Prezidentin yeni təyin etdiyi nazir kimdir? - DOSYE

Oxunma sayı: 257
8-09-2021, 04:52

Prezidentin yeni təyin etdiyi nazir kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamına əsasən, Fərid Fazil oğlu Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilib.
Arasdırma.info yeni nazir barədə məlumatları təqdim edir:

Fərid Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub.

ƏTRAFLI
Twix
Fərid Qayıbov 1995-сi ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub.

1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib.

2014-cü ildə P.F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.

2021-ci ildə XXIV MEMOS İcraçı magistr proqramına (İdman təşkilatının idarə olunması üzrə icraçı magistr) qəbul olunub. Proqram Beynəlxalq Olimpiya Komitəsi, “Olimpiya Həmrəyliyi” və Avropa Olimpiya Komitələri tərəfindən dəstəklənir.

2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin anbarında işləyib.

2001-2003-cü illərdə ARDNŞ-nin “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışıb.

2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərib.

Bu illər ərzində Bakıda bədii gimnastika üzrə keçirilən 3 Dünya Kuboku (2003/04/05-ci illərdə) və 27-ci Dünya Çempionatının (2005) Yerli Təşkilat Komitələrinin işində, o cümlədən Bakıda idman gimnastikası üzrə Beynəlxalq Hakimlik kursunun (2007-ci il) təşkilində fəal iştirak edib.

2005-сi ildən 2006-cı ilə kimi AGF-nin Baş meneceri vəzifəsində çalışıb.

2006-cı ildə AGF-nin növbəti hesabat-seçki konfransında federasiyanın Baş katibi seçilib.

2006-2007, 2008-2009 və 2013-2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa Çempionatı (2007, 2009, 2014) üzrə Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsini daşıyıb.

2008-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 77-ci Konqresində (17-19 oktyabr, Helsinki, Finlandiya) həmin qurumun Şura üzvü seçilib (2008-2012-ci Olimpiya dövrü üzrə).

2010-cu il 25 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında Baş katib vəzifəsinə yenidən seçilib.

2012-ci ildə FIG-nin 79-cu Konqresində (25-27 oktyabr, Kankun, Meksika) yenidən həmin qurumun Şura üzvü seçilib.

2013-cü ildə Portoroj şəhərində (6-7 dekabr, Sloveniya) keçirilən Avropa Gimnastika İttifaqının 25-ci Konqresində həmin təşkilatın Vitse-prezidenti vəzifəsinə seçilib. Bununla əlaqədar olaraq FIG-nin Şura üzvlüyündən imtina edib.

2013-cü ildən Milli Olimpiya Komitəsinin (MOK) üzvüdür.

2013 və 2014-cü illərdə FIG Akademiyasının 1 (2013) və 2-ci (2014) dərəcələrinə aid bədii gimnastika üzrə məşqçilik kurslarının təşkilatçısı olub.

2014-2015-ci illərdə İlk Avropa Oyunlarına (Bakı-2015) test turniri xarakteri daşıyan 6 gimnastika növü üzrə Birgə Açıq Azərbaycan Çempionatının (2015) Yerli Təşkilat Komitəsində İcraçı Direktor vəzifəsini daşıyıb.

2014-2015-ci illərdə I Avropa Oyunları (Bakı-2015) çərçivəsində gimnastika növləri üzrə təşkil olunan yarışlarda məsləhətçi kimi fəaliyyət göstərib.

2015-ci il 24 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında Baş katib vəzifəsinə yenidən seçilib.

2015-2016-cı illərdə Bakıda 2016 və 2017-ci illərdə təşkil olunmuş İdman Gimnastikası üzrə FIG Dünya Kuboku (AGF Trophy, 2016-cı ildə “Challenge” seriyasına aid), Bədii Gimnastika üzrə FIG Dünya Kuboku (AGF Trophy) və Batut Gimnastikası üzrə FIG Dünya Kubokunun (AGF Trophy) Yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsini daşıyıb.

2016-2017-ci illərdə Bakıda FIG-nin Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik və Beynəlxalq Hakimlik Kursları, Kişi İdman Gimnastikası üzrə Beynəlxalq Hakimlik Kursları (2017), FIG Şurası (2017), 4-cü İslam Həmrəyliyi Oyunları (2017) çərçivəsində gimnastika yarışlarının yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsini daşıyıb.

2003-cü ildən etibarən bədii gimnastika, kişi idman gimnastikası, tamblinq və akrobatika gimnastikası üzrə, 2013-cü ildən isə qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikası üzrə idman yarışlarının həm yerli, həm də beynəlxalq səviyyədə keçirilməsində böyük təcrübəyə malikdir.

Avropa Gimnastika İttifaqı və FIG Konqreslərinin iştirakçısı; Olimpiya Oyunlarının (Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətlərinin başçısı, 2014-cü ildən, 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa Çempionatlarında Apelyasiya Hakimlər Briqadasının Prezidenti olub(təyinata əsasən).

2017-ci il 1-2 dekabr tarixlərində Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci hesabat-seçki xarakterli Konqresində bu qurumun prezidenti seçilmiş və prezident seçilməsi ilə əlaqədar, federasiyanın Baş katibi vəzifəsindən istefa verib. 2018-ci ildən UEG-də prezident səlahiyyətlərini icra edir və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvüdür.

Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olub.

2019-cu ilin mart – may aylarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdmanın Beynəlxalq İdarəetmə Sistemi və Olimpiya Hərəkatı” fənni üzrə mühazirə deyib.

2020-ci ilin sentyabr – oktyabr aylarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İdman Menecmenti fakültəsinin magistr dərəcəsi üzrə tələbələrinə tədqiqat, kommunikasiya və innovasiya üzrə təcrübə modulunu tədris edib.

2016-cı ildə FIG-nin 81-ci Konqressində (Tokio, Yaponiya) həmin qurumun şurasına iki dəfə (2008 və 2012) üzv seçildiyi üçün FIG-nin bürünc medalına layiq görülüb.

2017-ci ildə Bakıda keçirilmiş FIG-nin 17-ci Şura iclasında həmin qurum tərəfindən “Fəaliyyətin qiymətləndirilməsi” medalı ilə təltif olunub.

2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Evlidir, iki oğlu, bir qızı var.
//olke.az

Paylaş
Xəbər lentİ