Qurban Məmmədovun evinin dağıdılması kimin sifarişidir?

Oxunma sayı: 351
10-09-2020, 03:17

Qurban Məmmədovun evinin dağıdılması kimin sifarişidir?
Söküntünü həyata keçirən Nərimanov İcra Hakimiyyəti zənglərə cavab vermir…

Ələsgər Məmmədli: “Əslində, İcra Hakimiyyətinin o cür münasibəti vandal bir davranışdır”

Xəbər verdiyimiz kimi, İngiltərədə siyasi mühacir həyatı yaşayan “Azerifreedom” internet kanalının rəhbəri, tanınmış hüquqşünas Qurban Məmmədovun Nərimanov rayonu ərazisindəki evi iki gün əvvəl sökülüb. Söküntüyə isə birbaşa Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev və İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Nurlan Həsənov başçılıq edib. Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri əllərində məhkəmə qərarı olmadan söküntü aparıblar. Bunun qanunsuz olduğunu bildirən ev sahiblərinə isə söküntüdən sonra məhkəmə qərarının gətiriləcəyini bildiriblər.

Evin birinci və ikinci mərtəbəsini də darmadağın edən şəxslər, qalan hissəsini sökmək üçün ailəyə saat 12-yə qədər vaxt verib. Daha sonra Bakı şəhər İcra Hakimiyyətindən məsələyə münasibət bildirilib ki, “Məhkəmə qərarı olmadığı üçün hər hansı söküntüdən söhbət gedə bilməz”. Bakı Şəhər İcra Hakimiyyətinin açıqlamasından görünür ki, əslində, ortada nə məhkəmə qərarı, nə də hökümətin göstərişi var. Buradan isə belə görünür ki, Qurban Məmmədovun evinin söküntüsü hökümətlə bağlılığı olmayan şəxslərin marağına xidmət edən prosesdir.

Hurriyyet.org-a etibarlı mənbədən daxil olan məlumata görə, ölkə başçısının göstərişi ilə Qurban Məmmədovun evinin söküntüsü dayandırılsa da, hazırda təxribatçı qüvvələr tərəfindən evin partladılmasıyla bağlı iş gedir. Qurulmuş ssenariyə əsasən, ev partladıldıqdan sonra, bunu ev sahiblərinin “səhlənkarlığı” kimi təqdim edəcəklər.

Başqa bir məlumata əsasən, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov söküntünün həyata keçildiyi gün, səhər saatlarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotel”) ifadə verilməsi üçün dəvət edilmiş. Yalnız söküntü işləri bitəndən sonra buraxılıb.

Aldığımız informasiya ilə bağlı heç bir rəsmi açıqlama verilmədiyindən, ola bilər ki, Şahmar İbadovun “Bandotel”ə çağırılması ilə Qurban Məmmədovun evinin söküntüsü arasında hansısa bağlılıq var. Odur ki, istər Nərimanov İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun, istərsə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mövqeyini dərc etməyə hazırıq.

Sökünütü dayansa da, xüsusi xidmət orqanlarının əməkdaşları olduğu güman edilən mülki geyimli şəxslər hazırda da evin dörd tərəfində gəzərək müşahidə aparırlar. Maraqlıdır ki, bəs qanunsuz söküntünün arxasında dayanan kimlər, hansı qüvvələrdir?

Mövzuya hüquqi aspektdən münasibət öyrənmək üçün Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli ilə əlaqə saxladıq. O, Nərimanov İcra Hakimiyyətinin qanunsuz olaraq söküntü işi aparmasını vandal davranış adlandırdı:

Qurban Məmmədovun evinin dağıdılması kimin sifarişidir?
“Tikinti yalnız məhkəmənin qərarı əsasında sökülə bilər. Əgər tikinti qanunsuz olaraq sökülübsə, zərərçəkmişə dəyən zərər ödənilməlidir. Qanunsuz tikinti bir günə sökülə bilməz. Əgər tikinti qanunsuz başa gəlibsə, məhkəmə qərarını gətirməliydi. İcra Hakimiyyət iddia edirsə ki, tikinti qanunsuzdur, məhkmədə sənədləri mübahisələndirməliydi. Məhkmədə araşdırıb və bildirsə ki, həqiqətən də həmin sənədlər saxtadır, o zaman verilən qərarla sökülə bilər. Əslində, İcra Hakimiyyətinin o cür münasibəti vandal bir davranışdır”.

Hüquqşünas məhkəmənin qərarı olmadan polisin ora cəlb edilməsinin ayrıca bir cinayət olduğunu deyib. O, eyni zamanda polisin hadisə yerində olan jurnalistlərin xəbər toplamağına mane olmasına da münasibət bildirib və qanun pozuntusunun polis əməkdaşlarının inzibati qaydada məsuliyyətə cəlb olunmasını tələb etdiyini bildirib:

“Digər tərəfdən də məhkəmənin qərarı olmadan, polisi cəlb ediblər. Bu da ayrı bir cinayətdir. Bu artıq saləhiyyətləri aşmaq deməkdir. Məhkəmə qərarının icrasıyla bağlı problem yaranarsa, polis ora cəlb edilə bilər. Eyni zamanda, orda jurnalistlərin xəbər toplamağına mane olunması polis əməkdaşlarının inzibati qaydada məsuliyyətə cəlb olunmasını tələb edir. Bu da qanunsuz bir əmri, qanunsuz icra etməkdir. Ev sahibləri məhkməyə müraciət edib, öncəliklə həmin şəxslərin məsuliyyətə cəlb olunmasını və dəyən zərərin ödənilməsini tələb edə bilər. Əgər məhkəmə düzgün qərar çıxarmasa, o zaman Avropa Məhkəməsinə müraciət edə bilərlər”.

Mövzuyla bağlı Nərimanov rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlamağa çalışdıq. Hər zəngimizdə qurumun əməkdaşı bizi müxtəlif şəxslərə yönəltməyə çalışsa da, suallarımıza cavab ala bilmədik

Paylaş
Xəbər lentİ