Vətən müharibəsi zamanı hansı xarici ölkənin səfirliyi yaxşı işlədi? - Deputatlar ad çəkdilər

Oxunma sayı: 29
12-04-2021, 20:41

Vətən müharibəsi zamanı hansı xarici ölkənin səfirliyi yaxşı işlədi? - Deputatlar ad çəkdilər
44 günlük Vətən müharibəsi dövründə müxtəlif ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri məsələyə yanaşması, açıqlamaları diqqət mərkəzində idi. Bəzi ölkələrin Azərbaycanın haqq mübarizəsinə siyasi dəstək göstərməsi təqdirlə qarşılandı.


Bəs maraqlıdır, müharibə dövründə hansı ölkənin səfirliyi fəaliyyətini layiqincə yerinə yetirdi?


Arasdırma.info xəbər verir ki,Modern.az-ın əməkdaşı bu sorğunu Milli Məclisin bir neçə deputatına ünvanlayıb.


Elman Nəsirov müharibə dövründə ən çox Türkiyə ilə Pakistan səfirliklərinin fəaliyyətini yüksək qiymətləndirib:


“44 günlük Vətən müharibəsində Azərbaycan tarixi qələbəsini əldə etdi. Bu qələbənin 3 müəllifi var. Birinci Ali Baş Komandan cənab İlham Əliyev, ikinci onun yaratdığı şanlı Ordumuz və xalqımızdır. Təbii ki, qələbənin əldə edilməsində beynəlxalq tərəfdaşlarımızın xidmətini də qeyd etmək istəyirəm. Tərəfdaşlarımızın içərisində birinci yerdə qardaş Türkiyə gəlir. Türkiyənin Azərbaycandakı səfirliyinin fəaliyyətindən danışsaq, görərik ki, səfirlik də 7/24 rejimində işləyib. Türkiyə səfirliyi Azərbaycanın tarixi qələbəsinin təminatı ilə bağlı diplomatik informasiya dəstəyinin verilməsində çox böyük rol oynayıb.

Ümumiyyətlə, hansı dövlət Azərbaycanı müdafiə edibsə, o ölkənin səfirliyi də adekvat addım atıb. Müharibə dövründə bizim yanımızda olan ölkələrdən biri də Pakistandır. Eyni zamanda, səfirliyi də çox fəallıq göstərib”.


Asim Mollazadə qeyd edib ki, səfirliklərin fəaliyyətinə öz ölkələri qiymət verməlidir:


“Mən düşünürəm ki, səfirliklərin fəaliyyətinə qiyməti öz ölkələri verməlidirlər. Qeyd etmək istəyirəm ki, Azərbaycana tərəfdaş olan ölkələrin səfirlikləri müharibə dövründə fəal işləyiblər. Onların fəaliyyəti ölkələrinin siyasətini təzahür edir.

Biz isə Azərbaycanın yanında kimin olduğunu çox gözəl bilirik. Və bunu yüksək qiymətləndiririk”.


Sabir Rüstəmxanlı isə səfirliklərin fəaliyyətini yaxından izləmədiyini bildirib:


“Mən səfirliklərin fəaliyyətini yaxından izləmirəm. Bu sualı daha yaxşı Xarici İşlər Nazirliyi cavablandırar. Onu deyə bilərəm ki, Türkiyə, Pakistan, Ukrayna səfirlikləri, daha sonra Amerika Birləşmiş Ştatların səfirliyi də çox fəallıq göstərib”.

Paylaş
Xəbər lentİ