"Bunu etsək Ermənistan, Rusiya bizə gülər" – Azərbaycan gömrüyündən şikayətçi türkiyəli TIR sürücüləri – VİDEO

Oxunma sayı: 321
4-05-2021, 03:06

"Bunu etsək Ermənistan, Rusiya bizə gülər" – Azərbaycan gömrüyündən şikayətçi türkiyəli TIR sürücüləri – VİDEO
“Hazırda bizim sektorda söhbət gəzir ki, 100 TIR gedək Gürcüstana, biz bu pulu vermirik deyib, Azərbaycan sərhəddindən keçək. Görək nə edirlər, bizi həbs edəcəklər? Biz də deyirik ki, bunu etməyin, buna Ermənistan, Rusiya gülər”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri, Türkiyənin Beynəlxalq Çatdırılma Dərnəyinin (UND – Uluslararası Nakliyeciler Derneği) Strategiya və fəaliyyətin inkişafı sektorunun rəhbəri Fatih Şener, türkiyəli tır sürücülərinin Azərbaycan gömrüklərində onlardan 600-700 dollar kimi qeyri-qanuni ödənişlərin tələb edilməsi ilə bağlı iddiaları barədə “Azadlıq radiosu”na danışarkən zamanı deyib. O bildirib ki, dəfələrlə Azərbaycanın rəsmi qurumları ilə müzakirələr zamanı da bu məsələləri qaldırıblar. Onun sözlərinə görə, Azərbaycan gömrüyündə 600 avroya qədər rüsum tələbi ancaq Türkiyə nömrə nişanı olan yük maşınlarından alınır. Fatih Şener deyib ki, illərdir sürücülər buna birtəhər dözüb, amma daha bıçaq sümüyə dirənib və Azərbaycandan keçən sürücülər bu problemlərin həllini tələb edirlər:
“Türkiyənin bəzi daşıyıcı şirkətləri sırf Azərbaycanda bu miqdarı ödəməmək üçün gedib Gürcüstanda şirkət qurdular. Bizim bəzi üzvlərimiz var ki, onların 10 TIR-ı Türkiyə, 5 TIR-ı Gürcüstan nömrə nişanlıdır. Bakıya getmək üçün İstanbuldan yükünü yükləyir, Gürcüstan nömrə nişanlı yük avtomobilləri 600-700 dollar daha çox pul qazanır. Buna görə də bu insanlar məcbur gedib Gürcüstanda şirkət qururlar, orada insanları işə cəlb edirlər, Gürcüstana vergi ödəyirlər. Bu mövzu hər zaman belə idi. Bu günə qədər dedik ki, azərbaycanlı qardaşlarımıza bu miqdarı ödəyək. Ən sonunda, Türkmənistan sərhədləri bağlandıqdan sonra Rusiyaya gedən TIR-ların (Qazaxlstana getmək üçün) 30 gün gözlədilmələri bıçağın sümüyə dayanmasına gətirib çıxardı və biz bunu dilə gətirməyə başladıq”.
F. Şener deyib ki, bu problemlərə görə bəzi sürücülər Qazaxıstana getmək üçün qısa yolu qoyub Rusiyadan gedirlər. O bildirib ki, son bir aydır onlar sərhəddə həftələrlə gözlədiliblər. Bundan sonra sürücülərin etirazı başlayıb:
“Deyirik ki, qayıdın Azərbaycana keçin. Deyirlər ki, Azərbaycana addımını atan kimi bu pulları ödəyirsən. Bizim belə bir qazancımız yoxdur ki, 600-700 dollar ödəniş edək. Bu TIR-lar üçün 3 dəhliz var. Biri ucuz və asan başa gələn cənub dəhlizidir ki, İran və Türkmənistan üzərindən gedir. Biri ortadan keçən dəhlizdir ki, bu da Gürcüstan, Azərbaycan və Xəzər dənizi üzərindən keçir. Digəri də bizə görə şimal dəhlizidir ki, burada da Gürcüstandan Rusiyaya girib, Rusiya üzərindən Qazaxıstana gedirsən. Hətta bir dəhliz var ki, Bakı dəhlizi olduğu halda sürücülərimiz ondan da istifadə edirlər. TIR-lar gəmi ilə Ukraynaya gedir, oradan Rusiyaya keçib Qazaxıstana gedirlər. Halbuki, Azərbaycan dəhlizi ən qısa olanıdır. O qədər vaxt və məsafəyə baxmayaraq o dəhliz belə Azərbaycan dəhlizindən daha ucuz başa gəlir”.

Qeyd edək ki, aprelin 30- da türkiyəli yük maşını sürücülərinin şikayətinə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) də münasibət bildirib və iddiaların əsassız olduğunu açıqlayıb. DGK bildirir ki, qeydiyyatda olduğu ölkədən asılı olmayaraq gömrük-sərhəd keçid məntəqələrində yük nəqliyyat vasitələrindən qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin alınması, onların sürətli keçidinə maneələr yaradılması və ya yubadılması ilə bağlı iddialar isə tamamilə əsassızdır:
“Üstəlik Dövlət Gömrük Komitəsi gömrük-sərhəd keçid məntəqələrində yük nəqliyyat vasitələrindən qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin alınması, onların sərhədkeçmə prosesi zamanı yubadılması ilə bağlı iddiaları təqdim ediləcək konkret faktlar əsasında araşdırmağa, geniş ictimaiyyətə açıqlamağa hazırdır”.

Paylaş
Xəbər lentİ