İlham Əliyev: "Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir"

Oxunma sayı: 414
8-01-2020, 15:27

İlham Əliyev: "Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir"
“Balaxanı zibilxanası şəhərimizin havasını çirkləndirirdi. Onilliklər ərzində biz bu acı reallıqla üz-üzə qalmışdıq. Orada yandırılan zibilin tüstüsü bütün şəhərimizin səmasını zəhər kimi bürüyürdü”.

Arasdırma.info“Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə bağlı qəbul edərkən deyib.

Prezidentin sözlərinə görə, oranı da təmizlədik, müasir zibilyandırma zavodu, poliqon tikilibdir: “Çoxdandır ki, orada məişət tullantılarının çeşidlənməsi prosesi təşkil edilib və artıq bu zona ekoloji təmiz zonaya çevrilib. O əraziyə bitişik olan Böyükşor gölünün təmizlənməsi layihəsi də çox böyük əhəmiyyət daşıyır. Ora da vaxtilə ekoloji fəlakət zonası idi. Çünki sovet vaxtında oraya həm kanalizasiya, həm də lay suları axıdılırdı, eyni zamanda, oradan açıq səma altında neft anbarı kimi istifadə olunurdu. Böyükşor gölünün birinci hissəsinin təmizlənməsi hesab edirəm ki, şəhər üçün tarixi hadisədir”.

İlham Əliyev vurğulayıb ki, hazırda orada bir kilometr uzunluğunda bulvar salınıb və gölə quşlar da qonurlar: “Bu da onu göstərir ki, təmizlik tam təmin edilibdir. Mən digər sahələri də sadalaya bilərəm, onlardan biri də Qara şəhərdir. İndi bəzilərinin yadından çıxır ki, biz maşınla o yerdən keçəndə pəncərələri bağlayırdıq. Çünki tüstüdən, iydən dayanmaq mümkün deyildi. Biz Qara şəhəri Ağ şəhərə çevirdik. Hesab edirəm ki, bu da dünya miqyasında ən böyük və ən müasir standartlara cavab verən şəhərsalma layihələrindən biridir. Artıq orada çoxmənzilli evlər tikilir, ictimai zonalar yaradılır. Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir”.

Paylaş
Xəbər lentİ