Bakıda Dəniz Taksiləri: Bulvardan Əhmədliyə cəmi 5 dəqiqəyə!

Oxunma sayı: 19
2-04-2024, 20:40

Bakıda Dəniz Taksiləri: Bulvardan Əhmədliyə cəmi 5 dəqiqəyə!
Dəniz taksiləri müasir dünyanın bir sıra ölkələrində geniş istifadə edilən nəqliyyat növlərindən biridir. Bu nəqliyyat vasitəsi ənənəvi tıxaclardan səmərəli çıxış yolu sayılmaqla yanaşı, ekzotikliyi və özünəməxsusluğu ilə də diqqət çəkir.



Məlumat üçün qeyd edək ki, dəniz taksiləri qardaş Türkiyədə də xeyli dərəcədə populyardır. 2021-ci ilin sentyabrından etibarən Türkiyədə ilk dəniz taksiləri vətəndaşların istifadəsinə verilmiş, bu nəqliyyat vasitələrinə sayının yaxın gələcəkdə daha da artırılması nəzərdə tutulmuşdur. Avropanın bir sıra ölkələrində, eləcə də bəzi Şərqi Asiya ölkələrində dəniz taksilərindən kifayət qədər geniş istifadə olunur.



Ekoloji baxımdan təmiz nəqliyyat vasitəsi...



Dəniz taksiləri üçün səciyyəfi xüsusiyyətlərin biri bu nəqliyyat vasitələrinin ekoloji baxımdan təmiz olmasıdır. Hansı ki, bir tək bu amilin özü sözügedən nəqliyyat vasitəsindən istifadəni kifayət qədər cazibədar hala gətirir.



Xatırladaq ki, müasir dəniz taksiləri elektriklə çalışır ki, bu da onları ətraf mühit üçün tamamilə zərərsiz edir. Müasir dünyamızda ekologiyanın qorunması zərurətinin hər ötən gün daha da artdığını nəzərə alsaq, o zaman dəniz taksilərindən istifadənin sağlam həyat-sağlam gələcək baxımından xüsusilə mühüm önəm kəsb etdiyi aydın olar.



Əslində ölkəmizdə dəniz taksilərindən istifadə dövlətimizin həyata keçirdiyi beynəlxalq miyaslı ekoloji siyasət baxımından da məqsədəuyğundur. Yada salaq ki, bu il beynəlxalq əhəmiyyətli COP29 konfransı məhz Azərbaycanda keçiriləcək. Bundan başqa, 2024-cü il Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib ki, bu da dövlətimizin ekologiyaya verdiyi önəmi göstərir. Məhz belə bir zamanda dəniz taksilərinin istifadəyə verilməsi dövlətimizin beynəlxalq aləmdə yürütdüyü ekoloji siyasətin nüfuzetmə qabiliyyətinin bir qədər də güclənməsini, daha effektiv hala gəlməsini təmin edə bilər.



“Həlledilməz” tıcac probleminin sadə və ekzotik həlli...



Dəniz taksilərindən istifadəni zəruri edən ən mühüm amil isə heç şübhəsiz həlli dalana dirənən tıxac problemidir.



Bakı və Bakıətrafı ərazilərdəki tıxac probleminin həlli üçün dövlət tərəfindən son 20 ildə bir sıra mühüm addımların atılmasına, yeni yol və körpülərin inşasına baxmayaraq, tıxac probleminin öz aktuallığını sürətlə artırdığı heç kimə sirr deyil. Bu da sirr deyil ki, artıq ictimai rəy bu problemə “həlledilməz və əbədi problem” kimi yanaşır. Hətta bəzi ekspertlər, o cümlədən millət vəkilləri, ictimai xadimlər də problemin “həlledilməzliyi” ilə barışmış kimi görünür. Məhz bu cür ümidsiz əhval-ruhiyyənin nəticəsidir ki, bəzi hallarda tıxac probleminin həlli üçün qeyri-real və qeyri-səmərəli mübarizə üsulları təklif edilir. Sumqayıtdan Bakıya gələn şəxsi avtomobillərin paytaxta buraxılmaması, paytaxtda şəxsi avtomobillərdən istifadənin qismən, bəzi saatlarla isə tamamilə məhdudlaşdırılması və s. kimi təkliflər bu qəbildəndir. Məhz belə bir vəziyyətdə dəniz taksilərinin istifadəyə verilməsi “həlledilməz” tıxac probleminin sadə və ekzotik həlli vasitəsi kimi görünür. Vətəndaşların bir qismi hesab edir ki, dəmir yolu nəqliyyatı ilə dəniz taksilərinin səmərəli fəaliyyəti paytaxtın tıxac probleminin həllinə daha ciddi töhfə verə, bu problemi önəmli miqyasda həll edə bilər.



Yeni turizm potensialı və iqtisadi inkişafa töhfə



Dəniz taksilərindən istifadənin ciddi turizm potensialına malik olduğu, qısa zamanda böyük marağa səbəb olacağı da əsas ehtimalardan biridir. Bəzi mütəxəssislər hesab edir ki, dəniz taksilərindən istifadə paytaxtın turizm potensialını daha da inkişaf etdirə, bu potensiala əlavə rəng qata bilər.



Dəniz taksilərindən istifadənin ölkə iqtisadiyyatının canlanmasına da töhfə verəcəyi ehtimal edilir. Sərnişin və yüngül yüklərin dəniz vasitəsilə sürətli və intensiv daşınması, bu daşınmanın o qədər də böyük vəsait tələb etməməsi insanların dəniz taksilərinə böyük maraq göstərəcəyini düşünməyə əsas verir. Dəniz taksilərinə artan tələbat isə öz növbəsində nəqliyyat sektorunun canlnaması, ümumi iqtisadi inkişafın yeni nəfəs qazanması deməkdir.



Təbii, indiki halda bütün bunlar sadəcə ehtimal və mülahizələrdir. Bəs əslində vəziyyət necədir? Bakıda dəniz taksilərindan istifadə məsələsi nə dərəcədə realdır?


Bakıda Dəniz Taksiləri: Bulvardan Əhmədliyə cəmi 5 dəqiqəyə!
10 il əvvəl verilən və bu gün də havadan asılı qalan söz...



Bakıda dəniz taksilərinin fəaliyyət göstərəcəyi ilə bağlı ilk rəsmi məlumata 2014-cü il tarixində rast gəlinir. O vaxt Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov paytaxtda dəniz taksilərinin fəaliyət göstərəcəyini vurğulamış, hətta onların hərəkət istiqaməti haqqında da məlumat vermişdi. Dövlət Dəniz Administrasiyasının rəhbəri qeyd etmişdi ki, “dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcək”.



Taksilərin Bakı buxtası ilə Nargin adasını birləşdirəcəyini söyləyən Qüdrət Qurbanov Azərbaycan Dövlət Dəniz Administrasiyasının sifarişi ilə Türkiyədə yeni katerlərin istehsal edildiyini söyləmişdir: “Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verir. Dəniz taksilərinin dayanacağı bulvardakı paraşüt qülləsinin yaxınlığında yerləşəcək.


...Hazırda Azərbaycan Dövlət Dəniz Administrasiyasının sifarişi ilə Türkiyədə yeni katerlər istehsal olunur. Dəniz taksiləri 5 istiqamət üzrə fəaliyyət göstərəcək”.



2014-cü il tarixli bu açıqlamanın üstündən 10 illik bir zaman keçsə də, dəniz taksilərinin fəaliyyəti ilə bağlı heç bir əməli addım atılmamışdır. Başqa sözlə desək, Azərbaycan dəniz taksiləri ilə bağlı məsələdə 10 il öncə olduğu kimi, bu gün də sıfır nöqtəsindədir. Ən təəssüfedici məqam isə ondan ibarətdir ki, əlaqədar dövlət qurumlarının fəaliyyətində dəniz taksiləri ilə bağlı hətta gələcəyə yönəlik belə heç bir hərəkətlilik müşahidə edilmir. Bunun isə ən başlıca səbəbi dəniz taksilərinin iqtisadi səmərəlilyinə inamın elə də böyük olmamasıdır.



Ekspert rəyi: “Dəniz taksilərindən istifadə səmərəsizdir, səbəb...”



Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən nəqliyyat məsələlri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, Azərbaycan reallığında dəniz taksilərinin özünü doğrultması ehtimalı azdır. Mütəxəssis hesab edir ki, dəniz taksiləri daha çox ada dövlətlərdə istifadə edilir ki, bu da anlaşılandır:



“Dünya təcrübəsinə nəzər salsaq görərik ki, dəniz taksilərindən daha çox ada dövlətlərində istifadə edilir. Buna səbəb adalar arasında, yaxud adalarla “böyük vətən” arasında avtomobil və ya dəmir yolunun olmamasıdır. Başqa sözlə desək, bu ortamda dəniz taksiləri yeganə əlaqə vasitəsi kimi aktuallıq əldə edir ki, bu da təbiidir.



Azərbaycanda, Bakıda isə mənzərə tamamilə fərqlidir. Bizdə belə bir zəurət yoxdur. Coğrafi relyef baxımından dəniz taksilərindən istifadəni şərtləndirən ciddi bir amil mövcud deyil. Məhz buna görə də dəniz taksilərinin Azərbaycan şəraitində ona olan ümidləri doğruldacağı inandırıcı görünmür. Buna görə də ölkəmizdə dəniz taksilərindən istifadəni real hesab etmirəm”.



“Bizim reallıqda tıxacda yol getmək dəniz taksisindən daha sərfəli hesab oluna bilər”



Ərşad Hüseynov bildirir ki, dəniz taksilərindən Bakının bir ucundan digər ucuna getməkdə istifadə oluna bilər ki, bu da sadəcə iqtisadi baxımdan deyil, həm də zaman baxımından sərfedici deyil:



“Bakı ətrafında bir neçə kiçik ada olsa da, bütövlükdə Azərbaycan özü ada ölkəsi deyil. Qeyd etdiyimiz kimi, bizdə dəniz taksisindən ada dövlətlərində olduğu kimi istifadə tələbatı yoxdur. Dəniz taksisindən ən yaxşı halda Bakının bir ucundan digər ucuna getmək üçün istifadə edilə bilər ki, bu da iqtisadi baxımdan səmərəli olmayacaq.



Bundan başqa, bu, zaman baxımından da sərfəli deyil. Bizim reallıqda tıxacda yol getmək dəniz taksisindən daha sərfəli hesab oluna bilər. Biz tıcaxlı yollarla belə mənzilbaşına dəniz taksisindən daha tez çatarıq. Bütün bunlar dəniz taksisinə marağı azaldan, onu arxa plana keçirən amillərdir”.



Daim arzu olaraq qalacaq arzu: “Bu, yaxın gələcəkdə də reallaşmayacaq”



Ekspert qənaətincə, mövcud reallıqlar onu göstərir ki, dəniz taksilərindən yaxın gələcəkdə istifadə yalnız bu gün üçün deyil, yaxın gələcək üçün də aktual görünmür:



“Dəniz taksiləri ilə bağlı müzakirələrin zaman-zaman gündəmə gəlməyinə baxmayaraq, qeyd etdiyimiz kimi, onların ölkəmizdə tətbiqi aktual deyil. Biz dəniz taksilərindən istifadə üçün zəruri amilləri ölkəmizin reallıqları ilə müayisə etsək, görərik ki, bu taksilərdən istifadə yaxın gələcəkdə də reallaşmayacaq. Biz bu gerçəkliyi qəbul etməliyik!”

Paylaş
Xəbər lentİ