İcra Hakimiyyətindən tender müəmması: 40 min manat kimə verilib? – FOTOFAKT

Oxunma sayı: 452
26-08-2020, 18:59

İcra Hakimiyyətindən tender müəmması: 40 min manat kimə verilib? – FOTOFAKT
Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub.
Arasdırma.info açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Lega LTD” MMC Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən keçirilən və ümumi dəyəri 49 min 533 manat olan kotirovka sorğusunun qalibi olub. Qalib şirkət Yeni Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov 41 və 72 ünvanında yerləşən qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsü və ərazinin təmizlənməsi işlərini həyata keçirəcək.
Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin maraqlı məqamlar var. Belə ki, tender müsabiqəsinin elanında göstərilir ki, kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 27.07.2020-ci il tarixinədək qəbul olunur. Tender müsabiqəsinin qalibi olan “Lega LTD” MMC isə qeyd olunan tarixdən cəmi 52 gün əvvəl – 05.06.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Tender müsabiqəsindən cəmi 2 ay əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
Tender müsabiqəsinin qalibi olan “Lega LTD” ilə bağlı maraqlı məqamlardan biri də odur ki, MMC-nin qeydiyyatda olduğu hüquqi ünvanda – Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov, ev 28. m. 28-də may-iyun aylarında daha 3 şirkət qeydiyyatdan keçib. Nizamnamə kapitalları 10 manat olan “E.L.M. Company” MMC 22.05.2020, “Xronika Qrup” MMC 29.06.2020, “Azernur LTD” MMC isə 30.06.2020-ci il tarixində dövlət qeydiyyatına alınıblar.
Onu da qeyd edək ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqələrində yeni yaranan şirkətlərin qalib elan olunması əvvəllər də bir-neçə dəfə qeydə alınıb.//Yeniavaz.com

Paylaş
Xəbər lentİ