reaksiyaya səbəb olacaqdır.

Şəxsən öz adımdan bir daha bəyan etmək istəyirəm ki, siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil və mən ömrüm boyu xidmət etdiyim yoldan hansı vəzifəni tutmağımdan asılı olmayaraq heç vaxt dönməmişəm, daşıyıcısı olduğum əqidənin doğruluğuna dair tərəddüd hissi keçirməmişəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideallarının ölkəmizin sabitliyi, rifahı və inkişafı üçün ən düzgün siyasi seçim olduğuna daim əmin olmuşam. Bu yolda Heydər Əliyevin və Prezident İlham Əliyevin sadiq silahdaşı olaraq uzun illər fəaliyyət göstərmişəm və bundan sonra da göstərməyə davam edəcəyəm. Mənim dövlət başçısına bağlılığım mənəviyyat və dövlətçilik məsələsidir. Burada şəxsi mənafedən və cılız maraqlardan söhbət belə gedə bilməz.//Strateq.az

Paylaş
Xəbər lentİ