NATO-dan Azərbaycanla bağlı - Ciddi mesaj

Oxunma sayı: 508
5-04-2019, 17:47

NATO-dan Azərbaycanla bağlı - Ciddi mesaj
Stoltenberqin NATO sammitində Azərbaycanla bağlı çıxışına olduqca ciddi yanaşmaq lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O bildirib ki, bu, NATO-nun yubiley sammiti idi:

“Sammitin keçirilmə yerinin Vaşinqton olduğunu nəzərə alsaq, Stoltenberqin bu çıxışı təsadüfi deyil. NATO artıq Şərqi Avropada güclənib, Ruminıyada və Baltikyanı ölkələrdə NATO raketləri müxtəlif istiqamətlərə tuşlanıb. Bu il ABŞ-da keçirilən sammit də rəmzi məna daşıyır. Sammit zamanı ilk dəfə olaraq, NATO kürsüsündə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu tərəfindən Qarabağla bağlı məsələyə toxunulub. Çavuşoğlu Türkiyənin ətrafında olan münaqişələrdən bəhs edərkən Qarabağ münaqişəsini xüsusi qeyd edib. İlk dəfə olaraq, Qarabağ münaqişəsi ilə bağlı NATO kürsüsündə diplomat dili ilə mesaj verilib. Nəzərə almalıyıq ki, Türkiyə NATO üçün önəmli dövlətlərdən biridir. Münaqişəni həll etməyin zəruriliyi ilə bağlı Türkiyənin bu mesajı NATO üzvü olan digər ölkələri də düşünməyə vadar edəcək”.

Politoloq vurğulayıb ki, NATO-nun Baş katibinin də öz çıxışında Azərbaycan üzərində xüsusilə dayanması, Azərbaycan-NATO münasibətlərindən danışması, Azərbaycanın NATO üçün önəmli tərəfdaş olduğunu bildirməsi Azərbaycanın Avropa və ABŞ üçün önəmini göstərən faktorlardır:

“Bu xüsusi diqqətin qarşılığını da onlar istəyə bilər. Məsələ burasındadır ki, NATO bu gün genişlənməkdədir. Bu genişlənmə artıq Qara dəniz hövzəsinə qədər gəlib çıxıb. Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı məsələ gündəmdədir. Təbii ki, NATO-nun əsas məqsədi Xəzər dənizinə kimi olan dövlətlərin (Cənubi Qafqaz ölkələri də daxil olmaqla) NATO-nun üzvü olmasıdır”.

Politoloq qeyd edib ki, burada Azərbaycanın da yürütdüyü xarici siyasət çox maraqlıdır:

“2000-ci illərin əvvəllərindən NATO, AB, ümumilikdə, Qərb Azərbaycanı müxtəlif siyasi və hərbi layihələrdə görmək istəyir. Azərbaycan çox düşünülmüş, rasional, strateji, ölkənin milli maraqlarına cavab verən xarici siyasət yürüdür. Azərbaycanın atdığı addımları qonşu - xüsusilə Qərb ilə maraqları uzlaşmayan ölkələr nəzərə almalıdır. ABŞ-İran münaqişəsində Azərbaycana müxtəlif təkliflər edilirdi. Ancaq Azərbaycan daim bildirirdi ki, biz öz torpaqlarımızdan İrana qarşı istifadə etməyə imkan verməyəcəyik. Mehriban qonşuluq siyasəti, rasional və düşünülmüş sülh siyasəti budur. Bəzi ölkələrə bu təkliflər edilsəydi, onlar düşünmədən bu təklifi qəbul edərdilər. Ancaq biz təbii ki, xarici siyasət prioritetlərimizi müəyyən edərkən regionda baş verənləri də diqqətlə izləyirik”.

Politoloqun sözlərinə görə, NATO Baş katibinin öz çıxışında verdiyi mesaj təkcə Azərbaycana deyil, bu regiona maraqlı olan digər dövlətlərə də yönəlib:

“Azərbaycan lazımlı dövlətdir. Ona görə də rəsmi Bakının maraqları digər dövlətlər tərəfindən nəzərə alınmalıdır. Güclü iqtisadi resursları olan Azərbaycan müxtəlif vektorlar üçün əslində sərfəli tərəfdaşdır. Cənubi Qafqazda Azərbaycana xüsusi vurğu etmək lazımdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapması üçün də bizi özünə tərəfdaş sayan dövlətlər və yaxud güclər Azərbaycanın ərazi bütövlüyünü təkcə sözdə tanımalı deyil, eləcə də bunu davranışlarında göstərməlidirlər”.

Paylaş
Xəbər lentİ