İki azərbaycanlı yaralı əsir haradadır?

Oxunma sayı: 346
21-11-2020, 16:15

İki azərbaycanlı yaralı əsir haradadır?
Sosial mediada Ermənistan tərəfindən saxlanıldığı video görüntüləri yayılmış şəxslərlə bağlı məlumat "araşdırılır", Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevandakı nümayəndəsi BBC-ə deyib.

Əsir götürüldüyü güman edilən iki azərbaycanlı əsgər Amin Musayev və Bayram Kərimovla bağlı məlumatı olub-olmadığını isə BQXK-nın Yerevandakı nümayəndəsi Zara Amatuni açıqlamaqdan imtina edib.

"Dağlıq Qarabağ Ombudsmanı" isə BBC-ə bildirib ki, Amin Musayev və Bayram Kərimov barədə onda məlumat yoxdur, ancaq onlar yaralıdırlarsa, "çox güman ki, Ermənistanda xəstəxanadadırlar".


İki yaralı əsgərin döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb.

Videoda qohumu tərəfindən Amin Musayev kimi müəyyənləşdirilmiş azərbaycanlı əsgərin maşında yerə uzanmış halda olduğu və "hara gedirik" sualı verdiyi göstərilir. Erməni əsgər olduğu güman edilən şəxs cavabında- "özünü yaxşı aparsan evə…" deyir, söyüş söyür, bundan sonra azərbaycanlı əsgərə təpik vurulduğu anlaşılır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva BBC News Azərbaycancaya deyib ki, bu məsələ araşdırılır və aidiyyatlı beynəlxalq qurumlara çatdırılacaq.

"Əsirlərə işgəncə verilməsi ilə bağlı məlumatların əvvəlcə dürüstlüyü yoxlanılır və aidiyyatı üzrə beynəlxalq qurumların diqqətinə çatdırılır,"- Leyla Abdullayeva deyib.

"Bizə müraciət daxil olanda, bu işlərlə məşğul oluruq", Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevandakı nümayəndəsi Zara Amatuni deyib

Paylaş
Xəbər lentİ