Qədim Qəbələnin sirləri açılır - alimlər ikinci mərtəbə tapdılar

Oxunma sayı: 606
25-07-2019, 20:28

Qədim Qəbələnin sirləri açılır - alimlər ikinci mərtəbə tapdılar
Qəbələdə azərbaycanlı arxeoloqlarla yanaşı, koreyalı alimlər də qazıntı aparırlar

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Antik dövr arxeologiyası" tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə "Antik və ilk orta əsrlər Qəbələ Arxeoloji Ekspedisiyası" Qəbələnin Səlbir və Antik şəhər yerində arxeoloji qazıntılarına yenidən start verilib.

Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, Qədim Qəbələnin Səlbir yaşayış yerində sahəsi 400 kv.m-dən artıq olan iri tikili kompleksi tədqiq olunmaqdadır. Bu tikili kompleksi hələ 2017-ci ildə eyniadlı ekspedisiya tərəfindən aşkar edilmişdi. Builki tədqiqatlar zamanı qeyd olunan kompleksə aid bir binanın iki mərtəbəli olması müəyyən edilib.


Qazıntılar nəticəsində binanın dağılmış hissələri içərisində xeyli sayda müxtəlif rəngli şüşələrin tapılması vaxtilə orada şəbəkəli pəncərələrin olduğundan xəbər verir. Tədqiqatlar zamanı xeyli sayda saxsı məmulatı, inşaat detalları, metal əşyalar aşkar edilib. Tikili kompleksi eramızın 12-14-cü əsrləri arası dövrə təsadüf olunur. Daha sonra bu kompleksin tərk edildiyi, zamanla dağıntıya məruz qaldığı düşünülür. 15-ci əsrdən sonra həmin hissədə kiçik qəbristanlıq salınıb. Qəbirlər qazılarkən binanın bəzi divarları və bünövrə yerləri daha da dağıdılıb.


İki illik fasildən sonra "Antik və ilk orta əsrlər Qəbələ Arxeoloji Ekspedisiyası" Qəbələnin Antik şəhər yeri ehtimal edilən Çaqqallı sahəsində də tədqiqatlara yenidən başladı. Uzun illərdir antik şəhər yerində mərhum arxeoloq, professor İlyas Babayevin rəhbərliyi altında aparılmış genişmiqyaslı qazıntılar nəticəsində aşkar edilmiş dulusçuluq emalatxanası ətrafında qazıntılar davam edir. E.ə. II əsrə aid olan dulusçuluq emalatxanasının ətrafı tədqiqatlara cəlb olunaraq emalatxananın sərhədləri və dulus kürələrinin tədqiqi istiqamətində işlər aparılır.


İyul ayının əvvəllərindən başlayan ekspedisiya öz işini avqustun 4-nə kimi davam etdirəcək.

Arxeoloji çöl-tədqiqat işləri SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə həyata keçirilməkdədir.(Sputnik.az)

Paylaş
Xəbər lentİ