"Kremlin dili ilə danışan Arutunyan" və geosiyasi planlar - Azərbaycan hansı addımı atacaq?

Oxunma sayı: 314
23-02-2021, 19:21

"Kremlin dili ilə danışan Arutunyan" və geosiyasi planlar - Azərbaycan hansı addımı atacaq?
Ermənistan müdafiə naziri Vaqarşak Arutunyanın "Novosti” agentliyinə verdiyi son müsahibədə Rusiya sərhədçilərinin İran və Türkiyədən sonra bu ölkənin Azərbaycanla sərhədində də yerləşdiyini söyləməsi birmənalı qarşılanmadı.

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, erməni müdafiə nazirinin bu fikirlərinin arxasında əslində Kremlin geosiyasi planları dayanır:

"Bu addım təbii ki, Moskvanın bölgə ilə bağlı geosiyasi planından irəli gəlir və Azərbaycana təzyiq etmə mexanizminin tərkib hissəsidir. Ermənistanın Azərbaycanla sərhədində də Rusiyanın 102-ci bazasının əsgərlərinin yerləşdirilməsi Qarabağ ətrafında gedən proseslərin nəticəsidir. Moskva bununla əzələ nümayiş etdirir. Ermənistan müdafiə naziri Arutunyan Rusiya qoşunlarının Azərbaycanla sərhəd zonasında yerləşdirilməsi barədə açıqlamanı da özbaşına verməyib. O, birbaşa Kremlin dili ilə danışır”.

Həmsöhbətimiz bildirdi ki, belə bir vəziyyətin yaranacağını gözləyirdi:

"Rusiya bu addımla iki ölkənin sərhədində mövqe tutmaqla gələcək perspektivdə İrəvanla Bakı arasında imzalana biləcək hər hansı bir sülh razılaşmasının qarşısını almağı düşünür. Çünki Cənubi Qafqazın bu iki ölkəsi arasında sülh razılaşmasının əldə edilməsi Kremlin geosiyasi maraqlarına cavab vermir”.

Politoloqun fikrincə, Moskvanın həmin addımına adekvat olaraq Bakı da Türkiyə qoşunlarının bölgədə varlığını təmin etməlidir:

"Moskva bu sayaq təzyiqlərlə həm də çalışır ki, Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya Birliyinə üzv olmağa məcbur etsin. Rusiyanın bu siyasətinin əksinə olaraq, neytral vəziyyətin yaradılması üçün Azərbaycan öz növbəsində Türkiyə hərbi bazasının Ermənistanla sərhəddə yerləşdirilməsini təmin etməlidir”.

Paylaş
Xəbər lentİ