İcra binasındakı insidentə görə həbs edilən qadınla bağlı - Açıqlama+Yenilənib

Oxunma sayı: 108
30-08-2022, 00:17

İcra binasındakı insidentə görə həbs edilən qadınla bağlı - Açıqlama+Yenilənib
Gədəbəy Rayon İcra Hakimiyyətində icra başçısının qəbulu zamanı insident baş verib.

Arasdırma.info xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəbuldan əvvəl yaranmış növbə zamanı rayonun Slavyanka kənd sakini, 1980-ci il təvəllüdlü T.Hümbətova ilə digər şikayətçilər arasında dava-dalaş olub.

T.Hümbətovaya qəbul sırasında şəhid ailələri və qazilərin öndə olduğu bildirilib. İttihama görə, o, səs-küy salaraq yarım saat müddətində icra hakimiyyətində normal iş ahəngini pozub. Qurumdakı mühafizə polisi əlavə naryad dəvət etdikdən sonra 42 yaşlı qadın saxlanılaraq Gədəbəy Rayon Polis Şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin xuliqanlıq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan qadın protokolla birgə Gədəbəy Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə bildirilib ki, T.Hümbətova əvvəllər də həbs həyatı yaşayıb və dəfələrlə İcra Hakimiyyətində qəbullarda iştirak edib. Məhkəmə ona 25 sutka həbs cəzası təyin edib.

Hadisə ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan “Qafqazinfo”ya bildirilib ki, T.Hümbətovanın şikayətləri ilə bağlı dəfələrlə ona izahatlar verilib və müvafiq köməkliklər göstərilib.

***

Gədəbəy rayon İcra Hakimiyyəti baş vermiş insidentlə bağlı açıqlama yayıb. “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir:

“Gədəbəy rayonunun Slavyanka kənd sakini, 23.05.1980-ci ildə anadan olmuş Hümbətova T. 24.02.2022-ci il tarixdə Gədəbəy RİH-də xuliqanlıq etdiyinə görə də məhkəmənin qərarı ilə 5 gün müddətinə inzibati qaydada həbs edilib.

Əlavə olaraq bildiririk ki, Gədəbəy RİH başçısının əvvəlcədən müəyyən edilmiş vətəndaşların qrafikinə uyğun olaraq 19.08.2022-ci il tarixdə T.Hümbətova RİH-in inzibati binasında qəbulda iştirak edən vətəndaşlara, RİH-in əməkdaşlarına, həmçinin şəhid ailələri və müharibə iştirakçılarına qarşı təhqiredici hərəkətlər edərək qəbul prosesini pozub. Bu səbəbdən Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə o, 25 gün müddətinə inzibati qaydada həbs edilib.

T.Hümbətova məhkəmə zalında da qeyri-etik və kobud hərəkətlər etdiyi üçün məhkəmə tərəfindən barəsində cinayət işi açılması ilə əlaqədar prokurorluğa məktub göndərilib.

Məlumat üçün bildiririk ki, T.Hümbətovanın müraciəti əsasız və böhtan xarakterlidir. O, dəfələrlə RİH başçısı tərəfindən qəbul edilmiş və müraciəti ilə bağlı ona izahat verilib. Eyni zamanda qeyd etmək istəyirik ki, T.Hümbətovanın yaxın qohumlarının Vətən müharibəsi iştirakçısı olması həqiqətə uyğun deyil”.

Paylaş
Xəbər lentİ