Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən tutuldu

Oxunma sayı: 568
4-09-2020, 15:48

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən  tutuldu
Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə birgə məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda bildirilir ki, təkmil torpaq bazarının formalaşdırılması və torpaq resurslarından səmərəli istifadə ölkə iqtisadiyyatının və aqrar sektorun dayanıqlılığını şərtləndirən əsas hədəflər sırasında olmaqla bu strateji sahə üzrə münasibətləri tənzimləyən dövlət siyasətində mütərəqqi və sistemli yanaşma tətbiq olunmaqdadır.

Bununla yanaşı, bəzi hallarda ayrı-ayrı vəzifəli şəxslər tərəfindən qeyd edilən sahədə vətəndaşlarla dövlət arasında olan nizamlı ictimai münasibətlərə qəsd edən qanunsuz hərəkətlərə də təsadüf olunur ki, belə halların aşkara çıxarılaraq kəsərli təsir tədbirlərinin görülməsi istiqamətində Azərbaycan Respublikasının prokurorluq orqanlarının intensiv fəaliyyəti davam etdirilir.

Belə tədbirlərdən biri kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxsləri tərəfindən vətəndaşa məxsus Abşeron rayonu, Mehdiabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılmış qanunsuz tikintiyə görə cərimə edilməməsi və gələcəkdə həmin tikintinin sökülməməsi müqabilində ondan 1000 manat məbləğində pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində 02 sentyabr 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Poladov Anar Tofiq oğlu həmin şöbənin inzibati binasında qabaqcadan əlbir olduğu həmin şöbənin baş məsləhətçisi Səbuhi Rzayevin tələb etdiyi 1000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

Qeyd edilən fakta görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.

Paylaş
Xəbər lentİ