Ermənistanda döyüşən muzdlular - kimi döyüşdə, kimi də ömürlük həbsdə öləcək…

Oxunma sayı: 302
6-11-2020, 16:11

Ermənistanda döyüşən muzdlular - kimi döyüşdə, kimi də ömürlük həbsdə öləcək…
Ermənistanın Qarabağa gətirdiyi muzdlular… Bu sözü biz hələ 1990-94-cü illərdə, birinci Qarabağ savaşı zamanı eşitmişdik. O zaman da Ermənistan Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərdə, işğalçlıq və soyqırım əməllərində Suriyadan, Livandan, digər ölkələrdən gətirdiyi muzdlulardan gen-bol istifadə edib. Həmin canilərin kimlikləri isbat olunub, bəziləri döyüşlərdə məhv olub, ələ keçib və s.

Düşmən ölkə ikinci Qarabağ savaşında da eyni cinayətlərə əl atır. Məğlubiyyətə məhkum olan Ermənistanın muzdlulardan istifadə etməsi isə beynəlxalq cinayətdir! Bu, bir sıra ümumbəşəri prinsiplərin, konkret olaraq, 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının birbaşa və açıq şəkildə pozulmasıdır. Bu əmələ yol verən muzdluların məsuliyyətə cəlb edilməsi, cəzalandırılması həm onların cinayətlərinə məruz qalan ölkənin qanunvericiliyinin, həm də Cenevrə Konvensiyasının birmənalı tələbidir.

Ermənilər muzdlulardan istifadə etdiyini gizlədə bilmir, bu mümkün deyil. Çünki həm onların meyitləri döyüş meydanında qalır, bununla ifşa olunurlar, həm də indi texnoloji inkişafın, müşahidə imkanlarının elə bir dönəmidir ki, bu cür canilərin hərəkət trayektoriyası gizli qala bilmir.
Və digər bir maarqlı məsələ də odur ki, Ermənistan və orada döyüşməyə gələn muzdlular – hansı ki, onların əksəri PKK, YPG, ASALA və digər bu kimi terrorçu təşkilaların, habelə qeyri-qanuni silahlı birləşmələrin üzvləridir – ermənilərlə birgə döyüş meydanından şəkillər, videolar paylaşırlar. Bir qismi isə iddia edir ki, başqa ölkə vətəndaşı olsa da, erməni əsillidir, xaricdən gəlib Ermənistan üçün könüllü döyüşür.
Ancaq bütün bunlar bəhanədir, erməni nə vətən sevəndir, nə vətən üçün döyüşən. Yeganə məsələ odur ki, həm erməni əsilli muzdlular, həm də digər millətdən olan muzdlular Ermənistanda yalnız pul müqabilində döyüşürlər. Onlar konkret muzdludur. Cenevrə Konvensiyasının 47-ci maddəsində 1977-ci il protokolo üzrə c, d, e və f bəndlərində kimin muzdlu hesab edilməsinin anlayışı aydn şəkildə əksini tapır.

Konkret olaraq həmin bəndlərdə deyilir ki, şəxsi qazanc əldə etmək üçün döyüşlərə qatılan; münaqişə tərəfinin və münaqişə tərəfinin nəzarətində olan ərazinin vətəndaşı olmayan; münaqişə tərəfinin silahlı qüvvələrinin üzvüolmayan; münaqişə tərəfi olmayan bir dövlət tərəfindən silahlı qüvvələrinin üzvü kimi rəsmi vəzifəyə göndərilməyən (bu, sülhməramlı ola bilər-red.) şəxs muzdlu sayılır. Yəni kimsə deyə bilməz ki, mən xarici ölkədən Ermənistanı sev diyim üçün gəlib burada döyüşürəm. Əgər döyüşürsənsə, Cenevrə Konvensiyasına görə canisən və məsuliyyət daşıyırsan.

Düzdür, Rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında onların böyük bir qismini sağ qoymayacağı şübhəsizdir.
Sağ qalanlar isə gec və ya tez, müvafiq qaydada cəzalandırılacaqlar. Bu, beynəlxalq cinayətdir və Azərbaycanın təcrübəsində ölkəmizə qarşı cinayətlər törədən şəxslərin dünyanın ən müxtəlif bölgələrindən tutularaq ölkəmizə gətirilməsi, mühakimə olunması faktları kifayət qədərdir. Buna misal olaraq təxribatçı Lapşini göstərmək olar…
İndiyədək Azərbaycanın hüquq-mühafizə orqanları Ermənistan tərəfdə vuruşan xeyli muzdlunu təsbit və fiksə edərək, onlarla bağlı cinayət işi başlayıb. Artıq onlardan birinin barəsində qiyabi həbs qətimkan tədbiri seçilərək, barəsində beynəlxalq axtarış da elan edilib.
Və xüsusi ilə onu da qeyd etmək laızmdır ki, həmin muzdluları Ermənistanda döyüşlərə cəlb edən şəxslər də beynəlxalq qanunlarla məsuliyyət daşıyırlar.

Digər bir məsuliyyət yaradan hal isə ondna ibarətdir ki, həmin muzdlular Azərbaycana qarşı Ermənistan ərazisində deyil, Qarabağda, bizim ölkəmizdə döyüşlərə cəlb ediliblər. Faktiki olaraq onlar Azərbaycan sərhədlərini qanunsuz olaraq keçərək Qarabağa gətiriliblır. Bunun özü də bir ayrıca cinayətdir…

Ancaq indi artıq 90-cı illər deyil ki, həmin canilər məsuliyyətdən kənar qala biləcəklərini düşünsünlər.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatlarda bugünədək muzdlularla bağlı 5 ayrı-ayrı fakt üzrə cinayət işinin başlandığı məlum olur.

Fransa Respublikasının vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan Fransanın ekstremist “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, özünü sosial şəbəkələrdə faşist adlandıran və terroristik qruplaşma olan “SS” faşist təşkilatının simvolikasından istifadə edən Mark De Kakkere-Valmenirin (Marc de Cacqeray-Valmenier) və digərlərinin Azərbaycan Respublikasının ərazisində törətdiyi cinayət əməllərinə dair toplanmış materiallar, habelə kütləvi informasiya vasitələri və sosial media səhifələrində aşkar edilmiş məlumatlar üzrə Baş Prokurorluqda araşdırma aparılıb, tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib, vətəndaşlara qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.

Eyni zamanda, Ermənistan Respublikasının vətəndaşı Vladimir Vartanov və qeyrilərinin müxtəlif ölkələrin vətəndaşları olan erməni əsilli və digər şəxslərdən ibarət “VoMa” ("Voxj Mnalu Arvest" - sağ qalmaq sənəti) adı altında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, işğal olunmuş ərazilərimizdə terrorçuluq əməllərini törətmələrinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən başlanmış cinayət işi üzrə Vladimir Vartanov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.

Bundan başqa, Azərbaycan Respublikasının Baş prokurorluğunda ASALA terror təşkilatının üzvü, dəfələrlə terrorçuluq fəaliyyətinə görə məhkum edilmiş Fransa Respublikasının vətəndaşı Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstənin Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında araşdırma aparılıb.

Araşdırmalarla terror təşkilatının üzvü Fransa vətəndaşı Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstənin digər üzvləri birlikdə Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşərək, Ermənistan Respublikasının siyasi-hərbi rejimi tərəfindən hərbi münaqişədə muzdlu kimi istifadə edilmələrinə əsaslı şübhələr müəyyən edilib.

Hebelə, Baş Prokurorluq oxşar əməllər törətdiyinə görə, ğunda Fransa Respublikasının vətəndaşı Artur Oqanisyan və Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında araşdırma aparılıb, onlara qarşı da cinayət işi başlanıb.

Bundan başqa, “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Martoyan Armen Hamletoviç (Samvel) və digərlərinin Azərbaycan Respublikasına qarşı törətdiyi cinayət əməllərinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunda toplanmış material üzrə araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Rusiya Federasiyasının vətəndaşı Martoyan Armen Hamletoviç (Samvel ləqəbli) və həmin qruplaşmanın digər üzvlərinin 2020-ci ilin oktyabr ayında Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə, həmçinin qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbər şəxsləri ilə görüşüb döyüş əməliyyatlarında iştiraklarına dair müzakirələr aparmaqla cinayət əlaqəsinə girmələri, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın rəhbərliyi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Qeyd edilən cinayət işləri ilə bağlı Baş Prokurorluq tərəfindən Rusiya Federasiyasının, Fransanın aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatət hazırlanaraq təqdim olunacaq.

Baş Prokurorluq bəyan edir ki, qeyd edilən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlər görülməklə beynəlxalq təşkilatlara müraciət edilməsi təmin ediləcək.
Nəzərə çatdıraq ki, bu şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə təqib olunurlar. Bu maddələrin tələbinə görə hətta ömürlük həbs də nəzərdə tutulur.

Baş prokurorlua onu da bəyan edib ki, işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim tərəfindən muzdluların və terrorçulardan istifadənin qanuniləşdirilməsi məqsədilə “qəbul olunmuş hər hansı qanun” beynəlxalq hüququn normalarına zidd olmaqla bu tipli əməllərə yol vermiş şəxsləri cinayət məsuliyyətindən azad etmir…

Sonda onu da qeyd edək ki, son olaraq Abxaziyadan da muzdluların Qarabağa gətirilərək, Azərbaycana qarşı hərbi cinayətlərə cəlb edildiiynə dair faktlar ortaya çıxıb. Əlbəttə ki, onlar da cəzasız qalmayacaq və bu cür şəxsləri cəzalandırmaq çətin olmayacaq.
Qarabağa erməni vədinə aldanıb, gəlmək istəyənlər iki məqamı anlamalıdır: Ermənistan məğlub olur və hər kəsi döyüşlərdə ölümə məhkum edir. Muzlular ya döyüşlərdə məhv olacaq, ya da ələ keçirilib məsuliyyətə cəlb ediləcəklər. Sonu görünməyən prosesdə iştirak etməsələr yaxşıdır…

Paylaş
Xəbər lentİ