Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır.

Oxunma sayı: 500
16-11-2020, 11:06

Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır.
Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır.
Ulu öndər Heydər Əliyevin imzası ilə tarixə yazılan 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı artıq 19 ildir ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd edilir.
Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gün - 1918-ci il may ayının 28-də təsis edilmişdir.
Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. 1920-ci il aprel ayında Sovet Rusiyasının XI ordusu Azərbaycan Xalq Cümhuriyyətini işğal edildikdən sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.
1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunmuş, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilmiş və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür. İfrat mərkəzləşdirilmiş hakimiyyətə aludəçilik, ayrı-ayrı dövrlərdə ədliyyə orqanlarından repressiya aləti kimi istifadə edilməsinə yönələn dövlət siyasəti, bu orqanların dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.
Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamış, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişlənmiş, cəmiyyətdə rolu artmışdır. Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Dövlət başçısının 06 fevral 2009-cu il tarixli Sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" təsdiq edilərək həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.
Əlavə olaraq onu da qeyd etmək lazımdır ki,10 noyabr Qələbə bayramı tarixin bizə verdiyi ən gözəl hədiyyədir.Belə ki,Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, eləcə də Ermənistan baş nazirinin imzaladığı birgə bəyanat məzmun, mahiyyət, nəticə etibarilə işğalçı Ermənistanın tam məğlubiyyəti, Azərbaycanın isə, birmənalı şəkildə, çox böyük siyasi qələbəsidir.Bu qələbəni əldə etmək uğrunda bütün xalq Ali Baş Komandanımızın ətrafında birləşdi.Nəticədə Azərbaycan xalqı nə qədər güclü və böyük xalq olduğunu bir daha dünyaya sübut etdi.
Hörmətli ədliyyə işçiləri peşə bayramınız və Qələbə bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edir, işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzu edirəm.Arzu edirəm ki,sıralarımız azad olunmuş torpaqlarda və bütün Qarabağda genişlənsin.
Bakı şəhər 31 saylı Notariat ofisinin notariusu Ramiz Hümmətov

Paylaş
Xəbər lentİ