Paşayeva təklif etdi: Bu vergi ləğv olunsun

Oxunma sayı: 293
2-02-2021, 00:09

Paşayeva təklif etdi: Bu vergi ləğv olunsun
Bir vacib məsələ var, onu nəzərinizə çatdırmalıyam: bu məsələ Azərbaycanın minlərlə oxucusunun, ziyalıların müraciətidir.

Arasdırma.info xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

“Müraciət ondan ibarətdir ki, kitablar, jurnallar, mətbəə məhsulları üzərində 18 %-lik əlavə dəyər vergisi (ƏDV) var və dünya statistikasında belə bir şeyə rast gəlinmir ki, kitablara, jurnallara və mətbəə məhsullarına bu qədər vergi tətbiq olunsun. Qardaş Türkiyədə bu vergi 8% həcmində idi. Sonra ondan da imtina etdilər. Qonşu ölkələrdə, Avropa ölkələrində bu faiz daha aşağıdır. Kitablara, jurnallara, mətbəə məhsullarına ƏDV-nin ləğvi kitab oxumağa meyilliliyin artmasına, cəmiyyətin intellektual inkişafına dəstək olacaq bir addımdır. Mən xatırlayıram, bir neçə dəfə bu məsələni parlamentdə qaldıranda Vergilər Nazirliyi mediada açıqlama yayaraq bildirmişdi ki, nazirlik bu məsələyə etiraz etmir, məsələ hökumətlə müzakirə olunsa və müvafiq razılıq olsa, biz də müsbət baxarıq. Mütəxəssislərin hesablamalarına görə, bunun dövlət büdəcəsinə ciddi zərəri yoxdur. Çünki ölkəmizdə istehsal olunan kitab və jurnalların, eyni zamanda ölkəyə idxal olunan bu məhsulların təxmini sayı bəllidir. Ona görə də bu məhsulların ƏDV-dən azad edilməsi uşaqların, gənclərin və ümumiyyətlə bütün oxucuların daha çox kitab almasına münbit ortam yaradar, yazarlar, şairlər, birbaşa kitabla bağlı insanlar üçün çox böyük hadisə olardı”, - millət vəkili bildirib.

Qənirə Paşayeva Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsində çıxış edərək, bir sıra vacib məqamlara da toxunub:

"Bu lahiyələrdə nəzərdə tutulan məsələlərdən biri Azərbaycanda zərgərlik sənayesinin inkişafına təkan verəcək maddələrdir. Gözəl Kəlbəcərimizin və Zəngilanımızın işğaldan azad olunması ilə Azərbaycanda zərgərlik sənayesinin inkişafı istiqamətində daha da böyük perspektivlər açılır. Nəzərə alsaq ki, Azərbaycanda belə bir ənənə və məktəb var, deməli bu ənənə və məktəbi genişləndirməliyik.

Bu həm də bizə yeni iş yerlərinin açılması imkanları da verər. Ölkədə büdcəyə daha çox vəsaitin daxil olmasına və bu məktəbin daha da inkişaf etdirilməsinə şərait yaradar. Ona görə də biz qızıldan və gümüşdən zərgərlik məmulatlarının istehsalı və zərgər işlərinin görülməsi ilə bağlı dəzgahların, avadanlıqların və qurğuların 3 il müddətinə vergidən azad olunmasını dəstəkləyirik”.

Paylaş
Xəbər lentİ