Tikinti şirkətlərində hələ də mənizl sahələri “şişirdilərək” vətəndaşlara satılır: çıxış yolu nədir...

Oxunma sayı: 341
6-08-2021, 01:09

Tikinti şirkətlərində hələ də mənizl sahələri “şişirdilərək” vətəndaşlara satılır: çıxış yolu nədir...
Yeni yaşayış binalarından mənzil alan şəxslərin vaxtaşırı narazı qaldığı məqamlardan biri də mənzillərin sahəsi ilə bağlıdır. Əksər belə şəxslər iddia edirlər ki, yaşadıqları sahə müqavilədə göstəriləndən azdır. Mənzil sahəsi ilə bağlı belə ziddiyyətlərdən daha çox qazanan isə tikinti şirkətləridir.

Qeyd edək ki, tikinti şirkətləri mənzillərin sahəsini hesablayan zaman çöldən öçmə aparırlar. Yəni sahəyə çöl divarların, arakəsmələrin, sütünların altında qalan və şaxtaların tutduğu sahələr “şişirdilərək” daxil edilir. Girintili-çıxıntılı mənzillərdə sahəni dəqiq hesablamaq çətinləşir. Alıcılar bildirir ki, tikinti şirkətinin müqavilədə göstərdiyi sahə ilə razılaşmaqdan başqa seçimləri olmur. Mənzillərə çıxarış (“kupça”) alan zaman isə çıxarışda göstərilən sahə müqavilədə göstərilən sahədən çox aşağı olur. Düzdür, çıxarış verilən zaman eyvanın sahəsi 0,3 əmsalına vurulduğundan mənzilin sahəsi müqavilədə göstəriləndən aşağı olmalıdır. Amma daha bu fərq 10-15 kvdratmetrə çatmamalıdır. Hələlik tikinti şirkətlərinin yaratdığı bu problemi tam həll etmək mümkün görünmür. Tikinti şirkəti üçün bu maddi baxımdan “sərfəli” olsa da, mövcud durum qanunvericiliyin pozulmasına və nəticə etibarı ilə vətəndaşın aldadılmasına gətirib çıxarır. Belə ziddiyyətlər fonunda İqtisadiyyat Nazirliyi çoxmənzilli binalardakı mənzillərin ümumi sahəsinin hesablanması qaydasını açıqlayıb.

Burada qeyd edilir ki, çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2012-ci il 4 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” qaydalarına uyğun olaraq aparılmalıdır. Müvafiq qaydalara əsasən, mənzillərin ümumi sahəsi - yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də eyvan, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Qaydalara əsasən yaşayış binasında otaqların və digər ərazilərin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər ərazilərin sahələrinə daxil edilmir.

Qaydalara əsasən, balkon və terrasların sahələri, şüşəbənd və lociyalar, eyvanlar (verandalar) hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, balkon və terrasların sahələri - 0,3, şüşəbənd və lociyalar - 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil olunur. Eyvanların sahələri azaldılmadan mənzilin ümumi sahəsinə daxil edilir. Bəzi hallarda vətəndaşlar arasında balkon və eyvanın fərqi ilə bağlı anlaşılmazlıq yaranır. Məlumat üçün bildirək ki, balkon - fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, eyvan - binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş ərazidir. Beləliklə balkon və terrasların sahələrinin 30 faizi, şüşəbənd və lociyaların 50 faizi, eyvanların (verandaların) tam sahəsi mənzilin ümumi sahəsinə əlavə edilməlidir. Nümunə üçün qeyd edək ki, balkonun sahəsi 10 kvadratmetr olduqda 0,3 azaltma əmsalı tətbiq edərək balkona dair 3 kvadratmetr sahə mənzilin ümumi sahəsinə əlavə olunmalıdır. Belə olan halda bəs ümumi sahə üzrə fərq necə yaranır? Yuxarıda qeyd olunduğu kimi, əksər tikinti şirkətləri tərəfindən çoxmənzilli binalardakı mənzillərin sahəsi bayır divarların üst səthindən ölçməklə hesablanır. Otaqlar və mənzillər arasındakı ara divarlar da ümumi sahəyə əlavə edilir, eləcə də qaydalara uyğun olaraq tələb olunan azaltma əmsalları tətbiq edilmir. Bunları nəzərə alaraq, mənzil sahibi olmaq istəyən vətəndaşlar seçdikləri mənzilin ümumi sahəsinin qaydalara uyğun hesablandığına əmin olduqdan sonra müqaviləni imzalamalı və ödənişi həyata keçirməlidirlər. Ümumi sahə üzrə çıxarış və müqavilədəki fərqi görən mənzil sahibi bununla bağlı tikinti şirkətinə müraciət edərək ödədiyi artıq pulu tələb edə bilər. Tikinti şirkəti qanunazidd formada hesabladığı sahə üzrə ödənişi geri qaytarmasa, mənzil sahibi pozulmuş hüququ ilə bağlı məhkəməyə müraciət edə bilər. Amma indiki halda vətəndaşlar buna getmir və nəticədə qazanan tikinti şirkətləri olur. Bununla belə, əksər vətəndaşlar hesab edir ki, bu sahədə cəzalar müəyyən edilməlidir. Əgər mənzilin müqavilədə göstərilən sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tələbləri nəzərə alaraq hesabladığı sahədən çox olarsa, tikinti şirkətinə və onun sahibinə qarşı cinayət işi açılmalıdır. Mənzilin sahəsində alıcını aldatmaq, sonra da olmayan bu sahəyə görə kommunal ödənişlər yığmaq cinayətdir. Cəzalar olarsa, tikinti şirkətləri də buna getməz

Paylaş
Xəbər lentİ