“Çox sevinirəm ki, o, bu yaşda Qarabağın azad olunmasını gördü, bundan böyük mükafat yoxdu...”

Oxunma sayı: 271
24-03-2021, 06:36

“Çox sevinirəm ki, o, bu yaşda Qarabağın azad olunmasını gördü, bundan böyük mükafat yoxdu...”
“Seyran mükəmməl bir yazıçıdır, bir az pərakəndəlik etdi, yoxsa çox möhtəşəm əsərlər ortaya qoya bilərdi”

Bunu Moderator.az-a açıqlamasında şair Zakir Fəxri yazıçı Seyran Səxavətin doğum gününü təbrik edərkən deyib. O, yaxın dostunu bu münasibətlər təbrik edib:

“Seyran haqqında sonsuza qədər yazmaq mümkündür. Çünki əlli ildən çox dostluğumuz var. O, hansı nəfəsi alır, hansı fikrin içində olması, yəni bütün bunlar mənə doğmadır. Seyran mükəmməl bir yazıçıdır, bir az pərakəndəlik etdi, yoxsa çox möhtəşəm əsərlər ortaya qoya bilərdi. Ömrünün xeyli hissəsini siyasətə həsr etdi. Bu gün çox sevinirəm ki, Seyran bu yaşda Qarabağın azad olunmasını gördü. Mən elə başa düşürəm ki, ona bundan böyük mükafat yoxdur. Seyran dəyərli yazıçıdır, mütləq hansısa zamandasa qiymətini alacaq. O, bir tarixdir, onun bütün yazıları həmin dövrün tarixidir. Mənbə axtaranda mütləq Seyrana müraciət etmək lazımdır. O, həm də çox istedadlı bir şair idi, o, ədəbiyyata şair kimi gəlmişdi. Seyran adamı doyuran qələm adamıdır, qiymətli yazıçıdır. Onu hər gün təbrik etmək olar. Onu hardasa görürsənsə, hər gün yeni doğulmuş saymaq olar və təbrik etmək olar. Həzrət Əlinin bir sözü var, sual verirlər ki, bayram nə vaxtdır? Deyir ki, günahsız hər günün bayramdır. Seyran da əgər hər gün sağdırsa, demək ki, ad günüdür. Özünüz də bilirsiniz ki, şair yazanda ölür və sonra yenidən doğulur. Onun Allah taleyin yazıb, amma ona uzun ömür arzulayıram. Seyranın yazası çox şeyləri var. Allah qələminə qüvvət versin”.

Qeyd edək ki, yazıçı Seyran Səxavət 1946-cı il martın 23-də Füzulinin Yağlıvənd kəndində anadan olub.

Paylaş
Xəbər lentİ