“Mersedes”ə dönən “Zapı” – HEKAYƏ

Oxunma sayı: 1 078
18-08-2020, 20:27

“Mersedes”ə dönən “Zapı” – HEKAYƏ
Kərim hər il olduğu kimi, yay fəslinin axırıncı ayı olan avqust ayında öz növbəti məzuniyyətini götürüb, ailəsi ilə birlikdə öz doğma ata-baba yurduna səfər edir. Kərimin böyük qardaşı Səlim ata evində yaşayırdı. Kərimin ana babası öz mülkünü Kərimə vəsiyyət etmişdi. Kərim şəhərdə olanda Səlim hər iki məhəlləyə nəzarət edirdi. Kərimin evi dağın yamacında, Səlimin evi isə çaylağa yaxın idi.



Kərim həmişə kəndə gələndə ilk öncə qardaşı Səlimi və onun ailəsini ziyarət etdikdən sonra, öz evinə gedərdi. Kərim bu səfərində də ilk öncə qardaşını və onun ailəsini ziyarət edib, yaxşı samovar çayı qonaqlığından sonra əziz qardaşı ilə birgə evlərinə qalxırlar.



Kərim və ailəsi hər gün səhər yeməyini yedikdən sonra qardası Səlimgilə düşüb, gün ərzində görüləcək işləri birlikdə görürdilər.



Kərim qardaşı ilə bağda ot çalıb, kölgədə su içib dincələn zaman, çəpər qonşusu Salman kişi yadına düşür. Qardaşı Səlimə üzünü tutaraq, deyir:

– Qardaşcan Salman kişigilin darvazalarında qıfıl var idi?



Səlim gülümsəyərək deyir:

– Kərimcan, Salman kişi şəhərdəki evini satıb, oğluna ikiotaqlı mənzil alıb. Qalan pula da kənddə qardaşının bağında hər bir şəraiti ilə ev tikib, xanımı ilə yaşayır. 50 ədəd qoyun alıb, qatıb qardaşının qoyunlarına. İndi yaylaqdadırlar. Sərinlər düşəndə qayıdacaqlar.

Salman qardaşı kimi çox zəhmətkeşdir. Baxsan deməzsən ki, vəzifə adamı olub. Çox sadə, mehriban və imanlı insandir. Xumsunu, zəkatını verən. Qurban bayramında qurbanını kəsir, fitrəsini də bayram namazına qədər ehtiyaclı insanlara çatdırır. Yaxşı avazla Quran da oxuyur.



Kərim gülümsəyərək deyir:

– Hə, qardaş, torpaq adamı çəkir. Gec-tez insanlar doğulduğu yerə can atır. Bircə onu yaxşı bilirəm ki, insan olan kəs harada yaşadığından, hansı qulluqda olduğundan asılı olmayaraq, gərək Allahın rəhmətindən uzaq düşməsin. Bir gün Allah qarşısında verəcəyi hesabı unutmasın. Nəfsi ona hakim olmasın.



Qardaşlar günorta azanına qədər bağda çalışıb, azana yarım saat qalmış evə qayıdıb, dəstəmazlarını alırlar. Namazlarını qıldıqdan sonra günorta yeməyini yeyib, dincəlməyə gedirlər.



Səhəri gün iki qardaş səhər yeməyini yeyib, bazarlıq etmək üçün marketə gedəndə “Mersedes” markalı maşın yanlarından sürətlə keçib gedir. Aləmi toz basır.



Kərim toz çəkiləndən sonra qardaşına təəccüblə baxaraq deyir:

– Bu hörmətsiz mövcudat kimdir belə, belə bir yolda, kəndin içində bu cür maşın sürür?!



Səlim gülümsəyərək:

– Sən onu yaxşı tanıyırsan. Qabaqlar ona “Zapı Səməd” deyərdilər. İdarənin yanında balaca bir aptek budkası vardı. Adamı uzaqdan görəndə maşını saxlayıb, iki əllə görüşərdi. İndi budka həmən budkadı. Amma maşın o maşın deyil. Gördüyün “Mersedes” – “S klass”dı. Adına da “Zapı Səməd” yox, “Maska Səməd” deyirlər.



Səlim başını tərpədərək sözünə davam etdi:

– Gündə bir oyun çıxardırlar! Gah “quş qiripi” oyununu oynadılar. Sonra “donuz qiripi”nə keçdilər. İndi də Coviddi, Koviddi, nə bilim nə zibildi. Arxasına da bir nömrə yapışdırıblar. Bir onu bilirəm ki, insanabənzərlərin, insanlığa qənim kəsilənlərin bir oyunudur. Arada insanlar əziyyət çəkir.

5-6 nəfərlik bir ailəyə 190 manat pul verilir. Hansısa bir məmur yuxuda nə görürsə, onu da insanlara qarşı tətbiq edirlər. Bu oyunlar davam etdikcə, “Zapı”lar “Mersedes” olur, “Mersedes”lər də vertolyot.



Kərim qardaşının dediklərinə razılığını bildirərək:

– Düz deyirsən, qardaş, arada insanlar əziyyət çəkir. Cibi bir az qalınlaşanda özünü insanlardan üstün tutan mövcudatlar haqqında Həzrət Əli (ə) çox gözəl buyurub: “Əvvəli bir nütfə, sonu isə leş, bu ikisinin arasında isə nəcasət kisəsi olan insan övladının belə təkəbbürlü olmasına heyrət edirəm”...

Dolursan, boşalırsan. Axı nəyinə qürrələnirsən, ay bədbəxt! Biz insanların Hesab Gününə 0, 001% inamımız olsaydı...



Səlim başını tərpədərək:

– Düz deyirsən, Kərimcan. Allah bizi bir an belə nəfsimizlə baş-başa buraxmasın. Bizi rəhmətindən kənarda qoymasın. Nəzərini bir an belə bizdən çəkməsin. Yoxsa məhv olarıq qardaş...



Hər iki qardaş bu duaya “Amin!” deyir.



Əmmar Yasir,

“Dəyərlər”in oxucusu

Paylaş
Xəbər lentİ