Azərbaycanda bələdiyyə poliklinikaları, universitetləri yaradıla bilər - Deputat

Oxunma sayı: 151
9-04-2022, 17:13

Azərbaycanda bələdiyyə poliklinikaları, universitetləri yaradıla bilər - Deputat
Azərbaycanda ötən il bələdiyyələrin 90 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib, 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Səbəb isə yeyintilər olub.
Azərbaycanda bələdiyyə strukturu düz 23 ildir fəaliyyət göstərir. Bu illər ərzində qurum özü barədə müsbət imic formalaşdıra bilməyib. Zamanla bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunvericilikdə də dəyişiklik edilib, səlahiyyətləri artırılıb, amma faydası olmayıb. Çox təəssüf ki, bələdiyyə deyəndə ağlımıza ilk gələn nüans torpaq satan qurum olur. İndi isə belə bir təklif var ki, bu qurumun etibarını artırmaq üçün bələdiyyələrə ayrılan vəsait artırılsın.
Görəsən, bu addım, bu təklif nə qədər faydalı olacaq?
Arasdırma.info xəbər verir ki,məsələ ilə bağlı Bakupost.az -a millət vəkili Musa Quliyev açıqlama verib.
Deputat da düşünür ki, bələdiyyələr qarşıya qoyulan vəzifələri indiyə qədər lazımi səviyyədə yerinə yetirməyiblər:
“Şübhəsiz ki, bələdiyyə qurumu Azərbaycana lazımdır. Çünki bu yerli idarəetmə qurumudur, hakimiyyətin yerlərdə bir nümayəndəsidir. Eyni zamanda, demokratik yolla seçki keçirilən bir qurumdur. Bəs bələdiyyələr necə fəaliyyət göstərir, onlar öz vəzifələrinin öhdəsindən gəlirlərmi, indiyəqədərki fəaliyyətləri nə qədər qənaətbəxşdir? Əlbəttə, bu suallar ciddi müzakirə mövzusudur. Hesab edirəm ki, bələdiyyələr qarşıya qoyulan vəzifələri indiyə qədər lazımi səviyyədə yerinə yetirməyiblər. Düzdür, bələdiyyələrlə bağlı kifayət qədər zəngin qanunvericilik bazası yaradılıb. Amma yerlərdə səlahiyyətlərin bölünməsi məsələsində hələlik problemlər var. Mərkəzi idarəetmənin daha güclü olması səbəbindən yerli idarətmə strukturlarının fəaliyyəti görünmür”.

M.Quliyev kiçik bələdiyyələrin birləşdirilərək böyük bələdiyyələr yaradılması ilə bağlı təkliflərin olduğunu bildirib:
“Bələdiyyələr çox pərakəndə şəkildə fəaliyyət göstərir. Həddindən artıq çox bələdiyyələr var, bu da praktikada özünü doğrultmayıb. Ona görə də Milli Məclisdə müzakirələr vaxtı təkliflər səsləndirildi ki, kiçik bələdiyyələr birləşdirilərək böyük bələdiyyələr yaradılsın, həmçinin bələdiyyəyə seçilənlərin sayında məhdudiyyətlər müəyyənləşdirilsin. Həddən çox adamın orada olması effekt vermir, vergidən qazandıqları pullar da əməkhaqlarına xərclənir, faydalı bir iş görə bilmirlər”.

Millət vəkili bələdiyyələrə əlavə səlahiyyətlərin verilməli olduğunu vurğulayıb:
“Əlavə səlahiyyət vermək lazımdır ki, onlar yerli strukturları inkişaf etdirə bilsinlər. Bələdiyyə poliklinikaları, səhiyyə müəsssisələri, uşaq bağçaları, məktəbləri, hətta universitetləri yaradıla bilər. Yaxud yerli vergilərin çox hissəsinin yığılması bələdiyyələrə həvalə oluna bilər. Rayon səviyyəsində müəyyən təmir, yenidənqurma işlərinin aparılması üçün də bələdiyyələrə imkanların verilməsi bu gün müzakirə mövzusudur. Bələdiyyələrə imkan yaradılmalıdır ki, pul qazansınlar və hətta büdcəyə özləri pul versinlər. Bələdiyyəni saxlamaqdan ötrü nə qədər vəsait ayırmaq olar və bu proses neçə il davam etməlidir? Bu, əslində, bələdiyyə idarəçiliyinin məntiqinə də uyğun deyil. Artıq 23 ildir bələdiyyələr fəaliyyət göstərir. Bundan sonra büdcədən nə qədər dotasiya ayrılmalıdır ki, işlərini görsünlər? Ona görə daha çox faydalı, funksional, gəlirli və nəticəyə hesablanmış bir bələdiyyə siyasətinə ehtiyac var”.
Xatırladaq ki, ötən gün Milli Məclisin plenar iclasında bələdiyyələrin fəaliyyəti tənqid olunmuşdu.

Paylaş
Xəbər lentİ