VİDEO| Ağdamın dirçəlişi: Azərbaycan hökuməti bu şəhəri kökündən dəyişir

Oxunma sayı: 232
8-07-2021, 08:11

VİDEO| Ağdamın dirçəlişi: Azərbaycan hökuməti bu şəhəri kökündən dəyişir
Region xarabalığa çevrilib. Halbuki, Ağdam bir zamanlar çiçəklənən şəhər olub. Bu gün isə onu tanımaq çox çətindir. Bu gün Ağdam ərazisi xarabalığı xatırladır.

Rövşən Şükürov (ağdamlı): “Ağdam bir zamanlar Azərbaycanın ən inkişaf etmiş bölgələrindən olub. O, əsl yaşıl şəhər, şəhəri əhatə edən dağlar isə təmiz su mənbəyi idi. Ümumiyyətlə, Ağdamın özünəməxsus həyat tərzi var idi. Şəhərdə tarixi 1930-cu illərə uzanan dram teatrı belə, fəaliyyət göstərirdi. Ağdam dünyaca məşhur alimlərin vətənidir. Burada səs-küylü bazar, azərbaycanlı və erməni müəllimlərin birgə çalışdığı 10 böyük məktəb də var idi. Sonra müharibə başladı...”.

Ermənistan ordusu Ağdamı təxminən 30 il əvvəl işğal etmişdi. O zaman yerli əhali ağır döyüşlər üzündən bölgəni tərk etmək, Azərbaycanın şərq hissələrinə köçmək məcburiyyətində qalmışdı.

Ermənistan silahlı qüvvələri burada yolları, tikililəri dağıdıb. Onlar bu Azərbaycan şəhərinə nəzarəti ötən ilin noyabrında itiriblər. O vaxtadək ermənilər Ağdamdan bufer zona kimi istifadə edib. Şəhəri tərk edən zaman isə onlar buraya yüz mindən çox mina basdırıb.
Azərbaycan Ağdama nəzarəti bərpa etdikdən qısa müddət sonra genişmiqyaslı minatəmizləmə işlərinə başlayıb. Məqsəd buranı yenidən yaşayış üçün yararlı məkana çevirməkdir. Amma buna uzun illər lazım olacaq.

Dəyanət Ağakişiyev (inşaat mühəndisi): “Biz Bərdə şəhərindən Ağdama yol çəkirik. Yolun uzunluğu 45 kilometrdir. Yol üzərində 4 körpü tikiləcək, Ağdamı su ilə təmin edəcək kəmər çəkiləcək. Hazırda yolun düzləşdirilməsi ilə məşğuluq. Bu yaxınlarda yola beton tökməyə başlayacağıq. Bütün səylərimizə baxmayaraq, işlər ləng gedir. Səbəb bölgədə çox sayda minanın basdırılmasıdır”.

Bu, bölgənin iqtisadi bərpası üçün uzun və çətin yoldur. Lakin Azərbaycan hökuməti Ağdam daxil olmaqla, azad edilmiş əraziləri “yaşıl şəhər” konsepsiyası əsasında yüksək texnologiyalara əsaslanacaq bölgəyə çevirmək niyyətindədir.

Ağacavid Ramazanov (layihə meneceri): “Baş planı qəbul etmişik. Çoxsaylı layihələr məhz həmin plan əsasında həyata keçirilir. Məsələn, yol tikintisi, kommunal xidmətlərlə bağlı layihələrin həyata keçirilməsi kimi. Üstəlik, burada “yaşıl enerji”dən, innovativ texnologiyalar kimi dünyaca məşhur texnologiyalardan istifadə edirik”.

Əlbəttə, danışmaq iş görməkdən asandır. Hökumətin insanları əsas xidmət sahələrinin olmadığı regiona qaytarması çətin olacaq.
Rəsul Sərdar (Ağdam): “Şəhər boş ola bilər. Amma o, unudulmayıb. Burada insanlar yaşamasa da, Ağdamda onilliklər sonra ilk dəfə ümid yaranıb”.

Paylaş
Xəbər lentİ