İsrail və fələstinlilər arasında nə baş verir? 5 suala cavabda

Oxunma sayı: 31
13-05-2021, 13:10

İsrail və fələstinlilər arasında nə baş verir? 5 suala cavabda
HƏMAS raketləri və İsrailin hava hücümündan müdafiə raketləri İsrailin Aşkelon şəhəri səmasında

Israil ilə fələstinlilər arasında münaqişə dərinləşməkdədir. Dünya liderləri tərəfləri təmkinliyə və sakitliyə çağırır. BMT rəsmisi hadisələrin "tammiqyaslı müharibə həddinə çatdığını" bildirib.

Hazırda vəziyyət necədir?
Həmas İsrailə mindən çox raket atıb.

İsrail ordusu havadan Qəzzaya bomba zərbələri endirir.

İsrail ordusunun sözçüsü Jonathan Conricus çərşənbə günü jurnalistlərə bildirib ki, bazar ertəsi günündən başlayaraq Qəzzadan İsrail şəhərlərinə mindən çox raket buraxılıb.

İsrail buna yüzlərlə raket atəşi və hərbi təyyarələrdən edilən zərbələr ilə cavab verib.

Həmasın bir raketinin çərşənbə günü İsrailin mərkəzində yerləşən Tel-Əlviv şəhərinə çatdığı xəbərlərdə qeyd olunub.

Ötən gün İsrail Ordusu Qəzzada sayca ikinci çoxmərtəbəli binanı darmadağın edib, İsrail ordusu həmin binada Həmas-ın obyektinin yerləşdiyini iddia edib.

İsrail müdafiə naziri Benny Gantz İsrailin Ordusu tərəfindən zərbələrin davam etdiriləcəyini bildirib.

Həmas lideri İsmail Haniyyə bildirib ki, əgər İsrail münaqişənin eskalasiyasını istəyirsə, təşkilat buna hazırdır.

"Dayandırmaq istəyirsə, biz buna da hazırıq. Qüvvələrin yeni balansı formalaşıb," - Həmas başçısı televiziya müraciətində bildirib.

Qəzza
ŞƏKLİN MƏNBƏYİ,REUTERS
Şəklin alt yazısı,
Qəzza şəhərinə İsrailin havadan zərbə endirilməsi anı. istail zərbələri davam etdirəcəyini bildirib

Fələstinlilərlə İsrail arasında son toqquşmalar necə başlayıb?
Fələstin ərazilərinə nəzarət edən silahlı Həmas qrupu, Qüdsün Əl-Əqsa məscidini İsrailin "təcavüz və terrorizmindən" qorumaq üçün səy göstərdiyini bəyan edib.

Bu ərazini həm müsəlmanlar, həm də yəhudilər müqəddəs sayırlar.

Bu hadisələr fələstinlilərlə yəhudilər arasındakı gərginliyin son ay ərzində artmasının nəticəsidir.

Fələstinlilərin Şərqi Qüdsdəki evlərindən qovulmaq təhlükəsi ilə üzləşməsi onların qəzəbinə səbəb olub.

İsrail məhkəməsi Şərqi Qüdsdə Şeyx Cərrah məhəlləsində bir neçə fələstinli ailənin evlərindən çıxarılması barədə qərar verib.

Məhkəmə qərarı üçün bir əsas kimi həmin evlərin keçmişdə, 1947-ci ilə qədər, yəhudilərə məxsus olduğu göstərilib.

Qərardan sonra Qüdsün əsasən ərəb əhalisi yaşadığı hissəsində etirazçılarla İsrail polisi arasında bir ayadək davam edən toqquşmalar başlayıb.
İsrail və fələstinlilər arasında nə baş verir? 5 suala cavabda
Bazar ertəsi İsrail polisi müsəlmanlara Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə girişi qadağan edib.

Bu hadisə fələstinlilərin qəzəbini daha da artırıb.

Fələstinlilər İsrail polisini daşa tutub, İsrail polisi isə kütləni dağıtmaq üçün rezin güllərdən camaata atəş açıb. nəticədə, 300-dək insan xəsarət alıb.

Bunun ardınca Həmas təşkilatının hərbiləşdirilmiş qanadı İsrail ərazisini atəşə tutmağa başlayıb.

Bundan sonra İsrail Qəzzaya raket atəşləri və havadan zərbələr endirməyə başlayıb.

Lod şəhərində niyə fövqəladə vəziyyət elan olunub ?
Bu arada İsrailin Baş naziri Benjamin Netanyahu, Tel-Əviv yaxınlığında yerləşən Lod şəhərində baş vermiş iğtişaşlardan sonra orada fövqəladə vəziyyət elan edib.

Bu şəhərin əhalisini ərəblər və yəhudilər təşkil edir.

İsrail polisi ötən gün şəhərin "bəzi ərəb sakinlərinin qiyama başladığını" bildirib.

Fələstin bayraqlarını daşıyan nümayişçilərin bəzi avtomobillərə od vurduqları bildirilib.

Ötən gün şəhərdə bir yerli yəhudi tərəfindən öldürüldüyü iddia edilən fələstinli Musa Hassune-nin dəfn mərasiminə minlərlə insan qatılıb.

Lod şəhər bələdiyyə başçısı Yair Revivo yaranmış vəziyyəti "vətəndaş müharibəsi" adlandırıb.

İğtişaşlar İsrailin qarşıq ərəb və yəhudi əhalisi olan bir sıra digər şəhərlərində də baş verib.

Əhali arasında itkilər varmı?
İsraillə fələstinlilər arasında son toqquşmalar başlayandan bəri hər iki tərəfdən ümumilikdə 40-dan çox adamın öldüyü, 250-dən çox insanın yaralandığı bildirilib.

Həmas təşkilatı Qəzzada 49 nəfərin, o cümlədən 13 uşağın öldüyünü bildirirb, İsraildə 6 nəfərin öldüyü deyilib.

Beynəlxalq reaksiya necədir?
Türkiyə Prezident Recep Tayyib Erdoğan Qəzza ətrafında inkişaf edən hadisələri Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbətində müzakirə edib, Türkiyə mediası xəbər verib.

Türkiyə Prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, Erdoğan Putinlə söhbətində "BMT Təhlükəsizlik Şurası hücumları dayandırmaq üçün İsrailə qəti və aydın mesajlar verməli olduğunu" vurğulayıb.

Prezident Erdoğan fələstinli mülki əhalini qorumaq üçün bölgəyə beynəlxalq qoruma qüvvələrinin göndərilməsi fikrinin də üzərində işləməyin vacibliyini qeyd edib.

Rusiya Prezidentinin mətbuat xidmətinin məlumatında tərəflərin Şərqi Qüdsdə "davam edən toqquşmalardan və ölən və yaralanan insanların sayının artmasından ciddi narahatlıq" ifadə etdikləri bildirilib.

"Vladimir Putin və Recep Tayyib Erdoğan tərəfləri gərginliyi azaltmağa və ortaya çıxan problemləri sülh yolu ilə həll etməyə çağırıblar," - məlumatda deyilir.

Putin və Erdoğan "Fələstin-İsrail münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində iki dövlət prinsipi əsasında" həll yolunu dəstəklədiklərini qeyd ediblər.

Ötən gün ABŞ, Avropa İttifaqı və Britaniya hər iki tərəfi ən qısa zamanda gərginliyi azaltmağa çağırıblar.

Bir çox ölkələrin və beynəlxalq təşkilatların liderləri tərəfləri munaqişəyə son qoymağa çağırırlar.

BMT-nin Yaxın Şərqdə rəsmisi Tor Wennesland bildirib ki, İsraillə fələstinlilər arasında son münaqişədəki hazırkı vəziyyət "tammiqyaslı müharibə həddinə yaxınlaşıb".

Paylaş
Xəbər lentİ