Əmisi yemək vermədi, acından kirpikləri töküldü – Kimsəsiz ölən "Məzi" haqda BİLMƏDİKLƏRİMİZ

Oxunma sayı: 200
28-06-2022, 23:10

Əmisi yemək vermədi, acından kirpikləri töküldü – Kimsəsiz ölən "Məzi" haqda BİLMƏDİKLƏRİMİZ
Bir insan düşünün, əvvəlcə atasını sonra anasını itirir, əmisi onu himayəsinə götürür, daha sonra qardaşını, ardınca bacısını itirir. Bu azmış kimi fələk ona sonuncu qardaşını da çox görür... Əmisi bir qarın yeməyə görə ona olmazın əzablar verir...


Biri var idi, uşaqlığını böyük, böyüklüyünü uşaq kimi yaşayan, ömür boyu hər kəsi güldürüb özü bir təbəssümə həsrət dünyadan köçən əməkdar artist Elçin Həmidov...

Əksərimizin “Məzi” kimi tanıdığı Həmidov Elçin Qəzənfər oğlu 1958-ci il iyunun 29-da Bakıda anadan olub. Uşaq yaşından əvvəlcə atasını, sonra anasını itirib. Elçini və bacı-qardaşlarını əmisi himayəsinə götürüb.

Elçin əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Valideynlərinin itkisindən özünə gəlməyə macal tapmayan Elçin yeniyetməlik yaşında əvvəlcə bir qardaşını, daha sonra bacısını və o biri qardaşını itirir. Əmisi evində yaşadığı zaman evin ən ağır işlərini ona gördürürlər, doyunca yeməkdən məhrum olunurmuş. Elçin Həmidovun öz sözlərinə görə, uşaqlıqda o qədər ac qalıb ki, vitaminsizlikdən kirpikləri tökülürmüş.

Əvvəllər kuryer, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işıqçı, fəhlə işlərində çalışır. Bir müddət sonra isə yaxşı səsi olduğu üçün teatrda xor artisti vəzifəsində çalışmağa başlayır. 1977-ci ildə İncəsənət İnstitutunun «Dram-kino aktyoru» fakültəsinə daxil olur.

1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında artist-vokalist kimi fəaliyyət göstərir. İstedadı və bacarığı sayəsində Elçin Həmidov az vaxt ərzində klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaratmağa nail olur. Əsl bariton və soprano səsə malik olub. Tamaşalardakı çox musiqiləri özü ifa edib. Eyni zamanda komediya filmləri, televiziya tamaşalarında da unudulmaz obrazlar yaradıb.

Elçin uzun illər axtardığı populyarlığı KVN teatrında tapır. Qısa zamanda onu bütün Azərbaycan tanıyır. Dostları deyir ki, parkda gəzəndə hamı onu tanıyırdı. Amma o özü hər kəsə salam verirdi, üzünə baxan hər kəsi salamlayırdı. Deyirdi ki, mən onların sayəsində tanınıram. O, KVN teatrında özünəməxsus parodiyaları ilə də yadda qaldı. Flora Kərimovanı, İlhamə Quliyevanı, Gülşən Qurbanovanı yüksək səviyyədə parodiya etməyi bacarırdı.

Elçin Həmidovun “Bakılı oğlanlar” komandasında yaratdığı bir obraz əslində elə öz uşaqlığına, öz taleyinə aid idi: yekə bir kişi uşaq karuselində oturub onlarla dövrə vurur. Məzi elə bir az da Elçin Həmidovun öz obrazı idi: normal uşaqlıq yaşamayan, hər kəsə inanan, saf, sadəlöhv...

Musiqili Teatrda bir çox aktyorlarla yanaşı Hacıbaba Bağırovla da yaxın dost olub. H. Bağırov ondakı istedada arxayın olaraq, öz rollarını belə ifa etmək üçün Elçinə həvalə edib. Bu təklifi eşidən aktyor elə bilib ki, Hacıbaba Bağırov onunla zarafat edir.

Biri var idi, uşaqlığını böyük, böyüklüyünü uşaq kimi yaşayan, ömür boyu hər kəsi güldürüb özü bir təbəssümə həsrət dünyadan köçən əməkdar artist Elçin Həmidov...

Əmisi yemək vermədi, acından kirpikləri töküldü – Kimsəsiz ölən "Məzi" haqda BİLMƏDİKLƏRİMİZ
Elçin Həmidov heç vaxt ailə qurmayıb. Buna səbəb isə onun ölüm qorxusu olub. Həmişə deyirmiş ki, ciddi bir qadınla ailə qurmaq istəyirəm, amma qorxuram. Ölüb gedəcəm, o qadın yazıq tənha qalacaq.

Aktyorun səhnədəki son rolu Qoqolun “Evlənmə” tamaşasında olub. Elçin tez-tez şəkər və təzyiqdən əziyyət çəkir, məşqlərdə rolun sözlərini unudub üzr istəyirmiş. Tamaşanın premyerasından sonra dostlarından xahiş edib ki, mən öz tamaşama son dəfə baxmaq istəyirəm. İki saata yaxın dinib danışmadan evlənmə tamaşasını diskdən izləyib.

Həmişə dostlarına deyirmiş ki, mən əlli yaşımı keçməyəcəm. Bizimkilər hamısı əlli yaşına qədər ölüb. Əlli yaşı keçsəm də, az sonra mənim ölümüm bağlı qapı arxasında olacaq və bundan sizin heç birinizin xəbəri olmayacaq. Gəlib qapımı döyəcəksiniz, açmayacam. Sındırıb içəri girəndə görəcəksiniz ki, ölüb ortalıqda qalmışam.

Ölümündən iki gün əvvəl dostları ilə telefonla danışır, onlara evdə tək qalmaqdan qorxduğunu, ürpəndiyini deyir. Martın beşində isə tamaşaya gəlmir. Təşviş keçirən adamlar onun evinə yollanırlar. Aktyor qapı və telefon zənglərinə cavab vermir. Qapını sındırmağa məcbur olurlar. Və aktyoru özü haqqında danışdığı amansız ssenariyə birə-bir uyğun şəkildə tapırlar. Elçinin nəşi elə dediyi kimi evin ortasında tapılır...

Elçin Həmidov bu qədər xəbərdarlıq etsə də yenə də heç kəs onun öz evində ölü tapılacağına inanmır. Ona görə onun 2 gün məşqə gəlməməsi belə kimsəni ciddi şübhələndirmir.

Məlum olur ki, duş qəbul edəndən sonra onun halı pisləşib, yıxılıb və komək edəcək kimsəsi olmadığından artıq yerindən qalxa bilməyib.

Beləliklə, kimsəsiz böyüyən Elçin Həmidov 2011-ci il martın 4-də 52 yaşında elə kimsəsiz də dünyadan köçür. Bizə isə onun məsum və yazıq siması, bir də özünəməxsus obrazları qaldı...

Paylaş
Xəbər lentİ