Ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verənlər “atəşkəsin pozulması” deyildi, məhz “döyüş əməliyyatları” olaraq rəsmi şəkildə təqdim edildi.
Beləliklə, Ermənistanın 7 noyabrdan başlayan təxribatlarına qarşı Azərbaycan ötən gün ən sərt şəkildə cavab verdi.
Hər şey Karapetyanın “səfəri” ilə başladı
Ermənistanın artıq keçmişə çevrilən müdafiə naziri Arşak Karapetyanın Laçın dəhlizindən istifadə etməklə Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsinə gəlməsi, burda “hərbçilərlə” görüşü, onlara medal paylaması, “döyüş mövqelərinə” baxış keçirməsi tam bir provokasiya idi. Bu provokasiyanın düşünülmüş surətdə olduğunu indi əminliklə demək mümkündür. Çünki Karapetyan 7 noyabrda Xankəndidən birbaşa Zəngəzura getmiş və orda postları yoxlamış, hərbi birlik komandirləri ilə qapalı toplantı keçirmişdi.
Bir ssenari, təxribat planı qurulduğuna heç bir şübhə yoxdur: Xankəndiyə səfərin səhəri günü – 8 noyabrda erməni diversantlar Şuşa yaxınlığına gəldi (Azərbaycan xüsusi təyinatlıları onlardan birini məhv etdi, 3-nü yaraladı), bunun ardınca Laçın istiqamətində atışmalar başladı, 12 noyabrda erməni terrorçu Norayr Mirzoyan Şuşa yaxınlığında Azərbaycan və rus hərbçilərinin olduğu posta qumbara atdı, daha sonra isə sərhəddə təxribatlar genişləndi – məhz Zəngəzur istiqamətindən.
Azərbaycan Ordusunun qəti və sərt cavab verəcəyi gözlənilən idi. Ermənistan daxili gərginliyi azaltmaq, Azərbaycanla danışıqlarda psixoloji üstünlük qazanmaq və hələ də hərbi gücü olduğunu nümayiş etdirmək sövdasına düşmüşdü. Azərbaycan MN bir neçə dəfə bu təxribatların məsuliyyəti Ermənistanın daşıyacağını elan etdi. Ancaq bir neçə gün ardarda verilən bu bəyanatlar Ermənistanın təxribatlarını davam etdirməsinə mane olmadı, əksinə, Norayr Mirzoyanın Xankəndiyə “təhvil verilməsi”ndən sonra Ermənistanda ənənəvi utopik xülyalar başladı.
Mirzoyanın terror hücumunun Ermənistanda yaratdığı “əhval-ruhiyyə”, yenidən qəhrəmanlıq nağıllarının uydurulması və növbəti hərbi-psixoloji eyforiyanın dərhal və mütləq cəzası verilməli idi. Ermənistan və ümumiyyətlə erməni təfəkkürü normal qonşuluq və insani davranışlardan məhrumdur, bu, milli natamamlıq kompleksidir. Ona görə vaxtaşırı bu terrorçu düşüncə ağır zərbələr almağa məhkumdur.
Belə bir zərbə isə 16 noyabrda artıqlaması ilə vuruldu. Noyabrın 14-dən başlayan təxribatlar 16-da daha da genişləndi və əlbəttə ki, Azərbaycan Ordusu qalibin kim olduğunu Ermənistana bir daha nümayiş etdirdi.
Paşinyan təxribatlarına sərt reaksiya veriləcəyini sanki bilirdi. Ona görə də 15 noyabrda Təhlükəsizlik Şurasının iclasında sürətli bir qərar verildi: Arşak Karapetyan müdafiə naziri vəzifəsindən alındı və yerinə Suren Papikyan təyin edildi.
Erməni siyasi mühitinə bələd olanlar yaxşı bilir ki, adətən bu cür təyinatlarda müzakirələr gedir və xüsusən Armen Sərkisyanın N.Paşinyanın təqdimatını təsdiqləməsi bir neçə gün çəkir. Ancaq 15 noyabrda TŞ-nin iclasını keçirməsi, təqdimat verilməsi və TŞ-nin iclası bitənə qədər Armen Sərkisyanın təqdimatı təsdiqləməsi müküm bir olayın önlənilməsi üçün edilən cəhd təsiri bağışlayırdı.
N.Paşinyan təxribatların müəllifi kimi Karapetyanı nişan verməklə, uğursuz provokasiyaların məsuliyyətindən yayınmaq və vaxt qazanmaq istəyirdi. Ancaq TŞ-nin iclası getdiyi ərəfədə də təxribatlar dayanmamışdı və yaxud Azərbaycan Ordusu artıq cəza prosesinə start vermişdi. Başqa şəkildə desək, Paşinyan təxribatının cəzasını almaqdan yayına bilməzdi. Ən azı ona görə ki, Arşak Karapetyanın baş nazirdən icazəsiz Xankəndiyə gəlməsi mümkün deyildi və yaxud, icazəsiz gəlmişdisə, onun əməlinə qiymət verməkdə gecikməklə, artıq məsuliyyət daşıyırdı.
Məsuliyyəti də bu cür daşıdı: Ermənistan MN-in rəsmi açıqlaması budur – 1 ölü, 24 itkin (yəni meyiti Azərbaycan Ordusunun nəzarət etdiyi ərazilərdə qalanlar), 13 əsir. Yaralıların sayı açıqlanmayıb və böyük ehtimalla, 25 itki verən düşmənin yaralısı onlarladır.
Düşmən həm də iki mühüm yüksəkliyin itirildiyini rəsmən elan edib. Erməni Teleqram kanalları isə Gorus-Qafan yolundakı bütün yüksəkliklərə artıq Azərbaycan ordusunun nəzarət etdiyini bildirir.
Bu istiqamətdə yüksəkliklərə nəzarət Zəngəzur dəhlizi boyu yolun əhəmiyyətli hissəsinin artıq Azərbaycan Ordusunun hədəfi altına keçməsi deməkdir. Təsadüfü deyil ki, Azərbaycan MN də açıqlamasında erməni hərbi birlik və postlarının artıq Azərbaycan ordusunun hədəfində olduğunu rəsmən elan etdi.
Ermənistan 44 günlük savaşda olduğu kimi, yenidən Rusiyaya müraciət edərək, atəşkəs əldə olunmasına çalışdı və artıq ötən gün saat 18:30-dan döyüş fəaliyyətləri dayanıb. Paşinyanın Putinə zəngi və “bəyanata sədaqətli olduğunu bildirməsi” isə Ermənistan Baş nazirinin öhdəliklər götürməsi qarşılığında döyüşlərin dayandığını iddia etməyə əsas verir.
Erməni ekspertləri də bunun fərqindədir və artıq ehtimallar irəli sürülür. İlk ehtimal isə əlbəttə ki, Zəngəzur dəhlizinin açılmasına N.Paşinyanın imza atması ilə bağlıdır.
N.Paşinyanın 9 noyabrda Moskvada (bəzi rus mənbələrinə görə Soçidə) görüşdən imtina etməsi və Rusiyanın istəyini geri çevirməsi, bunun əvəzində isə Şuşa yaxınlığında və sərhəddə təxribatlara başlaması Kremlin də maraqlarına zidd idi. Buna görə də Ermənistanın sülhəməcburetmə əməliyyatı ilə bağlı Azərbaycan Ordusunun fəaliyyətinə Kremldən heç bir ciddi etiraz gəlmədi. Əksinə, Ermənistanın “ərazi bütövlüyünü qorumaq üçün” KTMT və Rusiyaya çağırışlarına heç bir diqqət verilmədi, hətta Rusiya XİN-in ermənipərəst rəsmiləri belə İrəvanın bu çağırışını dəstəkləyən bircə söz işlətmədilər.
Bu, Nikol Paşinyanın Rusiyanın maraqlarında olan danışıqlardan imtina edərək, provokasiyaları körükləmə istəyinin cavabı idi.
Rusiyalı ekspertlər Ermənistanın bu təxribatının Fransada Azərbaycan və Ermənistan XİN başçılarının Drian və MQ həmsədrləri ilə birgə görüşündən sonra olmasına da diqqət çəkirlər. Bununla rus mütəxəssislər Nikol Paşinyanın yenə də regiona Rusiyanın iradəsi əleyhinə kənar qüvvələr cəlb etməsi üçün gizli danışıqlar apardığına işarə edirlər.
Bu, əlbəttə ki, nəticəsiz qalmayacaqdı. Paşinyana bir daha döyüş meydanında izah edildi ki, əməkdaşlıq formatı “3+3”-dür, öhdəliklər yerinə yetirilməli, kommunikasiyalar açılmalı, sərhədlərin delimitasiya və demarkasiyası isə Putinin təklif etdiyi 1920-ci illərə aid xəritələrlə aparılmalıdır...
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70