31 Mart Azərbaycanda soyqırım günüdür.

Oxunma sayı: 68
31-03-2024, 15:06

31 Mart Azərbaycanda soyqırım günüdür.
Tarixən Azərbaycan xalqının başı çox bəlalar çəkib.Əsrin əvvəllərində Azərbaycan xalqına qarşı tərədilən soyqırımı bu gün də davam etməkdədir.Bu barədə biraz sonra...
Nədən baş verdi bu soyqırımı,nə idi ermənilərdə Azəri türklərinə qarşı nifrət yaradan?
Birinci Dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni daşnak və bolşevik dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoydular. Şərqi Anadoluda mülki türk-müsəlman əhaliyə qarşı törətdikləri qırğınlar üçün cəzasız qalmayacaqlarından qorxan erməni daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Bu zaman anarxiyanın hökm sürdüyü regionda Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər.

Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri yolboyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi.

Kütləvi qırğınların, soyqırımlarının coğrafiyası geniş olub, 1917-ci ilin payızından etibarən Cənubi Qafqazda – tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasını - indiki Ermənistan Respublikası ərazisini, Cənubi Azərbaycanı, Tiflis quberniyasının Borçalı qəzasını və indiki Azərbaycan Respublikası ərazisini əhatə edirdi.

Erməni silahlıları tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınların ən qanlı günləri 1918-ci ilin martında oldu. Martın 30-da axşamüstü S.Şaumyan başda olmaqla Bakı Soveti və erməni daşnak dəstələri tərəfindən dinc türk-müsəlman əhaliyə qarşı soyqırımına başlanıldı və bu soyqırımı bütün əyalətləri bürüdü.
Hazırda bu gün 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Bu tarixdə 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsi anılır.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir.
1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqaz tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi idarəetmə komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı.
1992-ci ilin fevral ayında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq, bir milyondan artıq soydaşımız erməni qəsbkarlar tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb çadırlarda yaşamağa məhkum edilmişdi. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.
Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və hazırda azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.

31 Mart Azərbaycanda soyqırım günüdür.

Hüsniyyə İbrahimova,Sumqayıt şəhər 25 saylı
tam orta məktəbin ingilis dili müəllimi

"Dünyanı qoruyaq soyqırımlardan”

Soyqırım haqqında düşünəndə mən,
Dilimdə söz donur, damarımda qan.
Bir ağrı, inilti keçir içimdən,
Bəlalar çəkmişik soyqırımlardan.

Kədərdi, əzabdı, qorxuncdu, bəddi,
Sinə də qovrulan dərddi soyqırım.
Gözləmir qanunu, gözləmir həddi,
Gavur ermənidi- şərdi soyqırım.

Adı Şaumyandı, soyadı Vazgen,
Yurdumda daş üstə daşı qoymadı.
Təkqulaq cəlladdı- geni həmən gen,
Türk qanı tökməkdən dinsiz doymadı

Aşkarda, daldada illər boyunca,
Döndərdi səmtini çayların, gölün.
Qılıncla dəyişdi adın, soyun da
Əsir götürdüyü obanın, çölün.

Talandı neçə yol Naxçıvan, Gəncə,
Od tutdu Şamaxı Bakıya qədər.
Uşağı, qocanı öldürüb öncə,
Tarixə əbədi əkdi qəm-kədər.

Döndü qasırğaya torpağımızda,
Evlərin, qəlblərin çırağı söndü,
Yaman qəddar oldu Xocalımızda,
Bütün soyqırımlar yalana döndü.

Soyqırım haqqında danışanda mən,
Dilimdə söz coşur, damarımda qan.
İçimə bir haray dolur qeybdən:
Dünyanı qoruyaq soyqırımlardan! (İbrahim Yusifoğlu)

Paylaş
Xəbər lentİ