Şəxsiyyət vəsiqənizin FİN nömrəsini istəsələr... - TƏHLÜKƏ

Oxunma sayı: 609
27-08-2020, 18:26

Şəxsiyyət vəsiqənizin FİN nömrəsini istəsələr... - TƏHLÜKƏ
Bu günlərdə “Telegram” sosial şəbəkəsində DOST Agentliyinin “Könüllü DOST” proqramı adından hesab yaradıldığı aşkar edilib.

Agentlikdən Publika.az-a verilən məlumata görə, Bot ilə idarə olunan qeyd edilən hesab aldadıcı kontentə malikdir. Belə ki, burada “Könüllü DOST” proqramına qoşulmaq arzusunda olan vətəndaşların məlumatları toplanılır, onlara könüllülük proqramına qoşulmaq üçün şəxsiyyət vəsiqəsinin FİN nömrəsini yazmaqla bağlı sorğu ünvanlanır. FİN nömrə daxil edildikdən sonra 4 seçim təqdim olunsa da, bu seçimlərdən heç biri aktiv deyil. Çünki məqsəd yalnız vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN nömrəsini ələ keçirməkdir. Bununla isə həmin Bot vətəndaşların fərdi məlumatlarına çıxış imkanına malik olur.

Bəyan edirik ki, bu hesabın DOST Agentliyinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur, onun kimlər tərəfindən yaradıldığı və idarə edildiyi bizə məlum deyil, habelə vətəndaşlar DOST Agentliyi tərəfindən “Könüllü DOST” proqramına “Telegram” vasitəsi ilə cəlb edilmir.

Vətəndaşları bir daha kiber cinayətkarların bu cür əməllərindən qorunmağa, özləri barədə fərdi məlumatları etibarlılığı şübhə doğuran internet resurslarında bölüşməməyə, o cümlədən DOST Agentliyi ilə məlumat mübadiləsini yalnız rəsmi informasiya kanallarımız vasitəsi ilə həyata keçirməyə çağırırıq.

Paylaş
Xəbər lentİ