Kirayə satılacaq evlərlə bağlı daha bir problem: Əvvəldən 1 illik ödəniş kimin cibinə uyğun olacaq?

Oxunma sayı: 482
26-11-2019, 12:08

Kirayə satılacaq evlərlə bağlı daha bir problem: Əvvəldən 1 illik ödəniş kimin cibinə uyğun olacaq?
Gələn ayın ikinci yarısından satmaq öhdəliyi ilə veriləcək kirayə mənzillərə müraciət başalanır.

Bəs bu layihə vətəndaşların ümidlərini doğrulda biləcəkmi? İpoteka və güzəştli ipoteka ala bilməyən, sosial mənzillər üçün qoyulan şərtlərə uyğun gəlməyən evsizlər, layihədən yararlanaraq mənzil sahibi ola biləcəklərmi?

Xatırladaq ki, mexanizmə əsasən, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən vətəndaşlara tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə mənzillərin kirayəyə veriləcəyi nəzərdə tutulur. Kirayə müqaviləsi 3 ildən 25 ilədək bağlanıla bilər. Müqavilə bağlanıldıqda kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir.

Qaydanın tələblərinə əsasən, kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir. Lakin sonrakı dövrdə mənzilin alış qiymətini vaxtından qabaq ödəyən vətəndaşlar üçün Fond tərəfindən alış qiymətinin məbləğində güzəştlərin tətbiqi nəzərdə tutulur. Mənzillərin daha çox Bakının “Qara Qarayev”, “Neftçilər”, “Əhəmədli” stansiyalarının ərafında təklif olunacağı gözlənilir. Bu kimi ərazilərdə hündürmərtəbəli və təminatlı mənzillərin qiymətləri heç də ucuz deyil. Buna əsasən, 12 aylıq ödənişinin ən azı 5000-6000 manat təşkil edəcəyini demək mümkündür. Amma ölkədə nağd olaraq bu ödənişi vermək iqtidarında olmayanların sayı az deyil.

Belə olduğu təqdirdə şərtlər, xüsusilə 12 aylıq ödənişin qabaqcadan ödənilməsi tələbi aztəminatlı vətəndaşları qane edəcəkmi?

Arasdırma.info xəbər verir ki.İqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasına bildirib ki, layihənin vətəndaşların ümidlərini doğruldacağını gözləmir:



“Əgər söhbət kirayə haqqını ödəməyə çətinlik çəkən vətəndaşların həyat səviyyəsini yaxşılaşdırmaqdan gedirsə, hesab edirəm ki, bu layihə ona xidmət etməyəcək. İlkin olaraq seçilmiş binalar üçün qoyulmuş tələblərə diqqət etmək lazımdır. Qaz, su, işıq təminatı olmalı və təklif olunan mənzillər təmirli olmalıdır. Bu şərtlərə cavab verən mənzillərin Bakı şəhərinin mərkəzində kirayə qiymətləri kifayət qədər yüksəkdir. Ən yaxşı halda bu tələblərə cavab verən 1 otaqlı mənzilin kirayə haqqı 400-450 manatdır, tələb olunan 12 aylıq vəsait də yüksək olur. Nəzərə almaq lazımdır ki, vətəndaş bu pulu çətinliklə tapıb versə belə, sonrakı mərhələdə həmin mənzildəki şəraitlə razılaşıb-razılaşmayacağı bəlli deyil. Məlumdur ki, kirayədə yaşayan vətəndaşlar onun əlverişli olub-olmadığını orada bir neçə ay yaşadıqan sonra müəyyən edə bilirlər. Məsələn, əvvəlcədən bir illik ödənişi ödənilən mənzilin 2 aydan sonra, su, qaz və ya elektrik təminatında uzunmüddətli fasilələr yaranır, mənzilin su borularının və ya elektrik xətlərinin yararsız olduğu məlum olur. Təəssüf ki, bu zaman vətəndaş 12 aylıq ödənişi geri ala bilmir. Fond tərəfindən qoyulan şərt belədir ki, bu məbləğ geri qaytarılmır”.

İqtisadçı hesab edir ki, bu şərt vətəndaşlar üçün ilkin mərhələdə keçilməz baryer yaradır:

“Hesab edirəm ki, vətəndaşa təklif oluna bilər ki, kirayə qaldığı müddətdə pulları aylıq ödəyəcəksə, bir ildən sonra onunla müqavilə bağlansın. Digər tərəfdən, vətəndaş mənzildən imtina etdiyi halda, 12 aylıq ödənişin geri qaytarılmaması ilə bağı məsələ də vətəndaşların sosial və hüquqi haqları nəzərə alınmayıb. Yaxşı olardı ki, məsələyə yenidən baxılsın və bu şərt aradan qaldırılsın”.

Paylaş
Xəbər lentİ