"Bu, Azərbaycan cüdosunun itkisidir" - Açıqlama

Oxunma sayı: 121
13-05-2023, 22:04

"Bu, Azərbaycan cüdosunun itkisidir" - Açıqlama
"Cüdoçuların buraxdıqları səhv ucbatından "hansoku make" ilə cəzalandırılıb uduzmasını məşqçilərin üstünə atmaq, məncə, düzgün deyil. Həm Hidayət Heydərov, həm Səid Mollayi, həm də Zelim Kotsoyev uşaq deyil, dünyanın sayılıb-seçilən cüdoçulardır. Fikrimcə, məsuliyyət birbaşa idmançıların öz boynundadır".

Arasdırma.info xəbər verir ki,bunu Fanat.Az-a açıqlamasında Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında Azərbaycan millisinin üzvlərinin çıxışını şərh edərkən cüdo məşqçisi Ramil İsmayılov deyib.


Mütəxəssis almaniyalı Riçard Trautmanın rəhbərlik etdiyi məşqçilər heyətinin işini belə dəyərləndirib:

"Ümumi nəticənin zəif olmasına, əlbəttə, yığmanın baş məşqçisi cavabdehdir. Düşünürəm, dəyişiklik labüddür. Trautman və Mark van der Ham öz işində peşəkar ola bilərlər, amma məktəb fərqi var. Qafqaz xalqlarının psixologiyası fərqlidir. Fərhad Məmmədov kimi iki olimpiya finalçısı yetişdirmiş məşqçinin yığmadan kənarda qalmağı qəti düzgün deyil. Bu, Azərbaycan cüdosunun itkisidir. Federasiya idmançılar üçün istənilən təlim-məşq toplanışı təşkil edir, cüdoçuların maaşı kifayət qədər yüksəkdir. Məşqçi dəyişikliyi yəqin ki, olacaq. 12 idmançıya bir bürünc medal Azərbaycan üçün çox aşağı göstəricidir. Ümid edirəm ki, Fərhad Məmmədov yenidən yığmaya gətirilər. Yox, əgər yenə əcnəbi məşqçiyə üstünlük versələr, hesab edirəm, növbəti illərdə də nəticə zəif olacaq".

Qeyd edək ki, Qətərə 13 nəfərlik heyətlə yollanan Azərbaycan cüdo millisi dünya çempionatının geridə qalan altı günü ərzində yalnız bir bürünc medal qazanıb. Yeganə mükafatı Zelim Kotsoyev (100 kq) yığmanın aktivinə yazdırıb. Bu gün fərdi yarışın son günündə sonuncu təmsilçimiz Uşanqi Kokauri (+100 kq) mübarizə aparır.

Paylaş
Xəbər lentİ