Ölkə başçısının növbəti əfv sərəncamı kimlərə şamil ediləcək?

Oxunma sayı: 332
10-09-2020, 20:50

Ölkə başçısının növbəti əfv sərəncamı kimlərə şamil ediləcək?
Zahid Oruc: “Hakimiyyət orqanlarında baş verən dəyişikliklər öz bəhrəsini verib”

Əliməmməd Nuriyev: “Əminəm ki, ölkə başçısının əfv siyasəti böyük uğurla həyata keçirilir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 sentyabr tarixli sərəncamı ilə Əfv Komissiyasının yeni tərkibini təsdiqlədi. Komissiyasının yeni tərkibinə daxil edilən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, deputat Zahid Oruc amnistiya qərarlarının şəxslərə deyil, qanunvericiliyə əsaslandığından, onun əhatə dairəsinə düşən insanların sayının on minlərlə olduğunu bildirib. O, “Hürriyyət”ə açıqlamasında cinayət və cəza siyasətinin həmişə balanslı olmalı olduğunu qeyd edib:

“Bildiyiniz kimi, Azərbaycanda Əfv İnsitutu 90-cı illərin hadisəsidir. O dövrə bir daha qayıtsaq, məlum olur ki, Azərbaycanda müxtəlif silahlı birləşmələrin və onların çevrəsində minlərlə şəxsin ölkə daxili proseslərdə iştirakı olub. Dinclik və sabitlik yaradılması naminə qanunun sərt üzü göstərilərkən, çoxlu insanlar həbsə məruz qalıb. Daha sonra, Ulu Öndər Heydər Əliyev tərəfindən sabitliyin geridönməz xarkteri nəzərə alınaraq, digər tədbirlər vasitəsilə və cəmiyyətdə birliyi gücləndirmək üçün addımlar atıldı. Məhz, o zaman Əfv Komissiyasının üzvləri formalaşdırıldı və ötən onillər ərzində bunun formalaşdırılması mümkün oldu. İlk növbədə, biz nəzərə almalıyıq ki, hər il demək olar ki, ənənə halını alan və müxtəlif bayram dövrlərində verilən qərarlar ilk növbədə cəmiyyətdə o mərhəməti və humanizmi gücləndirməyə xidmət edir. Yəni, insan həyatda bir sıra hallarda səhv edir və bu cinayət əməlləriylə də müşahidə oluna bilər. Əfv sərəncamı da ona görədir ki, həmin insan bu humanitar və mənəvi addımdan nəticə çıxara bilər. Bəlkə də bu vasitəylə islah olunsun və normal həyata dönsün. Əslində əfv sərəncamının məramı budur. Tam 16 ildə verilən və əfv qərarlarına daxil edilən insanların sayı 8000-ə nəfərə qədərdir. Bu kifayət qədər böyük rəqəmdir. Bunların hər biri cəzalarının tam hissəsini çəkmiş olsaydı, onların həyatı və cəmiyyətə adaptasiya olunmasıyla bağlı nə qədər sosial öhdəliklər meydana çıxardı. Məsələnin başqa önəmli tərəfi odur ki, eyni zamanda bu hüquq sisteminə də təsir edir. Doğrudur, cinayət və cəza siyasəti həmişə balanslı olmalıdır. Həbsxanaları tamamilə boşaltmaq və sıfırlamaq nəzəriyyəsi cəmiyyət üçün ağır nəticələrə gətirib çıxarar. Ancaq, dediyimiz humanizm ondan ibarət olmalıdır ki, qanunvericlik sistemində də dəyişiklik olsun. Bu istiqamətdə addımların atılmasında vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd etməliyik. Çünki, Heydər Əliyev fonduna ölkəmizin müxtəlif guşəsindən edilələn müraciətlərin sayı qat-qat çoxdur. O, ümiddolu məktubların nəticəsində hüquqi aktlar meydana çıxmış oldu. Mən, çox yaxşı xatırlayıram ki, Parlament üzvü kimi Mehriban xanım tərəfindən bu istiqamətdə müxtəlif sənədlər təqdim olunub. Amnistiya qərarları şəxslərə deyil, qanunvericiliyə əsaslandığından onun da əhatə dairəsinə düşən insanların sayı on minlərlədir”.

Zahid Oruc hazırda əfv komissiyasının katibliyinə yüzlərlə müraciətin olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə məhbusların hər birinin xarakterləriylə bağlı informasiyaların alınması üçün müraciət edilib:

Ölkə başçısının növbəti əfv sərəncamı kimlərə şamil ediləcək?

“Dünən də ölkə rəhbərliyi tərəfindən Əfv Komissiyasının yeni tərkibi təsdiq olundu. Komissiya müxtəlif hakimiyyət inistutlarının nümayəndələrindən formalaşıb. Burada eyni zamanda ictimaiyyət nümayəndələri də iştirak edir. Prezident Admnistrasiyasının rəhbəri Samir Nuriyev də Əfv Komissiyasına başçılıq edəcək. 2019-cu ildən başlayaraq, Prezident İlham Əliyev tərəfindən genişmiqyaslı dəyişikliklər siyasəti həyata keçirilir. Artıq geniş münasibətlər erasına daxil olduğumuzu deyə bilərik. İnformasiya vasitələrində yaşanan müxtəlif qarşıdurmalar fonunda irəli sürdüyümüz fikirləri əsaslandırmalıyıq. Hər bir halda hakimiyyət orqanlarında baş verən dəyişikliklər öz bəhrəsini verib. Koronavirus pandemiyasıyla bağlı, Prezidentin göstərişiylə müxtəlif yaş kateqoriyalarında olan 400-dən artıq şəxs azadlığa buraxıldı. Hazırda isə Əfv Komissiyasının katibliyinə edilən yüzlərlə müraciətlər var. Bu müraciətlər müvafiq prosedurlardan keçir. Məhbusların hər birinin xarakterləriylə bağlı informasiyalar alınır. Daha sonra isə geniş müzakirəyə çıxarılacaq. Ən sonda isə cənab Prezidentə və Mehriban xanıma təqdim ediləcəkdir. Eyni zamanda qeyd edim ki, 2019-cu ildə 434 nəfərə şamil edilən qərar, beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qiymətləndirilib. Gəlin, ölkədaxili məsələlərimizi ölkədən kənara çıxaramayaq və onu daxildə həll etməyə çalışaq. Bir sıra hallarda insan haqları məsələsi beynəlxalq aləmin “dəyənəyinə” çevrilib”.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev göstərilən etimada görə, “Hürriyyət” vasitəsilə ölkə başçısına təşəkkürünü bildirib. O, ölkə başçısının cəmiyyətin bütün seqmentləriylə yanaşı, məhkumlarla bağlı humanist qərarlar verdiyini deyib:
Ölkə başçısının növbəti əfv sərəncamı kimlərə şamil ediləcək?

“Ölkə başçısının yenidən mənə etimad göstərməsi böyük məsuliyyətdir. Hesab edirəm ki, bu etimadı doğrultmalıyıq. Əfv Komissiyasının üzvü çox mühüm qərarlar hazır edir. Ona görə də, burda ölkə başçısının gözləntiləri çoxdur. Sözsüz ki, cəmiyyətin də Əfv Komissiyasından gözləntiləri olur. Bu baxımdan, cənab Prezidentin Əfv Komissiyasını yenidən formalaşdırmasıyla bağlı sərəncamında çox peşəkar və yüksək dövlət məsuliyyəti olan şəxslərin ora daxil edilməsi öz töhvəsini verəcəkdir. Əminəm ki, ölkə başçısının əfv siyasəti böyük uğurla həyata keçirilir. 2003-cü ildən bu günə qədər 34 əfv sərəncamı verilib. Hər sərəncamda da 4000-dən çox məhbus azadlığa çıxıb. Onların 95 faizi azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad edilib. Cənab Prezident, hər zaman mərhəmət və humanizm prinsipləri üzərində fəaliyyətini qurur. Cəmiyyətin bütün seqmentləriylə yanaşı, o cümlədən məhkumlarla bağlı humanist qərarlar verilir. Ölkə başçısı prezident səlahiyyətlənin icrasına başladığı ilk dönəmlərdə “mən hər kəsin Prezidenti olacam” fikrini demişdir. Həqiqətən də cənab Prezident, apardığı bütün siyasətlərdə, o cümlədən əfv siyasətində öz sözünü deyir. Ona görə də, bu siyasətin uğurla həyata keçirilməsində əvəzedilməz xidmətlər var. Biz də öz töhvəmizi verməyə borcluyuq. Əlbəttə ki, əfv sərəncamıyla bağlı gündəlik olaraq müraciətlər olunur. Əfv Komissiyasının sektoru fasiləsiz işləyir və gələn müraciətlərə baxır. Müvafiq rəylər alınır və hər bir məhkumla bağlı arayış hazırlanır. Komissiyanın iclası olan zaman müzakirəyə çıxarılır. Daha sonra verilən qərarlar ölkə başçısına təqdim edilir. Cənab Prezident tərəfindən şəxsən kimlərin əfv olunacağı təsdiq ediləcək. Bu yalnız ölkə başçısının müstəsna səlahiyyətlərinə daxil olan məsələdir. Biz, Əfv Komissiyasının üzvü olaraq, kimlərin əfv olunacağını müəyyənləşdirə bilmərik. Çünki əfv etmək hüququ Prezidentin səlahiyyətlərinə daxil olan məsələdir. Ümid edirəm ki, komissiya da qoyulan vəzifəni düzgün icra edəcəkdir”.

Paylaş
Xəbər lentİ